Korrupsioner məmur dağlara qaçdı - 20 avtomobillə onun dalınca düşüblər
Qonşu Dağıstanda casus-döyüş filmlərini xatırladan hadisələr baş verir. Virtualaz.org xəbər verir ki, Dağıstanın tibbi-sosial ekspertiza Bürosunun rəhbəri, respublika parlamentinin deputatı Maqomed Maxaçev mayın 31-də işdən azad edilib. Maxaçev həmin Büroya 2013-cü ildən başçılıq edirdi və hüquq-mühafizə orqanları onun saxta sənədlərlə yüzlərlə dağıstanlıya əlillik statusu verdiyini, nəticədə Rusiyanın Dövlət Pensiya Fonduna on milyonlarla rubl ziyan vurdğunu müəyyən ediblər.
Həmin gün onun evinə qəfildən güc strukturlarının əməkdaşları gedib, amma Maxaçevi evdə tapıb həbs etmək mümkün olmayıb. Məlum olub ki, korrupsioner məmur həbsdən yayınmaq üçün dağlara qaçıb.
Dağıstan KİV-lərinin yazdığına görə Maqomed Maxaçev beş illik fəaliyyəti ərzində həkimlərdən, tibb bacılarından, ekspertlərdən, başçılıq etdiyi büronun əməkdaşlarından və digərlərindən ibarət mütəşəkkil qruplaşma yaradıb. Həmin qruplaşma ildə yüzlərlə Dağıstan sakininə rüşvətlə saxta əlillik statusu verib. Deyilənlərə görə Maxaçevin sayəsində Dağıstanda sakinlərinin az qala hamısı əlil statusu daşıyan kəndlər yaranıb.
Müəyyən olunub ki, Maxaçev öz avtomobilində tələsik Mahaçqalanı tərk edib və doğma kəndinə- Tlyaratinsk rayonunun Mahaçqaladan 300 kilometr məsafədə yerləşən Qindib kəndinə doğru gedir. Güc strukturlarının əməkdaşları 20 avtomobillə onun dalınca düşüblər, amma kəndə çatanda məlum olub ki, Maxaçev orada da yoxdur və dağlara qaçıb.
Maxaçevin işi üzrə 200-ə yaxın şəxs şübhəli qismində istintaqa cəlb olunub. Həmin cinayət işi üzr bir neçə həftə əvvəl Tibbi-Sosial Ekspertiza Bürosunun bir neçə əməkdaşı həbs edilmişdi. Daha sonra istintaq Maxaçevin özünü də həbs etməyi qərara alıb, amma onu yaxalamaq mümkün olmayıb.
Şərhlər
Adamın üzündə həya varmış.Yoxsa bizimkilər kimi?
Adam məsuliyyət hiss edirmiş.Bizimkilər üzlərini qızardıb oturararlar. Kim onlara nə deyəcək ki? Hamısı dayı-bacıoğlu, yeznə-qayın,ata-oğul,dayı qızı-bibi oğlu,yerli və bu kimi əlaqəli.Kim onlara nə deyəcək?
Yəqin ki bizim Səlim Müslümovdan dərs alıb..