ABŞ SEÇKİNİN NƏTİCƏLƏRİNİ TANIMADI - “Seçkilər beynəlxalq standartlara cavab verməyib”

 

“Biz vəziyyəti dəyərləndirməyə davam edəcəyik və siyasətimizi nəzərdən keçirərək bundan sonra necə addım atacağımıza baxacağıq”

ABŞ Dövlət Departamenti Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisi ilə bağlı bəyanatla çıxış edib.Bu barədə Azadlıq Radiosu məlumat verib.

Dövlət Departamentinin sözçüsünün müavini Marie Harf tərəfində oktyabrın 10-da Vaşinqtonda səsləndirilən bəyanatda qeyd edilir ki, ABŞ davamlı olaraq Azərbaycan hökumətini seçkilərin azad və ədalətli keçirilməsini, ölkədə toplaşma, birləşmə, ifadə azadlıqlarını təmin etməyə çağırıb: ”Təəsüf ki, biz bu seçkinin beynəlxalq standartlara uyğun olmadığı qənaətinə gəlmişik.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Parlament Assambleyası oktyabrın 10-da özlərinin ilkin rəylərində Azərbaycanın ATƏT qarşısında öhdəliklərini yerinə yetirməsi baxımından bu seçkidə ciddi çatışmazlıqları vurğulayıb. ABŞ bu qiymətləndirmə ilə razıdır və ATƏT-in həmin narahatlıqlarını bölüşür”.

Dövlət Departamenti bu seçkidə çatışmazlıqlar kimi bəzi halları qeyd edir:

"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi kimi başqa etibarlı qeyri-hökumət təşkilatları da seçkidə ciddi problemləri qeydə alıb. Bu problemləri əsasən aşağıdakı şəkildə ümumiləşdirmək olar:

1. Seçki qutularının topa-topa bülletenlərlə doldurulması,

2. Səslərin sayılması zamanı ciddi problemlər,

3. Verilmiş səslərin düzgün sənədləşdirilməməsi."

Bəyanatda həmçinin vurğulanır ki, Azərbaycan hökuməti seçkiyə qədərki dövrdə də ölkədə repressiv siyasi mühiti saxlayıb. Davamlı olaraq hakimiyyət orqanları medianın, vətəndaş cəmiyyəti qurumlarının işlərinə müdaxilələr edib. Seçki kampaniyasından əvvəlki dövrdə və bəzi hallarda kampaniya zamanı dinc aksiyalarda zorakılıq edilib, bir sıra müxalifət və gənclər təşkilatları fəalları həbs edilib.

Eyni zamanda ABŞ Azərbaycan hökumətinin ATƏT-in müşahidəçilərinin rəylərində qeyd etdikləri bəzi konstruktiv cəhətləri də alqışlayır: “Burada Cəmil Həsənli və başqa bir neçə müxalifət namizədlərinin qeydə alınması, müxalifətin seçki mitinqlərinə icazə verilməsi, ATƏT-in seçkini müşahidəyə dəvət olunması və seçkinin texniki cəhətdə effektiv hazırlanması qeyd oluna bilər.

Demokratiya təkcə bir seçkidən daha böyük anlamdır. ABŞ Azərbaycan hökumətini dinc toplaşmaq, birləşmək və ifadə azadlıqlarını təmin etməyə çağırır. Biz bütün tərəfləri seçkidən sonrakı dövrdə təmkinli olmağa və zorakılıqlardan çəkinməyə çağırırq.

Biz Azərbaycan xalqına dəstək olmaq və bu ölkənin beynəlxalq ictimaiyyətin demokratik, sabit və firavan bir üzvü olması yönündə cəhdlərini dəstəkləmək öhdəliyimizə sadiqik.”

Mari Harf onu da əlavə edib ki, seçki günündən əvvəl Azərbaycan hökuməti siyasi repressiyalar atmosferi yaranıb: "Hakimiyyət mətbuata və vətəndaş cəmiyyətinə mane olub, seçki kampaniyası zamanı mitinq və nümayişlərin dağıdılması zamanı zorakılıqdan istifadə edib, bir sıra müxalif və gənc fəallar həbs edilib”, - Dövlət Departamentinin nümayəndəsi bəyan edib.

Daha sonra "Amerikanın Səsi"nin müxbiri bu bəyanatın Amerikanın-Azərbaycan əlaqələrinin gələcəyinə hər hansı təsirinin olub olmayacağını soruşub. Sözçü vəziyyəti dəyərləndirəcəklərini deyib:

“Biz vəziyyəti dəyərləndirməyə davam edəcəyik və siyasətimizi nəzərdən keçirərək bundan sonra necə addım atacağımıza baxacağıq”,- deyə ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf bildirib.

Xatırladaq ki, Azərbaycanda ötən gün keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə görə, İlham Əliyev səslərin 83 faizini qazanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar