“Hafiz Məmmədov çox hirsləndi və 10 milyonu vermədi” - Jerve Martel

Fransada “Hafka” kimi tanınan azərbaycanlı oliqarxın ötən il aldığı, ancaq bu il pul verməkdən imtina etdiyi “Lans” klubu ətrafında qalmaqal davam edir.

Virtualaz.org saytı Fransa KİV-lərinə istinadən xəbər verir ki, “Lans”ın prezidenti Jerve Martel yerli telekanallardan birinə müsahibəsində Hafiz Məmmədovun qəzəbləndiyini və 10 milyon avronu verməkdən imtina etdiyini açıqlayıb. “Mən bazar günü bunu “Lans”ın bir qrup azarkeşi ilə görüşümdə onlara dedim. “Lans” və mən bu 10 milyon avronu heç vaxt ala bilməyəcəyik. Hafiz Məmmədov hazırda DNCG-nin (Peşəkar Klublara Nəzarət Komissiyası) pulların dərhal hesaba köçürülməsi barədə tələbindən çox qəzəblidir” deyə o bildirib.

Xatırladaq ki, H.Məmmədov “Lans”ın yüksək liqada oynaması üçün klubun büdcəsinə 18 milyon avro verəcəyinə dair hələ may ayında sənəd imzalayıb. Lakin DNCG bunu yetərli hesab etməyib və həmin pulların azı 10 milyonunun iyunun 26-nadək “Lans”ın bank hesabına köçürülməsi şərtini qoyub. “Hafka” bu pulları köçürmədiyi üçün “Lans” yüksək liqaya buraxılmayıb. Jerve Martel deyib ki, H.Məmmədov 10 milyon avronun “Bank of Azerbaijan” tərəfindən köçürüləcəyinə dair təminat sənədi göndərib. Lakin bu sənəd yetərli hesab edilməyib.

“O hesab edir ki, ötən il 20 milyon avro ödənib. O hesab edir ki, birinci sorğudan sonra “Bank of Azerbaijan”ın adından 18 milyon avroluq maliyyə qarantiyasi verib. İndi isə qəzəblənib və son anda qərara alıb ki, bizə həmin 10 milyonu verməsin” deyə Jerve Martel bildirib. “Lans”prezidentinin dediyinə görə “Hafka”nın qəzəblənməsinə səbəb DNCG-nin ona etibar etməməsidir. “Mən indi çəkiclə mismar arasında qalmışam. Öz səhmdarıma çox hörmətim var, eyni zamanda Fransa Futbol Federasiyasına da hörmət edirəm. Biz bu vəziyyətdən çıxmaq üçün çalışırıq” Martel bildirib.

Fransa mediası yazır ki, Jerve Martel H.Məmmədovdan əlini üzərək “Lans”ın büdcəsinə heç olmasa 8 milyon avro tapmaq üçün başqa sponsor axtarır. Həmçinin Fransa mediası “Hafka”nın “Lans”ı necə aldatdığını və Jerve Martelin 10 milyon avronun niyə köçürülmədiyinə dair hər dəfə bir bəhanə uydurmasını lağa qoyur. Bildirilir ki, əslində H.Məmmədova məxsus “Bank of Azerbaijan” öz müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilmir və depozitləri geri qayrarmır. Bankın filiallarından bir neçəsi bağlanıb və bu səbədən “Bank of Azerbaijan”ın adından  verilmiş qarantiya ciddi hesab edilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar