SİQARET QADAĞASININ TÜSTÜ EFFEKTİ - Qanuna məhəl qoyan yoxdur!

İnsanlarımızın Milli Məclisin fəaliyyətindən razı qalması çox nadir hallarda müşahidə edilir. Belə hallardan biri "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun qəbulundan sonra müşahidə olundu. Qanunda deyilir ki, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə tətbiq ediləcək. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimələnəcək.

Təəssüf ki, özləri də siqaret çəkdiyi üçün hətta qanunun əleyhinə olan və mətbuatda bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışan deputatlar da oldu. Ancaq hər necə olsa da, pis-yaxşı, qanunu qəbul etdilər...

Əhalinin əksər hissəsi onu razılıqla qarşıladı və ümid etdi ki, nəhayət, ictimai yerlərdə siqaret və digər oxşar zərərli vasitələrin istifadəsinə son qoyulacaq. Ancaq qanunun qəbulundan yarım il ötməsinə baxmayaraq, onun tətbiqindən əsər-əlamət yoxdur. Yenə kafelərin, çayxanaların, restoranların və digər bənzər məkanların, sözün birbaşa mənasında, təpəsindən tüstü çıxır. Qanunu vecinə alan yoxdur.

Doğrudur, bu sənədin qəbulundan sonrakı ilk bir neçə gündə ictimai-iaşə obyektlərində ciddi dəyişikliklər müşahidə olunmağa başladı. Əksər obyektlərdə siqareti qadağan edən işarələr vuruldu. Obyekt sahibləri isə müştərilərdən qadağaya riayət etmələrini istədi. Doğrudan da bir müddət insanların belə yerlərdə özlərini və ətrafdakıları zəhərləməsi ənənəsinə ara verildi. Lakin çox keçmədi ki, əlahəzrət mentalitet və mədəniyyət səviyyəsi özünü biruzə verməyə başladı. "Qılınc müsəlmanı" ifadəsinin hər zaman aktuallığını saxlamasına xidmət edən bəzi hörmətli həmvətənlərimiz cəzasızlıq mühitini görüb, yenidən "tüstüləməyə" başladılar. İndi paytaxtımızda nisbətən elitar obyektləri çıxmaq şərtilə, əksər ictimai-iaşə müəssisələrində "tüstüləmək" azaddır. Doğrudur, bu obyektləri işlədənlər qanunun qəbulundan sonra qoyduqları qadağa işarəsini hər ehtimala qarşı saxlayıblar, lakin müştərilərinin "rahatlığını" təmin etmək üçün siqaretə görə onlara güldən ağır söz demirlər.

Bəs nə baş verir, hörmətli deputatlarımız bu qanunu niyə və kimin üçün qəbul etmişdilər? Və işləməyən qanunlar sırasına daha birinin əlavə olunmasına nə lüzum vardı?

Məsələ ondadır ki, yeni qanunla əlaqədar, İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilməsi zərurəti yaranıb. Burada cərimələrin dəqiq məbləği və sanksiyalar, eləcə də onları tətbiq edəcək icra orqanı müəyyən edilməli idi. Lakin nədənsə, qanunu qəbul edən Milli Məclis tezliklə İXM-ə də dəyişiklik və əlavə edilməsini təmin edə bilmədi. Həmin vaxt deputatlar mətbuata açıqlamalarında dedilər ki, bu dəyişiklik və əlavələr parlamentin yaz sessiyasında qəbul ediləcək. Ancaq göründüyü kimi, heç bir səs-soraq yoxdur, qanun yaddan çıxdı və onun tətbiqilə heç kəs maraqlanmadı.

Burada əsas problemlərdən biri odur ki, sözügedən qadağanı tətbiq edəcək icra orqanının adı məlum deyil. İlk olaraq, obyekt sahiblərinin cəzalandırılmasının Fövqəladə Hallar Nazirliyinə, ictimai yerlərdə siqaret çəkənlərin cərimələnməsinin isə polis orqanlarına tapşırılacağı deyilirdi. Ancaq göründüyü kimi, hələlik onların heç birinə belə səlahiyyət verilməyib. Bəzi məlumatlara görə isə, cəzalandırma səlahiyyətinin kimə verilməsilə bağlı qeyri-müəyyənlik var və məhz bu da qanunun tətbiqini yubadan əsas səbəbdir. Səbəbin nə olmasından asılı olmayaraq, nəticədə siqaret çəkməyən, ancaq başqasının "tüstüsünü udmağa" məcbur qalan sıravi vətəndaş əziyyət çəkir.

Yəqin parlamentdə oturan deputatların özləri də xarici ölkələrdə olarkən müşahidə ediblər ki, nəinki qapalı yerlərdə, bir çox ölkələrdə hətta açıq havada fəaliyyət göstərən yarmarkalarda və insanların çox olduğu digər məkanlarda belə kiminsə siqaret çəkdiyini görmək mümkün deyil. Bunun üçün xüsusi yerlər ayrılır və tütündən asılılığını heç cür tərgidə bilməyən insanlar öz ehtiyaclarını orada ödəyirlər. Sözsüz ki, əhalinin böyük əksəriyəti bu mənzərənin Azərbaycanda da müşahidə olunmasını və qanunun tezliklə tətbiqini çox istərdi. Ən azı ona görə ki, bu, təkcə insanların sağlamlığı və ətraf çevrə yox, həm də daxili mədəniyyət məsələsidir.

Və təəssüf ki, hələ də "qılınc müsəlmanı" adını qürurla daşıyan bir çox həmvətənimiz konkret qanun və cəza görmədən, öz xoşuna, özü ilə bərabər başqalarını da zəhərləmək şakərindən əl çəkməyəcək.

CƏLAL

AzPolitika.info

635x100

Şərhlər

Obyektiv 2018-06-12 00:26:05

Yoldashlar, guya (ishin bu yerinde) bu "qanun"un hech yeri idi ki?! Elimizin (bir chox "teze mentiqler"den ferqli) gozel atalar meseli var: Duzelmishdi her yaragimiz, qalmishdi saqqal daragimiz?! ILLerdir tormozlandirilan vacib problemlerin helli qalib bir terefde, 1-2 ildi bu "siqaret oyunu" atilib ortaya.. Sosial-iqtisadi duyunler hell olunsa, (Oqtayin da sozune quvvet) belke choxlari siqareti tergider! Hami kefden chekmir ve (qapali yerleri chixmaqla) bes harada cheksinler?! Cibinde chekesi deyildi ki..

Obyektiv 2018-06-12 00:26:05

..Onsuz da, hech indiki siqaretler evvelki siqaretler deyil ve qiymetlerinde de (neche ildir) "oynatmalar" gedir.. Ustelik bu sixma-bogmalar da, onsuz da fikir ichinde olan adami lap uzurdu.. Bundansa, bank borclarini silmek, muvazinetleri, mevacibleri xeyli artirmaq ve (xususile de, istehlak..) mallarin qiymetlerini ashagi salmaq ALLAHA da xosh gederdi, cemiyyetimizin ve rehberliyin bashini uca ederdi..

Oqtay 2018-06-12 00:26:05

Bu qanuna çəkilən xərcin əvəzinə yeni qanun qəbul etmək olardı ki SABAHDAN HAMI XOÇBƏXT OLSUN bununla da bütün problemlər həll olunardı

Əlosət Ağayev Şəki 2018-06-12 00:26:05

İnanın ki, bu Qanun çıxandan sonra, siqaret əlindən biz astma xəstələri, təmiz hava olan yer tapmırıq. Hər yerdə siqaret çəkmək qadağandır lövhələri vurulsa da, həmin lövhənin qarşısında, bütün qapalı obyektlərdə, avtobus vağzalkarında, çayxanalarda siqaret tüstüsündən nəgəs ala bilmirik. Bəs bu Qanunun icrasına nəzarət edənlər hara baxırlar? Dərdimizi hara və kimə deyək?

t.ədalət 2018-06-12 00:26:05

Orqanizmin ehtiyacları üzərində qanun divar hörə bilməz.Mən siqaret çəkmirəm.Ətrafımda çəkənlərə də sağ ol demirəm.Amma qadağaları yığışdırıb maarifçilik işi aparmaq lazımdır.Zorla kiminsə əlindən siqareti alıb atmaq yaramaz.Məsələn,Almaniyada diş həkimləri siqaret çəkənlərə xidmətin haqqını,çəkmiyənlərlə müqayisədə bir az çox tələb edirlər ,Amerikada siqaret çəkənlər üçün otellərin sonuncu mərtəbəsi nəzərdə tutulur və s.

Vətəndaş 2018-06-12 00:26:05

Yuxarılarla əlaqəsi olanlar, vəzifə sahibi olanlar və haram pulla varlanan bisavadlar 30 ildir nə zaman qanuna məhəl qoyub ki? Qanun "keşikçiləri" yalnız kasıb azərbaycanlılara qan uddurur. Bu çoldə aydın görünür və hiss olunur.Baxan var?

Son yazılar