NATO-NUN QORXMALI OLDUĞU 5 RUSİYA SİLAHI – Müqayisəli təhlil

ABŞ-ın “The National İnterest” jurnalı “NATO-nun qorxmalı olduğu 5 Rusiya silahı” adlı maraqlı hərbi-analitik məqalə dərc edib. Müəllif Robert Forli bundan əvvəl “ABŞ-ın qorxmalı olduğu 5 Çin silahı” və əksinə, “Çinin qorxmalı olduğu 5 ABŞ silahı” adlı məqalələr də dərc etmiş (Məqalələrin tərcüməsi AzPolitika.info-da dərc olunub), bu məqalələrdə Çin və ABŞ-ın ən müasir və təhlükəli silahlarından bəhs etmişdi. Sonuncu məqaləsində isə müəllif Rusiyanın ən təhlükəli 5 silahı haqda yazıb.

AzPolitika bu maraqlı məqalənin tərcüməsini təqdim edir.

“İSKANDER” BALLİSTİK RAKETLƏRİ

Soyuq müharibənin son illərində Sovet İttifaqı NATO ilə cəbhə xəttinin arxasındakı aviabazalara və digər hərbi birləşmələrə yüksək dəqiqliklə zərbə endirə biləcək nüvə başlığı ilə təchiz olunmayan raketlərin hazırlanması üzərində işləyirdi. Amerikanlar buna cavab kimi hərbi fəaliyyət teatrı üçün raket əleyhinə müdafiə kompleksi yaratdı ki, bunlar da ilk Sovet atəşinin tam qarşısını almaq gücündə deyildi (Fars körfəzindəki müharibə təcrübəsi buna sübutdur).

1980-ci illərdə raket əleyhinə müdafiə sistemləri ciddi şəkildə təkmilləşdirilməyə başlandı. ”İskander” raket komplekslərinin hədəfi məhv etmə məsafəsi 400 kilometrdir. Bu raket 700 kiloqramlıq müxtəlif döyüş başlıqları daşımaq gücünə malikdir və vuracağı hədəfdən yayınaraq kənara düşmə xətası 5 metrdən artıq deyil. Elə bu göstəricilərə görə də “İskander” raketləri aerodromlar, arxa cəbhə məntəqələri və digər stasionar infrastrukturlar üçün ölümcül təhlükə hesab edilir.

“İskander” səmada olduğu zaman da hədəfə tuşlana bildiyindən onu hərəkət edən (həmçinin gəmilər) obyektlərə doğru yönəltmək mümkündür. ”İskander”də onu vurmaq istəyən raketlərdən manevr edərək qaçmaq mexanizmi var. Qısaca olaraq onu demək olar ki, ”İskander” NATO–nun Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələri (HDQ) üçün güclü təzyiq və təhlükə hesab edilir.

Gözləmək olar ki, ehtimal olunan münaqişənin birinci mərhələsində NATO əsasən “İskander”in mobil qurğularını hədəfə götürəcək. Mobil atəş qurğularının izlənməsi və məhv edilməsi birmənalı olaraq asan sayılmır və konfliktin inkişafı dövründə NATO bu cür kiçik mənzilli ballistik raketlərin zərbələrini ciddi təhlükə kimi gözləyəcək. ”İskander” kompleksinə qarşı müvəffəqiyyətli zərbə endirmək üçün ilk növbədə hərbi teatrın bütün hava sahəsində hökmranlıq əldə etmək gərək olacaq.

“SU-27 FLANKER” VƏ ONUN MODİFİKASİYASI

F-15-lərə cavab kimi SSRİ–də layihələndirilən ilk “SU-27” hərbi təyyarəsi 1985-ci ildən fəliyyətə başlayıb. Ancaq 1990-cı illərdə istehsalda böyük problemlər yarandığı səbəbindən onların sayı o qədər də çox olmayıb. ”SU-27” ailəsindən olan təyyarələrdə uzağa uça bilmək, sürət və manevr qabiliyyəti kimi xarekteristik özəlliklər cəmlənib. Rusiya HHQ-lərində bir neçə yüz “SU-27” və onun müxtəlif modifikasiyaları mövcuddur. Təyyarənin baza planeri yaxşı yığcamlığı və modernləşməyə daha tez uyğunlaşması ilə fərqlənir ki, bu da hər şeyə diqqət edən silah alıcıları üçün xeyli dərəcədə cəlbedicidir. ”SU -27”-nin çoxməqsədli “Su-30”, ”SU-33” göyərtə qırıcısı, qırıcı bombardmançı “SU-34” və hava sahəsində üstünlük əldə etməyə yararlı “SU-35” kimi variantları mövcuddur. ”SU-27” heç zaman dördüncü nəslin və 4,5-ci nəslin müasir təyyarələri ilə döyüşdə qarşılaşmayıb və “F-22 Raptor”-la da hava döyüşündə bir dəfə də olsun vuruşmayıb. Amma bütün bunlara baxmayaraq, bu təyyarələr “F-15 Eagle”, “Eurofighter Typhoon” və eləcə də “F-22 Raptor” təyyarələri üçün ciddi problem yarada biləcək səviyyədədir. ”SU-27” ağır çəkili və sürətlidir ki, bu da onun güclü zərbə endirdikdən sonra NATO qırıcılarından qaçıb gizlənməsini təmin edə bilər.

“C-400” ZENİT-RAKET KOMPLEKSLƏRİ

Bütün Qərbin müharibə aparmaq manerası hava sahəsində üstünlük əldə etmək üzərində qurulub. NATO gücləri uzun müddətdir ki, müasir və effektli Hava Hücumundan Müdafiə kompleksi ilə qarşılaşmayıblar. Bu müddət ərzində NATO-nun qırıcı-bombardmançılarının qiyməti dəfələrlə qalxıb. Ona görə də, hətta bir təyyarənin itkisi onlar üçün maliyyə faciəsinə dönər. Üç tip “C-400” raketi var və onların hər biri müxtəlif məsafələrdəki hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Ən uzaq məsafəni vuran raketin üçüş məsafəsi 400 kilometrdir. ”C-400”-dəki ölçü sistemi çox effektli hesab olunur. Rusiya “C-400”-dən əsasən eşalonlaşdırılmış müdafiə zonası kimi bütün münaqişə teatrında istifadə edə bilər. Əgər onlar Kalininqrad vilayətində “C-400” yerləşdirsələr NATO HHQ üçün hətta Avropanın dərinliklərində belə təhlükə əmələ gələcək. ”İskander” raketləri və “SU-27” təyyarələri ilə birlikdə “C-400” raketləri konfliktin birinci günündə NATO –nun HHQ –lərinin fəaliyyətində xeyli çətinliklər yaradacaq...

“AKULA” SİNFİNDƏN OLAN SUALTI QAYIQLAR

Soyuq müharibə zamanı NATO gücləri zərbə sualtı qayıqları və onlar əleyhinə silahlar, su üstü gəmilər və sairə digər mühüm texnikalar işləyib hazırlamışdı. SSRİ –nin dağılmasından sonra Rusiya tərəfindən gələ biləcək sualtı qayıqlar təhlükəsi xeyli azaldığından, NATO-nun potensial sualtı qayıqlar mübarizəsi də zəifləməyə başladı. Sualtı qayıqlar əleyhinə NATO müəyyən imkanlar saxlasa da, onların soyuq müharibədəki kimi möhtəşəm resursları artıq həmin səviyyədən uzaqdır. 1980-1990-cı illərdə SSRİ və Rusiyada “Akula” sinfindən olan 15 sualtı qayıq hazırlanıb və onlardan doqquzu hələ də Rusiya Dəniz flotunun döyüş tərkibinə daxildir. Bunlar Sovet HDQ üçün düşmən tərəfindən çətin izlənə bilən qayıqlar sayılırdı. Rusiya konstruktorları əlavə texnologiyanın sayəsində həmin qayıqları daha da təkmilləşdirərək onların səssizliyini azaldıb. Əsas odur ki, ”Akula” sinifindən sayılan “Şuka-B” qayığı öz bortunda torpedo və qanadlı raketlərlə təchiz edilib. Qanadlı raketlər həm dəniz, həm də ki, qurudakı hədəfləri məhv etmək özəlliyi daşıyır. Bu da öz növbəsində NATO-nun sahil xəttinin əhəmiyyətli hissəsini təhlükə altına qoyacaq. NATO-nun ən yaxşı sulatı qayıqları “Şuka- B”-ni izləyərək onu məhv edə biləcək gücdə olsalar da, yüksək sürət bu submarınaların yaxalanmasını çətinləşdirir. Hər halda Şimali Atlantika Alyansı Rusiyanın bu tip qayıqlarını batıra bilmək gücünə malik olmasına baxmayaraq, ”Şuka-B” NATO gəmilərinə və yerüstü obyektlərə böyük təhlükə sayılmaqdadır.

“SPETSNAZ” - XÜSUSİ TƏYİNATLILAR

Soyuq müharibə dövründə ABŞ və Sovet İttifaqının xüsusi təyinatlıları əsas ordu birliklərinə yardım etmək üçün nəzərdə tutulmuşdu. Amma Sovetlər NATO-dan fərqli olaraq xüsusi təyinatlıların qarşısındakı məqsədləri genişləndirdi. Xüsusi təyinatlılar hücum əməliyyatı keçirmək, rabitə xətləri üzərində diversiyalar törətmək, əsas hərbi birləşmələrin hücumu üçün əlverişlı şərait yaratmaq və əhali içərisində panika yaymaq məqsədlərini həyata keçirməlidirlər. Rusiya hərbi güclərinin tərkibindəki bütün hissələrində olduğu kimi, Sovet İttifaqının dağılması ilə xüsusi təyinatlılar da xeyli zəifləmişdı. Amma Rusiya ordusu çeçen partizan müharibəsinin təcrübəsi ilə hətta öz xüsusi təyinatlılarının diversiya –desant qüvvələrini xeyli gücləndirdi. Moskvanın bu döyüş hissələrindən hərbi–siyasi alət kimi də istifadə etmək imkanı var. Rusiyadakı xüsusi təyinatlıların bərpası ilə yanaşı Qərbdəki xüsusi təyinatlılar da terrorla mücadilə çərçivəsində gücləndilər.

İndiki halı ilə Rusiya xüsusi təyinatlıları Qərb üçün döyüş fəaliyyətləri baxımından ciddi problemlər yarada bilər. Münaqişənin baş verməsi halında Rusiya “spetsnazı”nın indiki Ukrayna böhranında olduğu kimi, bütün mərhələlərdə işə salınacağı qaçılmazdır. Rusiya xüsusi təyinatlıları texniki mənada silah olmasalarda, Rusiya arsenalında əhəmiyyətli və effektli vasitədir.

YEKUN

Heç şübhə yoxdur ki, texniki xarakterinə görə NATO silahları Rusiyanı qabaqlayır. Bu hələ 1980-ci illərdə bəlli idi və o zamandan indiyədək aradakı fərq bir qədər də artıb. Ancaq Rusiya ordusu kifayət qədər ciddi resurslara malikdir və onun novator xüsusiyyətini də nəzərə alsaq, NATO-ya xeyli ziyan vura bilər.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar