Gəncə şəhər Səhiyyə idarəsinə yeni rəis təyin olunub

Bəxtiyar Haqverdiyev Gəncə şəhər Səhiyyə idarəsinin rəisi təyin olunub.

"Report"un məlumatına görə, bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev B.Haqverdiyevi səhiyyə ictimaiyyətinə təqdim edib.

E.Vəliyev bildirib ki, Bəxtiyar Haqverdiyev artiq səhiyyə sahəsində təcrübəyə malik, enerjili, müasir təfəkkürlü bir həkimdir: "Ümidvaram ki, onun bu təyinatı gündən-günə inkişaf edən Gəncənin səhiyyə sahəsinin də müasirləşməsinə, yenilənməsinə yardımçı olacaq".

B.Haqverdiyev qeyd edib ki, fəaliyyəti dövründə Gəncə səhiyyəsinin daha da inkişaf etdirilməsinə, beynəlxalq müasir tibbi biliklərin və yeni texnologiyaların tətbiqinə, o cümlədən əhaliyə yüksəksəviyyəli tibbi xidmətin göstərilməsi üçün bütün bilik və bacarığını ortaya qoyacaq, ona göstərilən yüksək etimadı doğrultmağa calışacaq.

Millət vəkili Naqif Həmzəyev Gəncə səhiyyəsinə gənc və perspektivli, bilikli və bacarıqlı bir şəxsin rəhbər təyin olunmasını təqdirəlayiq hesab edib: "Yaşlı nəslin bilik və təcrübəsindən yararlanaraq gənclərin önə çəkilməsi, onların istənilən sahələrdə, o cümlədən tibb sahəsində inkişafa dəstək olması əsas prioritetlərdəndir".

Qeyd edək ki, B.Haqverdiyev 1978-ci ildə Xocalı şəhərində anadan olub. 1995-ci ildə məktəbi bitirən B.Haqverdiyev yüksək balla Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinə daxil olub. 2001-ci ildə həkim-cərrah ixtisası üzrə 5 saylı Bakı şəhər klinikasında internatura kursunu keçib. O, 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Cərrahiyyə şöbəsinin baş ordinatoru kimi çalışıb və baş tibb xidməti leytenantı rütbəsinə layiq görülüb. B.Haqverdiyev 2009-2010-cu illərdə Qəbələ Müalicə Diaqnostika Mərkəzində Cərrahiyyə şöbəsinin müdiri, 2010-2014-cü illərdə isə Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi, eyni zamanda regionun aparıcı cərrahı vəzifələrində çalışıb. 2014-cü ildə Yevlax Mərkəzi Şəhər Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri və rayonun baş cərrahı təyin olunub. 2016-cı ildən bu günədək Ağdam Rayon Mərkəzi Xəstəxanasında baş həkim kimi fəaliyyət göstərib. Tibb üzrə fəlsəfə doktorudur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar