Sülhəddin Əkbər özünə üç müavin təyin edib

“Məclisdən xahiş eləmişəm mənə bir qədər zaman tanısın”

Sülhəddin Əkbərin yaratdığı Azad Demokratlar Partiyasının (AzDP) təsis qurultayından 15 gün keçdi. Artıq partiyanın qeydiyyata alınması üçün addımlar atılıb, S.Əkbər özünə müavinlər təyin edib. Sülhəddin Əkbərin “Yeni Müsavat”a verdiyi məlumata görə, iyul ayının 11-də-təsis qurultayından cəmi 5 gün sonra qeydiyyata alınmaq üçün bütün sənədlər Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim olunub. Hələ ki idarədən rəsmi cavab verilməyib:

“Biz prosesin bu mərhələsini başa vurduq. Nəticəni gözləyirik. Artıq qurultayda və Məclisdə partiyanın mərkəzi orqanları, 9 nəfərdən ibarət İdarə Heyəti formalaşıb. İyul ayının 20-də İdarə Heyətinin ilk toplantısı keçirildi. Yaxın perspektivdə görüləcək işlər, partiyanın qərarları müzakirə olundu. Bundan sonra qurultayda elan etdiyimiz gündəliklər istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bu, partiyanın qeydiyyata alınması, təşkilatlanmanın gücləndirilməsi və Azad Demokratlar Partiyasının ölkənin bütün ərazisini əhatə edən milli bir partiyaya çevrilməsidir və bələdiyyə seçkilərinə hazırlıq məsələsidir. Hələlik, diqqətimiz bu istiqamətlərdə cəmləmişik. Eyni zamanda partiyanın maddi-texniki məsələləri müzakirə olunub, qərargahla bağlı fikir mübadiləsi aparmışıq”.

S.Əkbər AzDP-də vəzifələrə təyinatlar və seçkilər də həyata keçirildiyindən danışdı: “Məclisə Tapdıq Abbas sədr seçildi. Mən hələlik özümə üç sahə üzrə müavin təyin eləmişəm. Məclisdən xahiş eləmişəm digər sahələr üzrə müavinlərin təyinatı üçün mənə bir qədər zaman tanısın. Təşkilati məsələlər üzrə İman Baratov, sosial-iqtisadi məsələlər üzrə Eldar Əliyev, Qarabağ Qaçqınlar və Məcburi Köçkünlər üzrə Vaqif Məmmədov partiya sədrinin müavinləri təyin olunublar”.

“9 nəfər İdarə Heyətinin üzvləri və təyin olunan müavinlər sizinlə bərabər Müsavatdan gedənlərdir, yoxsa Açıq Cəmiyyət Partiyasında olmuş insanlardır” sualına S.Əkbər belə cavab verdi: “Biz elə bir araşdırma aparsaq əsasən Müsavat Partiyasında, sonra mənimlə birlikdə Açıq Cəmiyyət Partiyasında, eyni zamanda əvvəldən ACP-də olanlardır. Əsasən həm Müsavat Partiyasında, həm ACP-də olan, mənim yaxından tanıdığım insanlardır. Bundan sonra biz mübarizəni birlikdə davam elətdirmək niyyətindəyik. Eyni zamanda yeni şəxslər də var. Məsələn, Məclis sədri seçilən Tapdıq Abbas, İdarə Heyətinə sərbəst üzv seçilən Əkbər Məmmədov ACP-də olmayıblar. Onların hər ikisi keçmiş müsavatçılardır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar