Dünya Çempionatı Rusiyada görünməmiş bahalığa səbəb olub - Soyğunçu qiymətlər tətbiq edilir

Rusiyada aviabiletlərin və mehmanxana nömrələrinin qiymətləri fantastik dərəcədə bahalaşıb

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı bu ölkədə nəqliyyat və xidmət sektorunda qiymətlərin bir neçə dəfə artmasına səbəb olub. Xüsusilə idman yarışları keçirilən şəhərlərə aviabiletlərin və həmin şəhərlərdəki mehmanxana nömrələrinin qiymətləri fantastik dərəcədə bahalaşıb. “AzPolitika.info” Rusiya mətbuatına istinadla bildirir ki, aviabiletlərin qiymətində bəzi hallarda 6-10 dəfə, mehmanxana qiymətlərində isə 2-4 dəfə bahalaşma müşahidə olunur. O da qeyd olunur ki, bu bahalaşmadan təkcə çempionata gələn əcnəbi azarkeşlər yox, futbola heç bir aidiyyatı olmayan və tam başqa məqsədlə səfərə çıxmalı olan yerli vətəndaşlar da əziyyət çəkir.

Belə ki, məsələn Maqadandan Soçiyə gedən Rusiya vətəndaşlarına bir tərəfə iki nəfərlik bilet 190 min rubla, yəni 3030 ABŞ dollarına başa gəlib. Kifayət qədər yaxın məsafə olan Peterburqdan Kalininqrada uçuş isə bir nəfər üçün 183 min rubla, yəni 2920 dollara başa gəlib ki, bu da təkcə Rusiya deyil, dünya miqyasında misli görünməmiş baha qiymət sayılır. Ekspertlər bildirir ki, aviaşirkətlərin çempionat günlərində tətbiq etdiyi qiymətlər adi günlərlə müqayisədə 6- 10 dəfəyədək bahalaşıb. Hətta ekonom-klass üzrə qiymətlər adi vaxtlardakı biznes-klass qiymətlərini də bir neçə dəfə üstələyir. Ümumilikdə sərnişin daşımalarının həcmi isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 30-40 faiz artıb.

"Burada sonuncu dəfə Lenin qonaq qalıb..."

Qiymət artımının daha çox hiss edildiyi sahələrdən biri də mehmanxana nömrələridir. Ekspertlər deyir ki, çempionat oyunlarının keçirildiyi elə bir şəhər yoxdur ki, oradakı mehmanxanalar qiymətləri dəfələrlə qaldırmasın. Vəziyyət o yerə çatıb ki, bəzi mehmanxanalar hətta əvvəldən bron edilmiş nömrələri belə fürsətdən istifadə edərək, başqa müştərilərə baha qiymətə satırlar. Yeri əvvəldən bron edən əcnəbi azarkeşlər isə başqa mehmanxanalara üz tutmalı olurlar. Bu faktlar əcnəbi azarkeşlər arasında ciddi narazılığa səbəb olub.

Rusiya mətbuatı yazır ki, mehmanxana qiymətləri Moskva, Nijni Novqorod və Saranskda 2-3 dəfə, Rostovda 3-4 dəfə bahalaşıb. Eyni vəziyyət çempionat oyunları keçirilən digər Rusiya şəhərlərində də müşahidə olunmaqdadır. Lakin bahaçılıq problemin bir tərəfidirsə, xidmətin keyfiyyətsizliyi də digər tərəfidir. Məsələn, Uruqvaydan gələn azarkeşlər Rusiyanın 66.ru portalna Yekaterinburqda qarşılaşdıqları əcaib vəziyyətdən şikayətləniblər.

Bu şəhərdəki "Bolşoy Ural" mehmanxanasında bir nömrəyə 1 sutka üçün 10 min rubl ödəyən qonaqlar nimdaş otaqlar, antisanitariya və çox aşağı səviyyəli xidmətlə rastlaşdıqlarını deyiblər: "Bura otel yox, zaman maşınıdır. Bizə elə gəlir ki, buranın sonuncu qonağı Lenin olub. Digər azarkeşlər bu oteldə qalmaqdan imtina etdilər. Biz isə buraya yalnız gecə yatmaq üçün gəlmişik." Portal yazır ki, buna oxşar şikayətlər digər şəhərlərdən də gəlməkdədir.

Bu mənzərə göstərir ki, ümumilikdə Rusiya iqtisadiyyatı Dünya Çempionatından müəyyən məbləğdə gəlir əldə edə bilir. Ancaq həddən artıq bahaçılığın qarşılığında göstərilən aşağı səviyyəli xidmət Rusiyanın onsuz da yüksək olmayan reputasiyasına ciddi zərər vurur.

AzPolitika.info

635x100

Şərhlər

Mirzə AĞ 2018-06-19 15:35:17

1980-ci ildə SSRİ-də Yay Olimpiya oyunları keçirildi, ardınca ölkədə dəhşətli qıtlıq başladı... sonrası daha dəhşətli oldu - qısa müddətdə SSRİ dağıldı. İndi də növbə Rusiyanındır - inşallah, dağılar!!!

Son yazılar