1 milyonluq dələduzluq edən polkovnikin cinayət işində adı keçən şəxs həbs edilib

Dərc olunub: 20/06/2018 - 16:05

bb687ed9-d4e2-44ca-9355-870cac440850_292Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə istintaqı aparan müstəntiqə sorğu göndərilib.

Həmin sorğuda təqsirləndirilən S.Şükürovun cinayət işində adı keçən digər şəxslərlə telefon danışıqlarının məhkəməyə təqdim edilməsi qeyd olunub.

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. O, işdə adı keçən Əli Kərimbəylinin məhkəməyə çağırılaraq dindirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Məhkəmədə məlum olub ki, cinayət işində adı keçən və S.Şükürovun pul verdiyini dediyi Qədir Sultanov da həbs edilib. Həmin şəxs növbəti məhkəmə iclasında şahid qismində dindiriləcək.

Cinayət işində digər adı keçən Natiq Məmmədov isə hələ də axtarışdadır.

Qeyd edək ki, S.Şükürov, ümumilikdə, 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli bilinir.

İttiham aktına əsasən, o, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanın isə qızının cinayət işinə xitam verdirəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Məhkəmənin hazırlıq iclasında S.Şükürovun anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, o, 1958-ci ildə Sabirabad rayonunda anadan olub, hazırda Bakı şəhərində qeydiyyatdadır.

Bildirilib ki, S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, zərərçəkmiş Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev 2016-cı ildə həbs edilib. Onlar “Bizim market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında tutulub. Həmin şəxslər qohumları R.Salmanovun 4 milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev 11 il, anası H.Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


loading...




Fikrinizi bildirin