AMEA-da seçkilər və yeni üzvlərlə bağlı ŞOK ittihamlar- Prezidentə AÇIQ MƏKTUB

“Cənab Prezident, xahiş edirəm ki, diqqət yetirin: qrup maraqları, qohumluq, dostluq meyarları əsasında təyin olunmalar Azərbaycan elminə hansı sağalmaz yaralar vurub”

"Mesaj belədir ki, biz bizim Elmlər Akademiyasına elmlə məşğul olmayan adamı təyin edırik, təki “bizim adam” olsun"

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) keçirilən son seçkilərlə bağlı narazılıqlar səngimək bilmir. Seçkilərin nəticələrinin qeyri-obyektiv olduğunu bildirən bir qrup alim narazılıqlarını açıq formada ifadə edirlər. Onlar AMEA-nın üzvlərinin seçki yolu ilə deyil,

əvvəlcədən müəyyən edilmiş siyahı əsasında təyin edildiyini bildirirlər. Və bunda Prezident Administrasiyasını (PA) ittiham edirlər. Narazılar Prezident İlham Əliyevdən AMEA-ya seçkilərin nəticlərini ləğv etməyi və özünün nəzarətilə yeni seçkilər keçirməyi xahiş edirlər.

Bu tələblə çıxış edənlərdən biri də tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri Elman Şahverdiyevdir. İndiyə qədər on dörd beynəlxalq qrant alan (Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Almaniya Universitetlərindən) Elman Şahverdiyev həm də 30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Cərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlı alimdir.

Xatırladaq ki, 20-dən yuxarı Beynəlxalq jurnallarda resenzent kimi fəaliyyət göstərən, ABŞ-da dərc olunan “Dynamical and Control Systems” (IASR) Jurnalının Editorlarından biri olan Elman Şahverdiyev bir müddət əvvəl “AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə müraciət edərək seçkilərin nəticələrinin ləğv edilməsini xahiş etmişdi. Və nəticələrin qeyri-obyektiv olduğunu açıqlamışdı.

[caption id="attachment_42876" align="alignleft" width="115"]

Elman Şahverdiyev[/caption]

Elman Şahverdiyev fikirlərini daha tutarlı əsaslandırmaq üçün “AzPolitika.info” saytı vasitəsilə prezident İlham Əliyevə yenidən Açıq Məktub ünvanlayıb. Həmin müraciəti qısa ixtisarla dərc edirik:

Hörmətli Cənab Prezident!

AMEA-ya “seçkilər” marafonu 2 il yarımdan sonra nəhayət ki, adəti üzrə PA-dan gələn təyinat siyahısı əsasında keçirildi və 30 iyunda başa çatdı. Bu dəfə hətta əlavə yerlər üzrə belə əlavə siyahı göndərildi. Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayı, Hirş indeksim AMEA da ən yüksəkdir (bütün elm sahələri üzrə), mən AMEA-dan kənarda qaldım (Fizika üzrə 7 müxbir üzv, 3 həqiqi üzv təyin edilib.)

Haşiyə: Geniş oxucu kütləsi üçün Hirş indeksi haqqında qısaca məlumat verərək qeyd edim ki, bir alimin (olkənin, jurnalın, istiqamətin) Hirş indeksinin, məsələn 5 olması o deməkdir ki, o alimin (olkənin, jurnalın, istiqamətin) ən azından 5 məqaləsinə ən azı 5 sitat var. Çox maraqlı bir faktı qeyd edim ki, Nobel mükafatı alanların az qala 90 faizinin Hirş indeksi 30-u keçir, onlarla məqalələrinə isə minlərlə və yüzlərlə sitatlar edilir.

Sözsüz ki, bu, AMEA tarixində ən ədalətsiz, qeyri-obyektiv seçkilər idi. Əsas məsələ isə dəfələrlə bu cür keçirilmış seçkilərin Azərbaycan elminə vurduğu öldürücü təsiridir. Aşağıda başlanğıc üçün üç Cənubi Qafqaz ölkəsinin elminin müqayisəli təhlilı ilə Sizləri tanış etmək istərdim. Görün ki, az-çox Hirş indeksi olan, məqalələri Azərbaycan elminə sitatlar gətirən alimlərə qarşı Akademiya rəhbərliyinin (indiki prezident 20 il vitse–prezident olmuşdur), PA-da elm sahəsinə kuratorluq edən yüksək çinli məmurların qeyri-obyektiv münasibəti Azərbaycan elmini necə fəlakətə aparır. (Məlumatlarla açıq domendən tanış olmaq olar: http://www.scimagojr.com/countryrank.php.)

Müasir dünyada elmi işlərin keyfiyyəti məqalələrə olan sitatların sayı, bir məqaləyə olan orta sitat, Hirş indeksi ilə ölçülür. Bundan əlavə hazırda dünyada akademiyalara seçkilər, qrantların verilməsi, elmi vəzifələrə seçkilər də bu meyarlara əsaslanlanır.

Müqayisə 1996-2012-ci illəri əhatə edir və 238 ölkənin (orta) göstəriciləri bütün elm sahələrini özündə ehtiva edir.

Beləliklə, sitat olunmuş məqalələrin sayına görə: Ermənistan (76 yer)- 9365, Gürcüstan (84 yer)- 7490, Azərbaycan (85 yer)- 7472;

Hirş indeksi (Hİ) üzrə göstəricilər belədir: Ermənistan (64 yer)- Hİ=105, Gürcüstan ((86 yer)- Hİ=78. Azərbaycan (127 yer)- Hİ=45;

Məqalələrə sitatların sayına görə: Ermənistan (80 yer)- 73659, Gürcüstan (89 yer)- 50895. Azərbaycan (117 yer) -18607;

Bir məqaləyə olan sitatın sayına görə: Ermənistan (149 yer)-8,78 , Gürcüstan ((176 yer)- 7,74. Azərbaycan (230 yer)- 3;

Nəzərə alsaq ki, Ermənistanın əhalisi (2,5 milyon) Gürcüstanın əhalisindən 2 dəfə, Azərbaycanın əhalisindən isə 4 dəfə azdır, fərqin hansı miqyasda olduğu hər bir vətəndaşı dəhşətə gətirməlidir.

Cənab Prezident, xahiş edirəm ki, diqqət yetirin: qrup maraqları, qohumluq, yaxınlıq, dostluq, sirdaşlıq meyarları əsasında təyin olunmalar Azərbaycan elminə hansı sağalmaz yaralar vurub. Qabiliyyətli alimləri ruhlandırmaq əvəzinə onlarda qəsdən ruh düşkunlüyü yaradılır, işləyənləri işlərindən etmək üçün konfliktlərə yol açilir, və sair.

Cənab Prezident, nə qədər gec deyil, Azərbaycan elmini, 20 ildir bu sahəyə kuratorluq edən, onu bu vəziyyətə salan, elm adamlarına yaxşı bəlli olan yüksək çinli PA məmurundan xilas edəsiniz. Bir məsələni də xüsusi olaraq vurğulamaq istəyirəm. Görəsən dünyanı idarə edən inkişaf etmiş dövlətlər elmi bu vəziyyətdə olan millətə imkan tanıyarlarmı ki, ərazilərini işğaldan azad edə bilsin. Bu konteksdə Azərbaycan elmini bu vəziyyətə salanların fəaliyyəti düşmən dəyirmanına su tokmək deyilmi?

Cənab Prezident!

Aşağıda AMEA-nın üzvlüyünə təyin edilmişlərin bəzilərinin sitatları “Thomson Reuters”in “Web of Knowledge” bazasından, bəzilərininki isə SCOPUS data bazasından götürülüb. Məsələ ondadir ki, hər iki verilənlər bazası bəlli səbəblərdən (sitatları çox aşağıdı deyə AMEA rəhbərliyində maraq yoxdur) Azərbaycan alimlərinin üzünə bağlıdır. Yalnız 2012-ci ildə “Thomson Reuters” bir müddət öz bazasını alimlərimiz üçün açmışdı. SCOPUS –dakı məlumatları isə hərdən “Elsevier” jurnalları üçün resenziya fəaliyyəti ilə məşğul olduğumdan və bir müddətə SCOPUS-a girış icazəsi verildiyindən mən özüm tərtib etmışəm.). “Scholar.google.com” isə açıq domendir, amma ordakı sitatlar konservativ deyil. Buna baxmayaraq, müəyyən korreksiya əmsalı ilə SCOPUS və “Thomson Reuters”dəki statlar haqqinda da təxmini bilgi almaq olar.

Fizika üzrə müxbir üzvlüyə təyin edilənlər arasında 1986-cı ildən xaricdə bir məqalə dərc etdirməyən, Azərbaycanda isə yalnız bir məqalə dərc etdirmış Rauf Hüseynov var. O, ilin çoxunu ABŞ-da yaşayır və elmi işlə məşğul olmur, amma Fizika İnstitutunda laboratoriyaya rəhbərlik edir (“Thomson Reuters”də cəmi 25 sitat). Analoji dövr üçün “Thomson Reuters”də mənim işlərimə sitatların sayi 601 olub.

Görəsən belə olduqda o, elmin inkişafında hansı xidmətlətinə, hansı qiymətli təqdiqatlarına görə belə yüksək elmi rütbəyə layiq görülüb? Sualın cavabı çox sadədir: Belə bir adamın müxbir üzv təyin edilməsi ölkənin onlarla istedadlı elmi işçilərini ələ salmaq, elmi ictimaiyyəti məsxərəyə qoymaq, ona meydan oxumaqdır. Mesaj belədir ki, biz bizim Elmlər Akademiyasına elmlə məşğul olmayan adamı təyin edırik, təki “bizim adam” olsun. Çox güman ki, bu tendensiya elmi gözdən salmaq üçün düşünülmüş addımdır.

Digər təyin edilmış müxbir üzv - İskəndər Cəfərov öz yazılı ərizəsi ilə sənədlərini geri almış, sonradan PA-dan göstəriş əasasında sənədlərini geri qaytarmışdır. Maraqlıdir ki, onun adı elektorat üçün dərc olunmuş məlumat kitabçasında olmayıb. Elmi ışlərinə istinadlar hətta “scholar.google.com”da belə yox dərəcəsindədir. Bu fakt bariz şəkildə PA-nın müdaxiləsinin sübutu deyilmi? Bəs görəsən belə elmi nəticələrə malik İskəndər Cəfərov hansı xidmətlərinə görə təyin edilib?.

Təyin edilmışlər arasında 22 ildir Azərbaycandan kənarda - Türkiyə və indi Almaniyada yaşayan, yalnız 2013-da doktorluq diplomunu almış (ilkin müdafiəsini Skype-la yaşadığı Almaniyadan etmış), ikili vətəndaşlığına aid ciddi şübhələr olan, elmi işlərinə ən konservativ data bazası olan SCOPUS-da cəmi əlli sitat olan Ənvər Nəhmədov da var. Onun protejesi- PA-da elm adamlarına yaxşı məlum olan yüksək çinli bir məmurun Fizika İnstitutunda çalışan həyat yoldaşı, faktiki kurator olan Oktay Ələkbərovdur. Yaşı 70-i haqlayan bu şəxs son 3-4 il ərzində Ənvər Nəhmədovun müəllifi olduğu məqalələrə həmmüəlliflik edərək çox nüfuzlu “Physical Review” jurnallarında məqalə dərc etdirmış azsaylı Azərbaycanlı alimlərin siyahısına daxil olmuşdur.

[caption id="attachment_42879" align="alignleft" width="300"]

Nazim Məmmədov[/caption]

Şəxsi maraqlarını hər şeydən üstün tutan bu şəxsin təyin etdirdiyi ikinci adam- fizika üzrə baza təhsili olmayan, yalnız bir neçə aydır ki, direktor təsdiq olunmuş Nazim Məmmədovdur. Ümumiyyətlə, hər şeyin təyinatla həll olunduğu bir seçkidə belə bu şəxs özu haqqında yalan məlumat verməkdən çəkinməyib. Yuxarıda qeyd olunan elektorat üçün dərc olunmuş məlumat kitabçasında Nazim Məmmədov iddia edir ki, o, ona yaxin elmlər namizədi və doktoru yetişdirib. Bu barədə hətta AMEA-nın rəsmi saytında belə onun 60 illiyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunması haqqında yazıda da məlumat verib. Belədirsə, qoy o, 4-5 rəhbərlik etdiyi namizəd və doktorun avtoreferatlarını nümayiş etdirsin. Özünü Osaka Universitetinin professoru hesab edən Nazim Məmmədov görəsən doğrudanda 5 elmlər namizədi yetişdiribsə niyə AAK-dan professor rütbəsini hələ də almayıb.

Maraqlıdır ki, Elmin İnkişaf Fondunun (EİF) indyə qədər Azərbaycan elminə qoyduğu vəsaitin az qala üçdə biri Nazim Məmmədovun adının keçdiyi Pilot və sair layihələrə ayrılıb. Nazim Məmmədovun işlərinə SCOPUS-da yalnız 257 sitat var. Çox qəribədir ki, bu sitatların az qala yarısı Türkiyədə çalışan bir azərbaycanlı alim tərəfindən edilib. Onun məqalələrinin əksəriyyəti konfrans materialları kimi dərc olunub. Görəsən bu necə beynəlxalq konfransdır ki, bir konfrans materialında bir adamın 8-9 təqdimatını çap etdirir. Digər ilginc bir məqam isə milyonlarla qrant almasına baxmayaraq Nazim Məmmədov yalnız tək-tük məqalələrində aparıcı müəllif kimi çap olunub, əksəriyyət məqalələrdə isə o ya sonununcu və ya 5-ci, 6-cı yerlərdə qərar tutub. Elm adamları üçün cavablar çox maraqlı olardı. Əlbəttə, müasir elm xarici alimlərlə geniş əməkdaşlıqdan keçir. Amma hər şeyin həddi var! Nazim Məmmədovun həmişə məşğul olduğu mövzu marginal bir mövzu olduğundan o, bir az aktual sahələrə baş vurmağa calışır- gah topoloji izolyatorlara aid məqalələrə həmmüəlliflik edir, gah AMEA Rəyasət Heyətində ona qətiyyən aidiyyəti olmayan kristalloqrafiya sahəsində aktual bir təqdimatda həmməruzəçi kimi çıxış edir, gah da doktotluq dissertasiyaları hazır olmuş alimlərə ( görünür asan müdafiə müqabilində) məsləhətçilik edir.

Bax indi sual olunur ki, görəsən yenicə direktor təsdiq edilmiş Nazim Məmmədov elmin inkişafında hansı xidmətlərinə və hansı qiymətli tədqiqatlarına görə ən yüksək elmi rütbələrdən birinə layiq görülüb?

Cox maqarlı bir faktı da qeyd etmək istəyirəm. Nədənsə İnstitutda olan müşahidə kameralarının mönitorinq mərkəzi Oktay Ələkbərovun otağında yerləşir. Deyəsən, doğrudan da “1984” uzadqa deyil...

Digər bir təəccüb doğuran fakt ondan ibarətdir ki, Oktay Ələkbərov bütün məsuliyyət həddini aşaraq, işlərini pis-yaxşı tamamlamış bəzi biçarə aspirantlardan, dissertantlardan tələb edir ki, filan elmi rəhbərinizdən imtina edin. Ki, mən sizi müdafiəyə buraxım, təsdiqdə probleminiz olmasın və sair. Şəxsi simpatiyası əsasında mütamadi olaraq İnstitut direktorlarından (həm indiki, həm də əvvəlki direktorlardan) tələb edib ki, mənim filan adamlardan xoşum gəlmir, onları vəzifədən çıxart, işdən çıxart və sair. Məgər bu İnstitutu o, özəlləşdirib? O hansı haqla təyin edilmiş direktorlara regentlik edir?

Oktay Ələkbərov Administrasiyada yüksək çinli bir məmurun həyat yoldaşı olduğundan onun bu kaprizləri barəsində Akademiya rəhbərliyinə müraciət etməyin heç bir mənası yoxdur, çünki qənaət belədir ki, Fizika İnstitutu Akademiyadan yox, PA-dan idərə olunur. Danışırlar ki, bir dəfə Oktay Ələkbərov Rəyasət Heyətində Akademiya prezidentinə yaxın bir vitse- prezidentə Ənvər Nəhmədovun müdafiəsi ilə bağli bir təşkilati sualına elə cavab vermişdir ki, həmin vitse-prezident çox miskin bir vəziyyətə düşmüşdü.

Cənab Prezident!

Xahiş edirəm ki, fizika-riyaziyat-texnika elmlərini Oktay Ələkbərovun əsarətindən xilas edəsiniz.

Cənab Prezident!

Fizika üzrə müxbir üzvlüyə təyin edilmişlər arasında Aydın Kazimzadənin işlərinə “Thomson Reuters”də cəmi 111 sitat var, İsmət Nəcəfovun işlərinə isə cəmi 75 sitat olub. (Müqayisə üçün deyim ki, Thomson Reuters-də mənim işlərimə sitatların sayi 601 olub.) Övsət Abdinovun islərinə isə “Thomson Reuters”də 200-ə yaxın sitat olub. Bura onun 3 minlik müəlliflər kollektivi tərkibində CERN-dəki Kollaborasiya işlərinə sitatlar daxil edilməyib. Çünki elmə Hirş ineksini daxil edən alimin təklifinə əsasən belə hallarda sitatların sayi müəlliflərin sayına bölunməlidir (bax: J.E. Hirsch, An index to quantify an individual’s scientific research output, Proceedings of the National Academy of Sciences of the United States, v.102, N46, pp.16569-16572,2005).

Bundan əlavə Azərbaycan bir tərəfdaş ölkə kimi CERN-dəki proyektlərdə iştirak üçün hər il böyük vəsait ayırır və orada Ovsət Abdinovdan başqa daha bir neçə Azərbaycanlı alim iştirak edir. Bu konteksdə çox maraqlı daha bir məlumat: Seçkilər qabaq Övsət Abdinov Dubnadakı Nüvə Mərkəzindəki Səlahiyyəti Nümayəndə postunu “uğurla” nüvə fizikasında mütəxəssis olmayan Nazim Məmmədova təhvil vermişdir. Halbuki həmisə həmin nümayəndə nüvə fiziki olmuşdur.

Cənab Prezident!

Həqiqi üzvlərə gəlincə isə,həqiqi uzv təyin edilmış Bahadur Tagıyevin işlərinə SCOPUS da cəmi 132 sitat (Hirş indeksi-6), Təyyar Cəfərovun işlərinə 165 sitat (Hirş indeksi-7) var, Cavad Abdinovun işlərinə isə sitatlar çox aşağı iki rəqəmli ədədlə ifadə olunur, Hirş indeksindən isə danışmağa belə dəyməz.

Yenə müqayisə üçün xarırladım ki, mənim işlərimə SCOPUS-da 549 sitat var, Hirş indeksim isə 12-dir. Bildirmək istəyirəm ki, göstəricilərim bütün AMEA üzvləri arasında bütün elm sahələri üzrə ən yüksəkdır və istər Azərbaycanda, istərsə də xarıcdə çalışan bütün həmvətənlərimiz arasında belə ən yaxşılarındandır.

Görəsən demək olar ki, konservativ verilənlər bazasında yox dərəcəsində istinadları olan Cavad Abdinov hansı geniş tədqiqatlarına, hansı elmə gətirdiyi yeni biliklərə görə, hansı tanınmış elmi məktəblərinə görə belə ən yüksək elmi rütbəyə layiq görülüb? O necə yeni biliklərdir ki, tanınmış data bazalarında Azərbaycan elminə demək olar ki, sitatlar gətirə bilmir. Bu sualı həm də digər iki təyin edilmış akademiklər haqqında səsləndirmək olar.

Bu konteksdə bir məsələyə də toxunmaq istəyirəm. Son vaxtlar elmi işlərinə sitatların sayi yox dərəcəsində olan bəzi alimlərimiz onlarla elmlər namizədi yetişditməklərini qabartmağa çalışır. 40-50 il elmi fəaliyyətlə məşğul olan alim neşə ola bilər ki, 30-40 davamçı yetişdirsin. Belə çıxır ki, bu alimlər uzun illər Azərbaycan elminə heç bir xeyir gətirməyən işlər dərc etdirmışlər. Birdə ki, elmin xususiyyətini yaxşı bilən alim başa düşür kü, bir alimin bu qədər işlərə rəhbərlik eləməsi fantaziyadır. Bu işlər ən yaxşi halda bir-birindən illərlə köçürmə, kompilyasiya sayəsində yaranmışdır. Azərbaycanda elmı işlərə sitatların az olmasının əsas səbəblərindən biri də budur.

Bir də ki, Azərbaycanda hamı bilir ki, bu işlər bir çox hallarda necə və nəyin hesabına yazılır. Görəsən bu alimlərin bu sahədə beynəlxalq təcrübədən heç olmasa xəbəri varmı? Ən tanınmış beynəlxalq səviyyəli alimlər (bəzi istisnalar olmaqla) həyatı boyunca 5-6 davamçı hazirlaya bilirlərsə, bu böyük uğur sayılır.

Belə ğörünür ki, PA-nın təyinat siyahısı elmin inkişafına yox, əksinə, onun tənəzzülünə yönəlmış düşünülmüş bir addımdır, çünki bu təyinatlar elmdə ən yüksək rütbələrin layiq olmayanlara verilmiş hədiyyədir, AMEA-da çalişan onlarla istedadlı alimlərə mesajdır ki, biz elmi nailiyyətləri sivil dünyada qəbul olunan qaydalara görə yox, öz şəxsi istəyimizə görə, bizə sərf edən formada qiymətləndiririk. Belə özbaşınalıq tarixdən bir Roma umperatorunun öz atını senata üzv təyin etməsi əhvalatını xatırlatmırmı?

Heç də təsadüfi deyil ki, AMEA-nın “Thomson Reuters”, SCOPUS ilə onların məlumat bazasına girişlə bağlı apardığı danışıqlar illərdir ölü nöqtədən tərpənmək bilmir. EİF-ə ayrılan vəsaitlərin az bir hissəsi kifayətdir ki, bu danışıqlar Azərbaycan alimlərinə bütün dünyada istifadə olunan məlumat bazalarına girişi təmin etsın. Əvəzində EİF ildən-ilə beylnəlxalq qrantlar almayan eyni adamlara külli miqdarda qrant ayırmaqla məşğuldur.

Fizika üzrə təyin edilmişlərin siyahısından görünür kü, siyahı sərti olaraq üç güç mərkəzinin konsensusudur: Prezident Administrasiyası, nüfuzlu bir akademiya və Prezident Administrasiyasının Humanitar Söbəsi.

Cənab Prezident!

Geniş yayılmış məlumatlara görə, təyin edilmiş həqiqi və müxbir üzvlər arasında ən azı beş nəfərin ikili vətandaşlığı var. Bu, Akademiya Nizamnaməsinə və ən əsası Azərbaycan Konstitutsiyasına ziddir. Xahis edirəm ki, bu məsələnin araşdırılmasına dair müvafiq qurumlara gostərişlərinizi verəsiniz.

Cənab Prezident!

AMEA-nın Nizamnaməsinə əsasən a) elmin elmin müvafiq istiqamətlərində geniş tədqiqatlar aparan, onu yeni biliklərlə zənginləşdirən, tanınmış elmi məktəblər yaradan Azərbaycan Respublikasının vətəndaşları və bir qayda olaraq AMEA-nın müxbir üzvü olan alimlər AMEA-nın həqiqi üzvü seçilirlər; b) elmin inkişafında görkəmli xidmətləri olan, onu qiymətli tədqiqatları ilə zənginləşdirən və Azərbaycan Respublikasının vətəndaşları olan alimlər AMEA-nın müxbir üzvü seçilirlər; c) AMEA üzvünün başlıca vəzifəsi şəxsi tədqiqatları və elmi tədqiqatlara rəhbərlik yolu ilə elmi yeni nailiyyətlərlə zənginləşdirməkdir.

Cənab Prezident!

Xahiş edirəm ki, yaranmış vəziyyətdə seçkilərin AMEA Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq, seçkilərin ləğv edilməsi və elm adamları üçün yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz.

Hörmətlə: Elman Şahverdiyev

Fizika-riyaziyyat elmləri doktoru, AMEA Fizika İnstitutunda laboratoriya rəhbəri

“AzPolitika.info”-dan: AMEA rəhbərliyinin, eləcə də yazıda adları keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar