Azərbaycanla İran korrupsiyaya qarşı mübarizə sahəsində memorandum imzalayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar çərçivəsində Azərbaycanda beynəlxalq standartlar səviyyəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılmaqla yanaşı, ölkəmizin bu sahədə beynəlxalq əlaqələri daim diqqət mərkəzində saxlanılır.

Baş Prokurorluqdan verilən məlumata görə, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcədən razılaşdırılmış Anlaşma Memorandumunun imzalanması məqsədilə bu il iyunun 17-18-də İran İslam Respublikasının Tehran şəhərində səfərdə olub.

Səfər çərçivəsində Kamran Əliyevlə qonşu ölkənin Baş Təftiş Təşkilatının sədri Nasir Serac arasında keçirilmiş görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, antikorrupsiya sahəsində görülən işlər, eləcə də bu sahədə ixtisaslaşmış qurumlar olan Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarə Baş İdarəsinin fəaliyyət istiqamətləri və strukturu barədə qarşı tərəfə ətraflı məlumatlar verilib, habelə “ASAN” xidmət mərkəzlərinin uğurlu fəaliyyətindən danışılıb.

Naser Serac, öz növbəsində, 2017-ci ildə Azərbaycan Respublikasında səfərdə olarkən ölkəmizdə həyata keçirilən geniş quruculuq işləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, bu sahədə təmsil etdiyi qurumun Azərbaycanın müvafiq dövlət qurumları ilə birgə səmərəli təcrübə mübadiləsi aparmasına maraqlı olduğunu diqqətə çatdırıb.

Tədbir Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İran İslam Respublikasının Baş Təftiş Təşkilatı arasında korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində Anlaşma Memorandumunun imzalanması ilə başa çatıb, daha sonra hər iki tərəf mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

İyunun 18-də Azərbaycan nümayəndə heyəti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) qərargahında qurumun baş katibi Halil İbrahim Akca arasında keçirilmiş görüşdə ECO baş katibi ölkəmizin təşkilata verdiyi töhfələri xüsusi vurğulayaraq Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclasının yüksək səviyyəli təşkilinə görə bir daha Azərbaycanın siyasi rəhbərliyinə təşəkkürünü bildirib, o cümlədən ölkəmizin ECO-nun Korrupsiya Agentlikləri və Ombudsmanlarının Regional Əməkdaşlıq Mərkəzinə (RCCACO) qoşulmaq qərarından məmnunluğunu ifadə edib.

Həmin gün nümayəndə heyəti ilə İran İslam Resublikasının Məhkəmə və Ədliyyə Qüvvələrinin sədrinin ictimai və cinayətin qarşısının alınması məsələləri üzrə müavini Hakim Ülfət, Maliyyə Monitorinq Xidmətinin rəisi Əliabad Nasiri və iqtisadi işlər və maliyyə nazirinin investisiya, iqtisadi və texniki məsələlər üzrə müavini Məhəmməd Xəzai arasında keçirilmiş görüşlərdə müvafiq olaraq iki ölkənin ədliyyə, məhkəmə və maliyyə qurumlarının fəaliyyəti müzakirə olunub, hüquqi əməkdaşlıq imkanları nəzərdən keçirilib, görüşlər zamanı bu sahələrdə Azərbaycanın müsbət təcrübəsinə xüsusi maraq göstərilib.

Azərbaycan Respublikasının nümayəndə heyəti, həmçinin İranın regionlarına səfər edərək Baş Təftiş Təşkilatının bölgələrdəki nümayəndəliklərinin fəaliyyəti ilə yaxından tanış olublar.

Səfər çərçivəsində keçirilmiş görüşlərdə həmçinin ölkəmizin İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da iştirak edib.

635x100

Şərhlər

hərbi pensiyaçı 2018-06-20 19:22:17

ÖZÜMÜ SƏNƏ ÇATDIRMASAM DA SƏNİ ÖZÜMƏ ÇATDIRACAM!

Son yazılar