Moskvada ölüm hallarının sayı doğuşların sayını üstələyib! - Azərbaycanda da əhalinin təbii artım indeksi kəskin düşüb!

Rusiya KİV-nin verdiyi məlumatata görə, uzun illərdən bəri ilk dəfə olaraq, Rusiyanın paytaxtı Moskva şəhərində 2018-ci ilin yanvar-may arası dövründə ölüm halları 4,3 faiz artıb, doğuşların sayı isə 3,1 faiz azalıb.

Sözügedən dövrdə Moskvada 53 min 200 nəfər ölüb ki, bu da 2017-ci ilin ilk 5 ayının göstəricisi ilə müqayisədə 4,3 faiz çoxdur. Bu rəqəmlər paytaxt «ZAQS» idarəsinin yaydığı məlumatda əksini tapıb.

Bu zaman, uzun bir dövr ərzində ilk dəfə olaraq, Moskvada ölüm göstəricisi doğuşların sayını üstələyib. Belə ki, yanvar-may ayları ərzində Rusiya paytaxtında 52 min 559 uşaq doğulub ki, bu, ötən ilin uyğun göstəricisi ilə müqayisədə 3,1 faiz azdır.

Cari ildə doğulanların ümumi sayının 12,6 faizinin valideynlərindən azı biri əcnəbidir. 2017-ci ilə qədər uzun müddət Moskvada doğuşların stabil artım tendensiyası müşahidə olunub, 2016-cı ildə isə rekord sayda körpə doğulub. Ötən ildən başlayaraq, doğuşların sayının azalması müşahidə olunur. Məsələn, ötən il ərzində Moskvada 134 min 573 uşaq qeydə alınıb ki, bu da 2016-cı illə müqayisədə 7,8 azdır.

Ötən il şəhərdə ölüm hallarının sayı azalıb - il ərzində 119 min 283 insan ölüb ki, bu da 2016-cı illə müqayisədə 3,7 faiz azdır. Bu rəqəmlərdən görünür ki, Moskva səhiyyəsinin fəaliyyəti sayəsində şəhər əhalisi arasında ölüm hallarının sayı bir tərəfdən azalsa da, elə həmin səhiyyənin digər istiqamət üzrə fəaliyyətinin nəticəsi olaraq, əhali arasında təbii artımın mənfi saldosu meydana gəlib. Bu fikri səsləndirərkən, əlbəttə ki, əhali arasında abortların sayının artmasını önə çəkmək istəyirəm.

Məlum olduğu kimi, Azərbaycan Respublikasında (AR) 1997-ci ildə qəbul olunmuş «Əhalinin sağlamlığının qorunması haqqında» Qanunun qəbulu ilə ölkədə abort leqallaşdırılıb. Üstəlik də bu «sui-qəsd» 1994-cü ildən başlayaraq Birləşmiş Millətlər Təşkilatı (BMT) Əhali Fondunın (ƏF) xətti ilə Azərbaycanda həyata keçirilməyə başlanan «Ailə planlaşdırılması» Proqramı sayəsində daha geniş vüsət alıb. Nəticə göz qabağındadır - ölkəmizdə əhalinin təbii artımı kəskin surətdə aşağı düşüb! Hələ 2000-ci illərdə bu barədə dəfələrlə əhatəli-silsilə məqalələrlə çıxış etmişdim...

Təkrar olmasın deyə, həmin məqalələrdən bircə epizodu önə çəkmək ehtiyacı hissə edirəm. «Əhalinin təbii artımı önlənir» başlıqlı məqalədə («Elçi» qəzeti, 15-21 sentyabr, 2002-ci il) yazmışdım ki, 1990-cı ilin statistikası ilə müqayisədə, 2002-ci ildə ölkəmizdə əhalinin təbii artım indeksi kəskin surətdə aşağı düşüb: «...Ölkədə əhalinin təbii artımı müsəlman cəmiyyətlərinə xas olmayan bir tərzdə aşağı düşür. Təkcə onu qeyd etmək kifayətdir ki, 1990-cı ildə əhalinin təbii artım indeksinə görə, Azərbaycan SSR dünyanın sayılan ölkələri arasında yalnız Meksikaya (26,2) «uduzaraq», uyğun göstərici üzrə dünyada ikinci yerdə (20.2) dayanıb. Artıq, 2000-ci ildə ölkəmizdə uyğun göstərici 8,7-yə enib!»

Bu tendensiya uzun illərdir ki, davam edir. Əhalinin təbii artım indeksinin ilbəil aşağı düşməsinin bir səbəbi də ölkədə məqsədli şəkildə yaradılmış «əhalinin tibbi köməksizliyi mühiti»dir. Xüsusi qeyd etmək lazımdır ki, uzun illər ərzində ölkəmizdə «Əhalinin sağlamlığının qorunması haqqında» Qanunun uyğun tələblərinin ziddinə olaraq, dövlət tibb müəssisələrində «ödənişli tibbi xidmət» adı ilə görünməmiş bir soyğunçuluq fəaliyyəti həyata keçirilib. Bu da tibbi xidməti kasıb əhali üçün əlçatmaz edib...

İbrətamizdir ki, YAP hökuməti (ad şərtidir - müəllif.) və adına «patent yazdığı», parlamentin sosial siyasət komisiyasının (sonradan «əmək və sosial siyasət komitəsi» adlandırıldı) sədri Hadı Rəcəbli bir tərəfdən, ölkədə abortu leqallaşdırıb, o biri tərəfdən isə «Ailə planlaşdırılması» adlı çox naqis və anti-xalq bir fəaliyyətə (mahiyyət üzrə izləri itirmək məqsədilə, sonradan bu ada «reproduktiv sağlamlıq» sözbirləşməsini əlavə ediblər!) geniş meydan verib...

Kasıblıq, abortun leqallaşdırılması, «Ailə planlaşdırılması» proqramının tətbiqi, tibbi köməksizlik şəraitinin yaradılması... kimi antixalq-antisosial çalışmalar siyahısına, ötən il YAP hökumətinin və antisosial Hadının daha bir «sui-qəsd»i əlavə olundu - pensiya haqqında yeni qanunun qəbulu! Xeyli maraqlıdır ki, sözügedən həmin antixalq «qanun» elə Hadı kimilərin «sui-qəsdi» sayəsində heç bir maneə olmadan, parlamentdən «sürüşüb keçdi»...

Müqayisə üçün qeyd etmək yerinə düşər ki, qonşu Rusiyada da Dmitri Medvedyevin başçılıq etdiyi hökumət ölkədə «pensiya islahatı» adı altında qocalığa görə, pensiya yaşını 65-ə (qadınlar üçün 63,0) qaldırmağı planlaşdırıb. Bunun qarşılığında ölkə əhalisi, bir sıra siyasi partiyalar və ən əsası həmkarlar təşkilatları hökumətin bu niyyətinə qarşı geniş etiraz aksiyalarına başlayıb. Bu məqsədlə başlanmış petisiyaya artıq 3 milyona yaxın insan qoşulub. Azərbaycanda isə siyasi partiyalar «çirkab içində» çabaladığı kimi, həmkarlar təşkilatı (onun rəhbərliyi) illər ərzində «qazandığı» dövləti mükafatların «ağırlığından» qəddini düzəldə, səsini çıxarda bilmir -balıq kimi susur!

Maraqlı bir məqama da toxunmaq ehtiyacı duyuram. Rusiyada əhali arasında keçirilən sorğu zamanı əhalinin əksər qismi belə bir fikir səsləndirib ki, 50 yaşdan sonra insanın işləmək üçün enerjisi demək olar, tükənir. Azərbaycanda heç olmasa, belə sorğuların keçirilməsi də «yada düşmür».

Bütün bunları əsas götürərək, hesab edirəm ki, YAP hökumətinin və antisosial HadıSəlimin «istehsalı olan» pensiya haqqında yeni qanuna etiraz olaraq, ictimai təşkilatlardan və ya fəallardan biri (və ya bir neçəsi) bir petisiya başlamalı, əhalini bu istiqamət üzrə etiraza səsləməlidir. Həmkarlar təşkilatlarından, siyasi partiyalardan nə isə gözləmək axmaqlıq olardı - onlar xirtdəyə qədər çirkaba gömülüblər!

Hesab edirəm ki, hələlik «bulaşmamış» bir təşkilat irəli çıxmalıdır - məsələn, Qubad İbadoğlunun «Demokratiya və rifah hərəkatı» təşkilatı bir petisiya başlasa, lap yerinə düşərdi - təşkilat bununla həm savab qazanar, həm də xeyli populyarlaşardı. Nəzərə almaq lazımdır ki, Q.İbadoğlu həm də sivil dünyanın pensiya təcrübəsi ilə tanış olan bir mütəxəssisdir...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar