Zəhərlənmə şübhəsi olan işçiləri tarlaya kim çıxarıb?

Son həftə ərzində Azərbaycanın bir neçə rayonunda pambıq tarlalarında işçilərin zəhərlənmə şübhəsi ilə xəstəxanalara yerləşdirilməsi faktı qeydə alınıb. Belə hadisələr Tərtər, Saatlı, İmişli, Yevlax rayonlarında baş verib və ümumilikdə yüzlərlə işçi zəhərlənmə şübhəsi ilə xəstəxanalara yerləşdirilib.

İmişli rayonunda jurnalistlərə müsahibə verən kənd təsərrüfatı naziri İnam Kərimov bildirmişdi ki, hadisələr özəl şirkətlərə aid iş sahələrində baş verib.

REAL həmin özəl şirkətlərin axtarışına başlayıb və artıq ilk nəticələr var. Əldə etdiyimiz məlumata görə, zəhərlənmə şübhəsinin yarandığı iş sahələrindən bir neçəsi MKT İstehsalat Kommersiya MMC-yə aiddir. Bu şirkət fermerlərlə pambıq xammalının əkilməsi ilə əlaqədar müqavilə əsasında işləyir, pambıq əkinini təşkil edir, pambıq xammalını tədarük edir, onun pambıqtəmizləmə müəssisələrində emalını həyata keçirir və hazır məhsulun satışını təşkil edir. Şirkət öz məhsullarının 90%-ni dünyanın müxtəlif ölkələrinə ixrac edir.

Şirkətin icraçı direktoru Eldəniz Quliyev REAL-a açıqlamasında bildirib ki, İmişlidə baş verən hadisə MKT İstehsalat Kommersiya MMC-nin innovasiya sahəsində qeydə alınıb. Bu sahədə işçilər şirkətin müqavilə bağladığı sahibkar tərəfindən seçilib və sahəyə çıxarılıb. Şirkətlə sahibkar arasında bağlanmış müqaviləyə əsasən, sahibkar işçilərin təhlükəsizliyinə, iş prosesindəki təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.

Saatlı və Tərtər rayonlarındakı hadisələrin baş verdiyi pambıq tarlalarının da MKT İstehsalat Kommersiya MMC-yə aidiyyatı var. Belə ki, şirkət sahibkarlarla pambığın alınması barədə müqavilə bağlayıb və işlər bu müqavilə əsasında həyata keçirilir.

O ki qaldı tarlalarda istifadə olunan pestisitlərə, MKT İstehsalat Kommersiya MMC onları Azərbaycanda fəaliyyət göstərən bir neçə şirkətdən alır. Zəhərlənmə şübhələri ilə bağlı prokurorluq orqanlarında aparılan istintaq çərçivəsində həmin şirkətlərin siyahısı götürülüb və onlar istintaqa cəlb ediliblər. MKT İstehsalat Kommersiya MMC-nin baş icraçı direktoru Eldəniz Quliyev istintaq getdiyindən bu barədə ətraflı danışmaq istəmədi.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, İmişli, Tərtər və Saatlı rayonlarındakı pambıq tarlalarında baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır: "Hər 3 hadisə barədə prokurorluqda cinayət işi başlanıb".

635x100

Şərhlər

VAHİD 2018-06-21 11:02:35

Bu E.Quliyev də yaxşı insan olsa da, onda heç bir səlahiyyət qalmayıb. Şirkəti qeyri -rəsmi banklardan transfer edilmiş, cins şalvarlı oğlanlar özləri bildikləri kimi fırladırlar. Təhlükəsizlik anlayışı onlar üçün pulun təhlükəsizliyidir. Özlərindən əcaib idarəçilik üsulu tətbiq edirlər .Öz işinin mütəxəssisi ola kadrların kənarlaşdırılması adi hal alıb.

Son yazılar