Əli İnsanovun işi Ali Məhkəmənin Plenumuna çıxarılır

Yaxın 15 gün ərzində keçmiş səhiyyə naziri Əli İnsanovun işi Ali Məhkəmənin Plenumuna çıxarılacaq. Məlumat “Media forum” saytına Ali Məhkəmədən verilib.

Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiyada ittiham olunaraq 11 il azadlıqdan məhrumetmə cəzası alıb.

2013-cü il martın 14-də Əli İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Əli İnsanova 10 min avro kompensasiya da ödəməlidir.

Avropa Məhkəməsinin qərarı iyunun 14-də qüvvəyə minib. Azərbaycan qanunvericiliyinə görə, Avropa Məhkəməsinin qərarı Ali Məhkəməyə daxil olduqdan 3 aydan gec olmayaraq hakimlərdən birinə təqdim edilməli və plenuma çıxarılmalıdır. Vəkillər iyulun 10-da Avropa Məhkəməsinin qərarının Ali Məhkəməyə təqdim edib. Lakin indiyədək İnsanova işin Ali Məhkəmənin plenumuna çıxarılması ilə bağlı hər hansı rəsmi məlumat verilməyib.

Buna görə də Əli İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevi və Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovu məhkəməyə verib. Sabiq nazir Rzayev və Əsgərovu Avropa Məhkəməsinin qərarını icra etməməkdə günahlandırır. Avqustun 29-da iddia ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar