“MƏZLUM ƏBÜLFƏZ”

Dərc olunub: 23/06/2018 - 20:51

fazilFazil MUSTAFA

Əbülfəz Elçibəy obrazının gerçək tanıtımına haradan başlamaq daha doğru olardı? Bir mitinqdəki epizodla başlamaq istərdim. Kütləyə müraciət edir: “Mənim şəkillərimi endirin, Məhəmməd Əmin Rəsulzadənin şəkillərini qaldırın!” Bu müraciət həm də yolu açıqlayır. Elçibəy yolu yoxdur, bir yol var – o da Məhəmməd Əmin Rəsulzadə yoludur. Bizlər o yolun yolçularıyıq demək idi bu. Özünü də o yolun sadə yolçusu statusuna endirir. Əbülfəz Elçibəy öz şəkillərini endirməyə gücü çatan bir lider idi. Məhz şəkillərini endirməyi bacaran liderin şəkillərini, adını, irsini toplum az sonra mütləq yuxarıya qaldıracaqdı.

O yaxşı idarəçi deyildi, bürokratik vərdişləri heç yoxdu. O, “Bəy” adı ilə Sovet dönəminin çayxana siyasətinin içində də, “Əbülfəz bəy” adı ilə xalq hərəkatının önündə addımayanda da, “Elçibəy” adı ilə prezident kürsüsündə də müstəqil dövlətin ruhani obrazı idi. Onun bu obrazdan çıxaraq təşkilata qayıdışı, dövlət idarəetməsinə qayıdışı ölkədə çox şeyləri dəyişə bilərdi, lakin millətin gələcəyi üçün bir ruhani obrazı birdəfəlik itirilmiş olacaqdı. Onun ideoloji tezisləri Rəsulzadə qədər sistemli deyildi, daha çox mübahisəyə açıqdı, yolun hansı məsafəsini gördüyünü müəyyənləşdirmək də çətin idi, ancaq bütün bunların fonunda onun güvənilir, sadə və xalq adamı obrazı vardı ki, bu da söylədiklərini inanc qədər dəyərə çevirən bir hərəkatçı topluluğunu yaratmışdı.

Onunla hər mövzuda danışmaq, mübahisə və müzakirə etmək mümkün idi, çünki mühafizəkarlığı statik deyildi, yeniliyə uyğunlaşması qısa bir zamanda baş verirdi. O, kimsə ilə münasibətləri mürəkkəbləşdirməyi sevmirdi, insanın seçiminə hansısa şəkildə müdaxilə etmək tələskənliyi göstərmirdi və hətta bu seçim fiziki və yaxud siyasi intihar olsa belə. Çünki onun üçün konkret faktın, konkret hadisənin önəmi çox da böyük deyildi, düşüncəsi yalnız proses üzərində cəmlənirdi. O, xalq hərəkatının uğurlu rəhbəri idi, çünki hərəkatda konkretlikdən daha çox proses önə çıxır və özünü bu prosesin mücərrədliyində daha sərbəst hiss edirdi. Hətta çıxışlarının məzmununda da mücərrədlik, irreal görünə biləcək gələcəyin romantik hədəfləri özünü daha qabarıq göstərirdi. Xalq Cəbhəsi hərəkatdan partiya modelinə keçdikdən sonra təşkilat intizamı içində öz qloballığını olduqca sıxıntılı şəkildə qoruya bilirdi. Bu səbəbdən də AXCP-yə toxunmadan yenidən Bütöv Azərbaycan Birliyi hərəkatına dönüş etdi və siyasi ritorikasının ağırlığını yenə də hərəkat modelinə uyğun gələn prosesin üzərinə köçürməyə çalışdı.

Onun üçün siyasətin də fərqli havası vardı, sonradan hansısa şənlikdə özəl bir duyğu ilə ifa etdiyi “Bəy havası” da onun siyasətdən köçürdüyü hava idi. O, özü oynayırdı və kimlərinsə onu necə müşayiət etməsinin fərqində deyildi. O, öz seçdiyi havaya özünü qapdırmışdı: tələbə, müəllim, dustaq, siyasi rəhbər və hətta prezident olanda da bu havanı kimsənin dodaq büzməsinə rağmən sona qədər oynamağa davam edirdi.

elcibey

O şəxsi həyatında çox qapalı idi: özünə də ailəsinə qarşı da müəyyən etdiyi sərt qaydaları dəyişməyi düşünmürdü sanki. Ancaq siyasətdə qarşısına çıxan şərait və təklifdə rasionallığı dərhal sezirdi, ağıllı adama danışmaq şansı verirdi, boşboğazları isə dinləyərkən səbirsizliyini büruzə vermirdi. Bəlkə də onun ən gözəl tanıtımını mərhum Basqallı nurani ağsaqqal Həbib kişi vermişdi: “Məzlum Əbülfəz” deyirdi ona. Bu tanıtımın içində çox detalları seçib-ayırmaq olardı, lakin əsas məzlumluq göstəricisi xalqın alt qatlarındakı insandan özünü fərqləndirməməsində, hətta bunu geyimindən tutmuş üz cizgilərində belə qoruyub saxlamasında müşahidə olunurdu.

Bir çoxları Elçibəyi mübarizə simvolu kimi təqdim etməyə çalışsalar da, o əslində xarakter olaraq barış və tarazlıq obrazı idi. Fikrimcə, Elçibəy heç vaxt hakimiyyət uğrunda amansız mübarizənin simvolu ola bilməz. Çünki özü amansız dirənişlə hakimiyyəti qorumağa çalışmadı. Təkrar şansları olduğunda yenə də istəkli şəkildə hakimiyyətə alternativ güc olaraq önə düşmədi. Çünki Elçibəy düşüncəsində hakimiyyət uğrunda heç vaxt mübarizə olmayıb, təşkilatının olub, çevrəsinin olub, lakin özünün mübarizəsi iki istiqamətdə dəyişməz hədəflərə doğru yönəlib: Birincisi, Azərbaycanın müstəqilliyi uğurunda mübarizə. İkincisi isə Azərbaycanın bütövlüyü uğrunda mübarizə. 1992-ci ildə iqtidara gəlişi də tarixi şəraitin bir növ məcburiyyəti idi və məsuliyyəti üzərinə götürməkdən başqa alternativ yol qalmamışdı. Hətta 1998-ci ildə prezidentliyə namizədliyini irəli sürməkdə könülsüz davranışı da, onun hakimiyyət uğrunda mübarizəyə önəm verməməsinin bir mesajı idi. Bu səbəbdən də müstəqil dövlət quruculuğu və Azərbaycanın bütövlüyü kimi tanıdılan iki hədəfdən kənara yönləndirdiyində Elçibəy fenomeni öz mahiyyətini itirir, ucuzlaşdırılır və bayağı düşüncə sahiblərinin əlində bir alətə çevrilir.

Elçibəy şanslı olduğu qədər də şanssız bir lider idi. Elçibəyin şansı onun bir illik hakimiyyətində özünü göstərdi, düşündüklərini bacara bildiyi qədər reallaşdırmağa çalışdı. Ən önəmlisi də rus ordusunu Azərbaycandan çıxardı, test üsulunun tətbiqi ilə millətin təhsilə əlçatanlığını təmin etdi. Elçibəy Azərbaycan ictimai-siyasi mühitinə çox dəyərli və rasional düşüncə sahibi olan simalar bəxş etdi. Şansızlığı isə çevrəsindəki insanlara çəkə bilməyəcəyi yükü yükləməsiydi. İstər hakimiyyət yükü olsun, istər ideya yükü olsun, bunun altında əzilən çox sayda insanlar sonradan böyük hərəkatçı görüntüsündən dedi-qoduçulara, tüfeylilərə, dövrün şərtlərinə uyğun davranış çevikliyinə sahib olmayacaq qədər məzmunsuz kimliklərə çevrildilər. Artıq o kimliklər Elçibəy haqqında danışana da, yazana da “Sənin nə haqqın var ki, Elçibəy haqqında danışırsan, yazırsan” deyib onun demokratik düşüncəsindən bir qıl payına belə sahib olmadıqlarını ortaya qoyurlar.

Elçibəy manevrləri haqqında düşünərkən İslam dünyasının ən böyük şəxsiyyətlərindən olan Həzrəti Əlinin manevrlərini və onun obrazı ətrafında formalaşan fikirləri xatırlamalı olursan. Hakimiyyət Əlinin haqqı idi deyənlərlə, hakimiyyət Elçibəyin haqqıdır deyənlər arasında təfəkkür paralelliyini görməzdən gəlmək olmur. Halbuki, İslam dünyasının bir mənəviyyat simvolu olan Həzrəti Əlinin mənəvi ruhani dəyərlərini anlamayanlar onu özlərinin hakimiyyət uğrunda mübarizəsinin simvoluna çevirərək hansı bölücülüyü təlqin etmişlərsə, Elçibəy obrazını da belə bir simvola çevirənlər həmin bölücülüyə yönəldənlərlə eyni işi görmüşlər.

Nədənsə Azərbaycan hakimiyyəti Elçibəyə rəsmi şəkildə dəyər verməyə hələ də maraqlı görünmür. Əslində Elçibəyi rəsmiləşdirməyin özü belə çətindir. O, bürokratik çərçivəyə qətiyyən uymur, hətta qəbrinin üzərində qoyulan abidəsi onu çərçivəyə salır, yürüyən, hərəkətə can atan obrazını sıxır. Elçibəy üçün rəsmiləşdirilməyən ən layiqli yer elə xalqın yaddaşıdır. Xalq onu olduğu kimi tanıdı, sevdi, qınadı, dəyərləndirdi və sonda kəsə olaraq yekun tanıtım möhürünü vurdu: “O, təmiz adam idi”.

Bizim onunla düşüncə və fikirlərimizdə xeyli fərqliliklər vardı, mübahisələrimiz də olurdu, qarşılıqlı tənqidlərimiz də. Mən onun bircə dəfə də olsun kübarlığını itirdiyinin şahidi olmadım. O kübarlıq ki, bu günkü Azərbaycan siyasətində gündüz əldə çıraqla axtarsanız belə, tapmaqda çətinlik çəkəcəksiniz. Elçibəydən siyasəti öyrənən bizlərin çoxu məhz onun kübarlığından çox az miras götürə bildik və nəticədə Azərbaycan siyasətinin mədəni aurasının yaranmasına töfhə verə bilmədik.

Xatırlayıram, Kələkidə birgə oturduğumuz məclisdə Məhəmməd Hadinin bir şeirini söyləmişdim, yarıda durdurdu və arxasını özü sonadək özəl bir duyğu ilə gətirdi. Şeirdəki “İdrakı olanlar məni sonra qanacaqdır!” misrasını isə bir neçə dəfə təkrarladı. Bu şeiri illər keçəndən sonra Milli Elmlər Akademiyasının akt zalında Əbülfəz Bəyin tabutunun başında çıxış edərkən hayqırmağı özümə borc bildim. Və söyləmək istədim ki, Əbülfəz Elçibəyi qısır davaların, iqtidar mübarizəsinin simvolu kimi heç vaxt özəlləşdirməyə çalışmayın, çünki o, həmişə Azərbaycan cəmiyyətində idrakı olanlarla idraksızların ortaq barış məqamıdır, bu məqamda gec-tez bir Millətin, bir Vətənin övladları kimi bir-birimizə qarşı unutduğumuz sevgini “Bəy havası” ilə mütləq tapacağıq.


loading...




Fikrinizi bildirin