Avropa mətbuatında rus futbolçularla bağlı şübhəli dopinq eyhamı vuruldu

“The Telegraph” rus oyunçuların birdən-birə əvvəlkindən daha yaxşı oynamasına diqqəti cəlb edib. Rusiya yığması qrupda yer alan iki ərəb ölkəsinin milli yığma komandasını böyük hesabla udaraq mundialdan kənarlaşdırdı. Ekspertlər oyundakı nəticə ilə yanaşı, Rusiya millilərinin parlaq oyun sərgilədiyini qeyd edirlər.

Lakin məsələyə ayrı bucaqdan yanaşanlar da tapılıb. Rusiya dövlətinin və yerli federasiyaların müxtəlif beynəlxalq yarışlarda öz idmançılarına göstərdiyi “yardım”ların acı şöhrəti hər kəsə məlumdur.

“Dünya çempionatı başlanmazdan öncə Rusiya yığmasını ən bərbad ev sahibi adlandırırdılar. İşlər o qədər pis gedirdi ki, yerli fanatlar tarixdə ən böyük rüsvayçılıqla üzləşəcəklərindən qorxurdular. Lakin elə start oyunlarındaca Rusiya tarixin ən yaxşı ev sahibi komandası kimi özünü göstərməyi bacardı (iki oyunda 8 vurulan və cəmi 1 buraxılan qol). Rusiya milliləri azarkeşlərə hər şeyin mümkün ola biləcəyi nümunəsini göstərdilər”, - “The Telegraph”dan Ben Ramsbi yazır.

“Lakin necə ola bilər ki, turnirdən öncəki son 9 matçın sadəcə birində qalib gələn və yoldaşlıq oyunlarının demək olar, əksəriyyətində uduzan komanda qəfildən ayrı cür oynamağa başladı və Sovet İttifaqının dağılmasından bu yana ilk dəfə pley-offa yüksəlməyi bacardı”, - jurnalist sual edir.

Müəllif məqalədə statistik nümunələr də gətirir. Belə ki, rusiyalı oyunçular meydanda bütün komandalardan 73 mil (117,5 km) daha çox qaçıblar. Rusların hazırda ən parlaq ulduzu Aleksandr Qolovin bir oyuna 7,9 millik (12,7 km) nəticə göstərdiyi halda, məsələn Kriştiyanu Ronalduda bu rəqəm 5,4 mil (8 km) təşkil edir.

Məqalədə ən təbii səbəbin rusların evlərində oynaması və bunun oyunuçular üçün adrenalin rolunu oynaması göstərilib. Hər halda bütün ölkə əhalisinin milli yığmadan daha çox fədakarlıq və qəhrəmanlıq tələb etməsi də burda az rol oynamır.

Lakin britaniyalı jurnalist işin qaranlıq tərəfinin də mövcudluğuna işarə edərək Rusiyanın 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatı oyunlarında idmançılarını dopinqlə təşviq etməsi ittihamı ilə bağlı hələ də təhqiqat altında olduğunu xatırladıb.

Lakin iş sonradan FİFA tərəfindən şübhəli şəkildə - “kifayət qədər sübutun olmaması” maddəsi ilə qismən bağlanıb.

Rusiyanın Antidopinq agentliynin keçmiş rəhbəri Qriqori Rodçenkov rus olimpiyaçılarının Soçi Qış olimpiya oyunlarında dopinq qəbul etməsi hadisəsinin üstünü açıb və buna görə ölkəsindən qaçıb.

ABŞ-a sığınmağa məcbur qalmış Qriqori Rodçenkov hazırda ölkənin milli futbol yımasında oynayan bir oyunçunun qadağan olunmuş preparatlardan istifadə etdiyi barədə dəqiq məlumata sahib olduğunu söyləyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar