«Pensiya qanunu»na etirazlar küçəyə çıxır! – Rusiyada…

Dərc olunub: 26/06/2018 - 20:47

pensiyaRusiya KİV-nin yazdığına görə, qonşu ölkədə pensiya yaşının qaldırılmasına etiraz əlaməti olaraq başladılmış petisiyaya artıq 2 milyondan artıq insan qoşulub. Petisiyanın təşəbbüskarları hesab edirlər ki, artıq kampaniyanın küçəyə çıxarılması (offlayn edilməsi) vaxtı çatıb.

Son bir neçə günün içərisində yeni pensiya islahatına qarşı yönəldilmiş PETİSİYA ən populyar aksiyaya çevrilib. Onun müəllifləri ümid edirlər ki, həftənin axırına 3 milyondan artıq imza toplaya biləcəklər. Sosial şəbəkələrdə «Xalq əleyhinədir!» kampaniyası vüsət alıb. Futbol çempionatının keçirilmədiyi bölgələrdə artıq insanlar sifariş verir və kütləvi etiraz aksiyasına çıxırlar.

Rusiya Əmək Konfedersiyası (RƏK – keçmiş həmkarlar təşkilatları konfederasiyası) bundan sonra nə etmək barədə düşünür və pensiya yaşının qaldırılmasına alternativ axtarışındadır.

RƏK-in vitse-prezidenti, Dövlət Dumasının deputatı Oleq Şein bu barədə fikirlərini ortaya qoyur:
«Təklif olunan islahatın nəticələrini heç kim, hətta onun müəllifləri belə, qiymətləndirə bilməz. Ötən il «Vedomosti» qəzeti hökumətin «dərin qatlarından» ortaya bir sənəd çıxarmışdı. Məhz həmin sənəddə pensiya yaşının 63-65-ə qaldırılmasından söhbət gedirdi. Sənəddə qeyd olunurdu ki, ölkə üzrə işsizlərin sayı 12,5 milyon nəfərə yüksələcək. O zaman hökumət bu sənəddən imtina etmişdi, amma indi faktiki olaraq, qanun layihəsi qismində elə həmin sənədi görürük. Biz, anlayırıq ki, bu sayda insanın əmək bazarından kənar olması və pensiya almaq imkanından məhrum edilməsi, rəqabətin artması fonunda, real əmək haqqının azalmasına və bütün sosial liftlərin donmasına gətirib çıxaracaq – ilk növbədə, orta yaşlılar və gənclər arasında. Nədən ki, ahıl insanlar iş yerlərində qalmağa can atacaqlar.
Nümayişkəranədir ki, hökumətin sənədində heç bir maliyyə-iqtisadi əsaslandırma yoxdur. Guya ona görə ki, qanunun reallaşdırılması üçün büdcə pulu lazım gəlməyəcək. Nəticə necə olacaq, pensiya yaşına çata biləcək insanların pensiyasının qaldırılması vədləri və hökumətin hesablamaları reallığa nə qədər uyğun olacaq? Bu barədə hökumətin layihəsində bir kəlmə də yer almayıb.

Bizə demoqrafik yükdən danışırlar. Amma, birincisi, bu – işləyənlərlə pensiyaçılar arasındakı nisbət deyil və bunu bizə belə sırımaq istəyirlər. Bu – işləyənlər və işləməyənlər arasındakı nisbətdir ki, onların sırasına uşaqlar, yeniyetmələr, şikəstlər, vaxtından əvvəl pensiyaya çıxmış insanlar daxildir. Bax, bu gün demoqrafik yük 20 il bundan əvvəlkindən bir qədər yumşaqdır. Və yaxın illərdə – 2040-cı ilə qədər bu göstərici ötən əsrin 90-cı illərinin parametrlərinə çatmayacaq. Başqa sözlə, ölkədə heç bir demoqrafik fəlakət yoxdur və gözlənilmir. Bu gün Rusiyada pensiya yükü, yəni pensiya ödənişləri ilə milli iqtisadiyyat (ümumi daxili məhsul – ÜDM) arasındakı nisbət 8,0 faiz təşkil edir (penisya ödənişləri 8 trilyon rubl, iqtisadiyyat isə 100 trilyon rubl). Avstriyada bu rəqəm 12,0 faiz, Polşa, Portuqaliya və Fransada – 14,0 fatz, İtaliyada isə 16,3 faiz təşkil edir. Bəs, pensiya fondunun büdcəsi çətinlik çəkirsə, pulu haradan əldə etməli? Bu gün bizdə pensiya fonduna ödənişlərin reqressiv şkalası hakimdir. 80 min rubldan az əmək haqqı alan işçilər pensiya fonduna (RPF) 22,0 faiz ödəyirlər, 80 min rubldan artıq alanlar isə artıq 22,0 faiz yox, 10,0 faiz ödəyirlər. Hər il Pensiya fondunun «düşən» gəlirlərinin məbləği 600 milyard rubl təşkil edir. Ancaq hökumət «müstəvi şkala» tətbiq etməkdən yayınır və pensiya yaşını qaldırmağa üstünlük verir.

Rusiyada işçilərin hüquqsuzluğu üzündən, tətillər keçirmək üçün məhdudiyyətlərin qoulmasından, işçinin öz iş yerində müdafiəsiz olması səbəbilə, ölkədə təxminən 30 milyon insan Rusiya iqtisadiyyatının qeyri-formal seqmentindədir. Uyğun olaraq, onların qeyri-rəsmi əmək haqqı fondu 10 trilyon rubl təşkil edir. Bu, «Rosstat»ın qiymətləndirməsinə görə, elan olunan vəziyyətdir. Büdcənin (RPF) «düşən» gəlirləri hər il 2,2 trilyon rubl təşkil edir. Amma qeyri-rəsmi məşğulluğun öhdəsindən gəlmək nəinki pensiya yaşını qaldırmamağa, eyni zamanda, pensiyaların özünün məbləğini (artıq pensiya alanların pensiyasının) əhəmiyyətli dərəcədə qaldırmağa imkan verərdi.

Bunu necə etməli? Yeni Əmək Məcəlləsi ölkədə tətilləri qadağan edib, işdan azad edilməyi xeyli sadələşdirib və s. Bütün bunlar işçiləri özünü müdafiədən məhrum edib. Əgər işdən çıxarılmanın səbəbi işçinin hüquqsuzluğudursa, deməli, insanlara hüquq vermək lazımdır ki, özlərini müdafiə edə bilsinlər, qorxmasınlar ki, onları küçəyə atacaqlar və ertəsi gün deyəcəklər ki, «səni ilk dəfədir, görürəm»…

Digər müstəvi də var. Hər il federal büdcədən 10 trilyon rubl vergi güzəşti ayrılır. Bizdə elə korporasiyalar və şirkətlər var ki, 2095-ci ilə qədər istənilən vergidən azad olunub. Şəxsən mən, aprel ayında bir qanun layihəsi təklif etmişəm. Mahiyyəti onlan ibarətdir ki, heç olmasa, bir il o şirkətləri vergi güzəştlərindən məhrum etmək lazımdır ki, onların adı qeyri-rəsmi əməkdən istifadə siyahısına düşüb. Mən, həm də belə şirkətlərin dövlət sifarişlərində və dövlət podratlarında iştirakdan məhrum olunmasını təklif etmişəm. Axı, insanların əmək haqqı məsələsində aldadılması hallarının böyük əksəriyyəti dövlət şirkətlərində və dövlət podratçılarında müşahidə olunur…
Bu təklifləri dünən biz, vahid qanun layihəsi zərfilə, Dövlət Dumasına təqdim tmişik.

«Ədalətli Rusiya» («ƏR») fraksiyası həmkarlar təşkilatlarının bütün aksiyalarında iştirak etmək barədə qərar qəbul edib. Uyğun sirkulyar məktubumuz var. «ƏR» bir sıra bölgələrdə müstəqil olaraq aksiya keçirmək üçün sifarişlər verir. Mən, əminəm ki, digər parlament fraksiyaları da bu etirazlara qoşulacaq. Onların nöqteyi-nəzəri eynidir. Hakimiyyət partiyasından olan deputatların bir çoxunun da sözügedən yeni avantürist, maliyyə baxımından düzgün hesablanmamış qanunu dəstəkləmək üçün hazır olmadığını görürük…»

Beləliklə, görürük ki, bu gün qonşu Rusiyada yaranmış vəziyyət təxminən, bir il bundan əvvəl Azərbaycanda yaşanmış situasiya ilə eyniyyət təşkil edir. Nə yazıq ki, ictimaiyyətin, ən əsası isə həmkarlar təşkilatlarının buna münasibəti-reaksiyası kökündən fərqlidir – AZƏRBAYCAN SUSUR!!!

Fəqət, belə vəziyyətdə susmaq «qızıl» yox, ölümə bərabərdir! Belə ki, ötən ildə Azərbaycanda qəbul olunmuş «pensiya haqqında» yeni avantürist qanunla, YAP hökuməti və YAP parlamenti ölkə əhalisinin böyük qisminə «divan tutmuş» olub – əhali, elm adamları, siyasi partiyalar, həmkarlar təşkilatları, qeyri-hökumət təşkilatları isə «balıq kimi susurlar»! Bu susqunluq hökuməti arxayınlaşdırır və hesab edirəm ki, çox ciddi fəsadlara səbəb olacaq…

Başında papağı olanlara tövsiyyə: Papağınızı qarşınıza qoyub da fikirləşin…

Hazırladı: Mirzə AĞ
AzPolitika.info








loading...


Fikrinizi bildirin