Mübariz Qurbanlı kollektivin iclasını keçirdi

İyulun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı kollektivin ümumi iclasını keçirib. Komitədən “Media forum” saytına daxil olan məlumata görə, iclasda qurumun mərkəzi aparatının işçiləri, bölgələrdəki şöbə müdirləri iştirak edib.

Mübariz Qurbanlı çıxış edərək komitə qarşısında duran vəzifələr barədə məlumat verib. O deyib ki, dövlət-din münasibətləri strategiyası ölkənin müxtəlif dini inanclara sahib olan vətəndaşları arasında mövcud olan tolerantlığın gücləndirilməsinə, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsinə, vətəndaşlarda, xüsusən də dindarlarda dövlətə inamın və dövlətçiliyə dəstəyin formalaşdırılmasına xidmət edir.

İclasda komitə sədri qurumun Qarabağ bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfova “Dövlət qulluğunda fərqlənməyə görə” medalını təqdim edib. Əlizadə Nəcəfov prezidentin sərəncamı ilə təltif olunub.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri postuna iyulun 21-də təyin edilib. Bundan əvvəl komitənin sədri Elşad İskəndərov olub. Elşad İskəndərov bu il mayın 2-də komitə sədrliyindən azad edilib. Həmin vaxtdan komitə sədrinin səlahiyyətlərini sədrin birinci müavini Səyyad Aran həyata keçirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar