"Ermənilərdən də qulaqlayıb gətirmək, bizim uşaqları onlarla dəyişmək olar..." - İsgəndər Həmidov

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov Kəlbəcərdə ermənilərin girov götürdükləri Diqəm Əsgərovun və Şahbaz Quliyevin girovluqdan azad edilməsi üçün hakimiyyətin təxirəsalınmaz addımlar atmalı olduğunu bildirib, yoxsa çox gec olacağı xəbərdarlığını edib. O, Moderator.az-a açıqlamasında deyib:

“Dilqəmlə Şahbaz tutulanda birinci bəyanatı mən verdim ki, dövlət öz vətəndaşına sahib çıxmalıdır. Şahbaz, Dilqəm və Həsən gediblər Vətənlərini, dağılmış yurd-yuvalarını, ata-babalarının qəbrini ziyarət etməyə. Mən hesab edirəm ki, kimin nə deməsindən, hansı təhlükəni qabartmasından asılı olmayaraq, Azərbaycan məhz bu insidentdən sonra Qarabağda anti-terror əməliyyatına başlamalıydı. Anti-terror əməliyyatına başlamağa cəsarət etmirlərsə, heç olmasa xüsusi xidmət orqanlarını və şir ürəkli oğullarımızı hərəkətə gətirməklə ermənilərdən də qulaqlayıb gətirmək, bizim uşaqları onlarla dəyişmək olar. Əgər doğrudan da hakimiyyətdə oturanlar Dilqəmgilin öz vətənində bu cür işgəncə altında saxlanılmasından səmimi olaraq narahatçılıq keçirirlərsə, əllərində saymaqla qurtarmayan imkanlar var ki, Dilqəmgili ən qısa zamanda geri ala bilsinlər. Mən burda açıq şəkildə demirəm, özləri neynəmək lazım olduğunu qəşəng bilirlər. Yoxsa ola bilər ki, onları nə vaxtsa geri qaytarsınlar, amma elə vəziyyətdə buraxacaqlar ki, deməyə dilim də gəlmir, yəni çox gec olacaq.

Mənim adımdan bütün kəlbəcərlilərə müraciət etməyinizi xahiş edirəm ki, hakimiyyətin yalançı vədlərinə inanmasınlar və kəlbəcərlilər öz ellilərinə sahib çıxsınlar. Məndə olan məlumata görə, hakimiyyət Dilqəmgilin ailəsinə müəyyən köməklik də təklif edib və onları arxayın salmaq istəyiblər. Mənim deməyim odur ki, hakimiyyətin verdiyi dilənçi payını qəbul etməsinlər, qoy əmioğlu əmioğluna əl tutsun, bu dar macalda onların ailələrini tək buraxmasınlar, maddi və mənəvi dəstəklərini əsirgəməsinlər.”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar