Onurğa xəstəliyi olan gənc hərbi xidmətə göndərilir! - Qobustandan ŞİKAYƏT

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsinin rəisi oğlumun müayinə edilməsi üçün göndəriş vermir”

Qobustan rayonu, Təklə-Mirzəbala kəndində qeydiyyatda olan, Abşeron rayon, Güzdək qəsəbəsi, S.Ə.Şirvanı küçəsi, ev 89-da yaşayan Kərimov Nəriman Talış oğlu tərəfindən prezident İlham Əiyevə ünvanlanan, surəti 1-ci vitse prezidenti Mehriban xanım Əliyevaya, prezidentin köməkçisi Fuad Ələsgərova, müdafiə naziri Zakir Həsənova, Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyevə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimova, Hərbi Prokuror Xanlar Vəliyevə göndərilən şikayət məktubun bir nüsxəsi “AzPolitika.info”ya təqdim olunub.

Məktubda deyilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsi oğlu Kərimov Şərifi nəyin bahasına olursa olsun, “plan doldurmaq” naminə hərbi xidmətə göndərmək istəyir. N.Kərimov oğlunun onurğa xəstəliyindən əziyyət çəkdiyini və bunun Respublika Klinik Xəstəxanasının həkimləri tərəfindən təsbit olunduğunu qeyd edir: “Həkimlər onu müayinə etdikdən sonra onurğa əyriliyi və onurğa xəstəliyi diaqnozu qoyaraq, bildirdilər ki, oğlunuz Hərbi Xəstəliklər Cədvəlinin 66-cı maddəsi üzrə hərbi xidmətə yararsız hesab olunur. 66-cı maddədə qeyd olunur ki, onurğa əyriliyi və digər qazanılmış deformasiyar funksiyalar cüzi pozulduqda hərbi xidmətə çağırılan vətəndaş “C” qrafası üzrə dinc dövrdə hərbi xidmətə yararsız hesab olunur”.

N.Kərimov deyir ki, soyuq havada oğlunun onurğasında və sağ qolunda kəskin ağrılar, göyərmə olur və hər hansı fiziki hərəkət etməsi mümkünsüzləşir.

Şikayətçi bildirir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsi oğlunun xəstəliyinə məhəl qoymur və onu 3 iyul 2018-ci il tarixinə son bildirişlə hərbi xidmətə çağırır. N.Kərimov qeyd edir ki, çoxsaylı müraciətlərinə baxmayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsinin rəisi oğlunun Travmatologiya İnstitutunda müayinə edilməsi üçün göndəriş verməkdən boyun qaçırır: “Qoy Travmatologiya İnstitutunda komissiya yoxlayıb rəy versin ki, onu hərbi xidmətə göndərmək olar, ya olmaz. Ancaq rəis imkan vermir və göndəriş verməyə razı olmur”.

Sonda şikayətçi özü də oğlunun hərbi xidmətə getməsini istədiyini yazır, lakin bunun üçün onun sağlamlığının bərpa edilməsinin vacib olduğunu deyir: “Son illər ayrı-ayrı banklardan 3200 və 1200 manat kredit götürüb, oğlumun müalicəsinə verdim, ancaq xeyri olmadı. Bir ata olaraq mən də razıyam ki, gedib vətəndaşlıq borcunu versin. Amma əvvəlcə sağaldın, sonra göndərin. Axı mənim pulum yoxdur ki, onu Bakıya, isti yerlərdən birinə saldırım… Bu vəziyyətdə oğlum Şərifin cəbhədən sağ-salamat qayıtması mümkünsüz bir məsələdir. Madam ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsinin rəisi qəti qərara gəlib, mən də o zaman müdafiə naziri cənab Zakir Həsənovdan xahiş edirəm ki, xəstə oğlumun əvəzinə ordu sıralarına mən atanı göndərsin.

Cənab Ali Baş komandan İlham Əliyevdən xahişim budur ki, hərbi çağırışçı oğlum Kərimov Şərif Nəriman oğlunun sağlamlıq durumunun hərbi həkim komissiyası tərəfindən yoxlanılmasına və müalicəsinin təmin olunmasına, daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Bölməsinin  rəisinin qanunsuz əməllərinə qiymət verilməsi üçün aidiyyatı orqanlara göstəriş versin.”.

Yazıda adı keçən səfərbərlik orqanının mövqeyini dərc etməyə hazırıq.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2018-06-30 14:13:55

Arzu Rəhimovun dəstəsi xəstəni hərbi xidmətə göndərsə də müd.nazirliyinin həkim komissiyası onu hospitala göndərəcək və xəstədirsə yararsız hesab olunacaq.Təəssüf ki,səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinun bəzi məmurları rüşvətə görə camaatı dövlətdən narazı salır..

Son yazılar