Avropa İttifaqından Həsən Hüseynli bəyanatı

Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlinin həbsi ilə bağlı bəyanat verib.

“Turan” agentliyinin məlumatına görə, bəyanatda deyilir: “Avropa İttifaqı Gəncədə hörmət qazanmış QHT lideri Həsən Hüseynli barəsində hökmdən narahatdır. O, qondarma xuliqanlıq ittihamı ilə uzunmüddətli həbs cəzası alıb”.

Bəyanatda bildirilir ki, Avropa İttifaqı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyi bir vaxtda məsuliyyətli davranacağını və Avropa Şurasının üzvü kimi öz öhdəliklərinə hörmətlə yanaşacağını gözləyir.

Həsən Hüseynli silah tətbiq etməklə xuliqanlıq və qanunsuz olaraq soyuq silah gəzdirmə ittihamı ilə məhkum olunub. İstintaq müddətində polis nəzarətində olan Həsən Hüseynli iyulun 14-də Gəncənin Nizami Rayon Məhkəməsində 6 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Hökmə görə, QHT rəhbəri bu il martın 31-də Gəncə sakini Arzu Qəhrəmanovu bıçaqla yaralayıb.

Həsən Hüseynli 1957-ci ildə Gəncə şəhərində doğulub. 1978-ci ildə indiki Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri namizədidir.

1990-1992-ci illərdə jurnalist kimi fəaliyyət göstərib, Gəncədə çıxan “Vətən” qəzetində çalışıb. 1992-1993-cü illərdə Prezidentin Aparatında baş məsləhətçi olub.

1997-1998-ci illərdə Bakıda Açıq Cəmiyyət İnstitutu Yardım Fondu - Soros Fondunda çalışıb, təhsil proqramına koordinatorluq edib. 1998-2004-cü illərdə Gəncə Təhsil Məlumat Mərkəzinin rəhbəri olub. 2004-2009-cu illərdə Gəncə Açıq Cəmiyyət Təşəbbüsləri Mərkəzinə rəhbərlik edib.

2009-cu ildən Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi İctimai Birliyinin rəhbəridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar