Daha bir həkimin rüşvət videosu yayıldı - Video

Virtualaz.org saytının redaksiyasına daha bir həkimin pasiyentdən rüşvət almasını əks etdirən videokadrlar daxil olub.

Gizli yolla çəkilmiş videosüjetdən görünür ki, 1 saylı Klinik Tibbi Mərkəzin (keçmiş “Semaşko” adına xəstəxana) rentgenoloqu rentgen müayinəsinin müqabilində xəstədən rüşvət alır.

Ya həkim, ya da texnik rentgen çəkilişinin plyonkasını xəstəyə verərək bunun əvəzində ondan 10 manat rüşvət alır. Pasiyentin tibbi arayış tələb etməsinin cavabında tibb işçiləri ona deyir ki, elə də qorxulu bir şey yoxdur, hər şey qaydasındadır.

Amma döş qəfəsini rentgen etdirən pasiyent bununla razılaşmır. O zaman klinikanın əməkdaşı belə deyir: “Siz daha necə cavab istəyirsiniz? Orada soyuqdəymə var, özünüz də görürsünüz. Cavabın dalınca sabah gələrsiniz”.

Buradan belə nəticəyə gəlmək olar ki, pasiyentlə danışan şəxs hər halda həkim yox, rentgen müayinəsi texniki və ya hətta sanitardır.

Bununla yanaşı onu da qeyd etməliyik ki, tibb müəssisələrində rüşvət alınıb-verilməsinə görə həkimlərlə yanaşı pasiyentlər də məsuliyyət daşıyırlar. Çünki rüşvət verməyə hazır vətəndaşların olması da korrupsiyaya yol açır.

Səhiyyə Nazirliyinin mətbuat xidməti bu videofakta həmişə olduğu kimi bu dəfə də çevik reaksiya verdi. Mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org saytına açıqlamasında bildirdi ki, bu fakt nazirlik tərəfindən artıq araşdırılır, yoxlamanın nəticələrinə uyğun olaraq tədbirlər görüləcək və ictimaiyyətə bu haqda əlavə məlumat veriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar