Administrasiyaya bu rayonlardan rekord şikayət gedib - Siyahı

Cəlilabad, Qaradağ, Qazax, Laçın, Lerik, Sabunçu, Şamaxı, Suraxanı

“Vətəndaşların müraciətlərinə baxılmasına göstərilən diqqət və qayğının, həmçinin tələbkarlığın artırılmasının nəticəsidir ki,Azərbaycan Respublikası Prezidenti Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olmuş müraciətlərin sayı 2014-cü ilin birinci yarısında ötən ilin müvafiq dövrünə nisbətən ümumiyyətlə 22,5 faiz, kollektiv müraciətlərin sayı isə 24,8 faiz azalıb. Ötən ilin müvafiq dövrünə nisbətən daxil olan müraciətlərin sayı Gəncə, Sumqayıt, Binəqədi, Gədəbəy, Xətai, Masallı, Nərimanov, Nəsimi, Nizami, Sabirabad, Sabunçu, Səbail, Şəmkir, Yasamal, Zaqatala şəhər və rayonlarında azalıb. Lakin Kəlbəcər, Kəpəz, Qobustan, Laçın, Samux rayonlarında müraciətlərin sayı nisbətən artıb”.

Bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

S.İsmayılovun “AzərTAc”da yayımlanmış məqaləsində bildirilir ki, müraciətlərin ümumi sayında olduğu kimi, əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayında da ötən ilə nisbətən azalma nəzərə çarpır: “Lakin ümumi azalma ilə yanaşı, 2014-cü ildə digər şəhər və rayonlara nisbətdə əhalinin hər 1000 nəfərinə düşən müraciətlərin sayı Lənkəran, Ağcabədi, Ağdam, Astara, Beyləqan, Biləsuvar, Binəqədi, Xəzər, Xocalı, İmişli, Kəlbəcər, Qaradağ, Laçın, Lerik, Sabunçu, Yasamal, Zəngilan, Zərdab şəhər və rayonlarında bir qədər yüksək olub.

Vətəndaş müraciətlərinin təhlilində onların növlər üzrə bölgüsü mühüm əhəmiyyət kəsb etdiyindən, xüsusilə şikayətlərin hansı rayondan daha çox daxil olması üzərində bir qədər ətraflı dayanmaq lazımdır. 2014-cü ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə təhlili göstərir ki, əvvəlki ilə nisbətən şikayətlərin sayında böyük azalma baş verib. Bu azalma Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Abşeron, Ağcabədi, Binəqədi, Gədəbəy, Xətai, Xəzər, Quba, Masallı, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Şəmkir, Yasamal şəhər və rayonlarında daha çox nəzərə çarpır.

Bununla belə qeyd etməliyik ki, bütövlükdə 2014-cü ilin birinci yarısında isə daxil olan müraciətlərin ümumi sayında şikayətlərin faizi Astara, Zərdab, Samux, Zəngilan, Beyləqan, Laçın, Yevlax, Tərtər, Cəlilabad şəhər və rayonlarında nisbətən yüksək olmuşdur.

Vətəndaşların müraciətlərinə baxılmasında hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanında nəzarətin təşkili mühüm rol oynayır. Harada ki, bu iş “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası Qanununa və müvafiq kargüzarlıq qaydalarına uyğun təşkil edilmişdirsə, burada narazılıq yaranmır, müraciətlərə baxılma müddətlərinə əməl olunur, vətəndaşlara vaxtında cavab verilir, ən başlıcası, əsaslı tələblər yerinə yetirilir, səhlənkarlığa yol vermiş şəxslər barəsində müvafiq tədbirlər görülür.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində nəzarət qaydasında baxılan vətəndaş müraciətlərinin sayı ildən-ilə artırılır və bunun səmərəsi özünü göstərir. 2014-cü ilin birinci yarısında nəzarət qaydasında baxılmış müraciətlərin 21 faizi müsbət həll olunmuş, 23 faizi icraya yönəldilmiş, 22 faizinə əsaslı izahat verilmiş, 24 faizi əsassız sayılmış və bir sıra vəzifəli şəxslər barəsində intizam tənbehi tədbirləri görülmüşdür.

Müraciətlərin mövzularında əhalinin bilavasitə ünsiyyətdə olduğu şəhər, rayon icra hakimiyyətlərinin, onların aparatlarının, həmçinin bələdiyyələrin fəaliyyəti ilə əlaqədar müraciətlər daha çox diqqəti cəlb edir. Göstərilən mövzu üzrə müraciətlərin sayı Lənkəran, Ağcabədi, Ağdam, Beyləqan, Binəqədi, Cəlilabad, Qaradağ, Qazax, Laçın, Lerik, Sabunçu, Şamaxı, Suraxanı şəhər və rayonlarında daha yüksək olmuşdur. Bu mövzuda müraciətlərin sayı Naftalan, Şirvan, Ağstafa, Xızı, Xocalı, Qax, Qəbələ, Qubadlı, Qusar, Oğuz, Pirallahı, Siyəzən, Şabran, Ucar, Yardımlı şəhər və rayonlarında daha az olmuşdur.

Respublikanın müraciət göndərən kənd və qəsəbələrinin sayı üzrə aparılan təhlil göstərir ki, Prezident Administrasiyasına müraciət göndərmiş kənd və qəsəbələr onların ümumi sayının 48,1 faizini təşkil edirsə, müraciət etməyən kənd və qəsəbələr 51,8 faizdir. Elə rayonlar var ki, onların 1 və ya 2 yaşayış məntəqəsindən başqa əksəriyyətindən müraciətlər daxil olmuşdur. Bu sahədə ən çox kənd və qəsəbəsinin müraciət etdiyi rayonlardan Lənkəran, Şəki, Balakən, Beyləqan, Göygöl, İmişli, Kürdəmir, Saatlı, Salyan, Samux, Zərdab rayonlarını göstərmək olar. Təbiidir ki, bunların səbəbləri araşdırılmalı, insanları narahat edən problemlərin, o cümlədən yuxarıda qeyd olunan nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görülməlidir.

Bir daha qeyd etmək istərdik ki, Prezident Administrasiyasına daxil olan müraciətlərin heç biri diqqətdən kənarda qalmır, onlar ətraflı öyrənilir, yaranma səbəbləri araşdırılır, dövlət hakimiyyəti orqanlarında və onların yerli qurumlarında vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, bu sahədə qanunvericiliyə əməl olunması məsələləri müntəzəm təhlil olunur, ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq bu sahədə işin daha da yaxşılaşdırılması üçün təsirli tədbirlər görülməsi davam etdirilir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar