Şeyxin deputat qardaşından sensasion narkotik açıqlaması - "Bu iş gömrüklükdür..."

Deputat Gürcüstanda saxlanan “yük”dən danışdı; 170 milyonluq heroinin vaxtilə ona məxsus “Azərcənub” MMC-nin yük məntəqəsindən keçdiyini etiraf etdi 

Gürcüstan Daxili İşlər Nazirliyinin iyulun 11-də ələ keçirdiyi, Qafqaz marşrutu üzərindən Avropaya daşınan ən iri narkotik partiyası - 2 ton 790 kiloqramlıq heroin qaçaqmalçılığı ilə bağlı suallar açıq qalır. Bu gün ortada Gürcüstan DİN bu əməliyyatla bağlı yaydığı, xəsislikdə digər rəsmi məlumatları geridə qoyan rəsmi məlumatdan başqa məlumat yoxdur. Gürcüstan DİN əməliyyatdan sonra apardıqları araşdırmaların nəticələri haqda ilkin məlumatları da yaymağa həvəsli görünmür. Bunca iri heroin partiyasının, ilkin qiymətləndirmələrə görə 170 milyon dollar qiyməti olan malın Azərbaycan üzərindən daşınması sirr deyil.

“Yeni Müsavat”a daxil olan məlumata görə, 2 ton 790 kiloqram saflaşdırılmış əfqan mənşəli heroin Azərbaycana İran Astarasından daxil olub. Sərhədin bu tayında isə maye halında olan heroin “Azərcənub” MMC-nin yük məntəqəsində qablaşdırılaraq ölkəmizin ərazisində başqa adla daşınıb.

Məlumat üçün deyək ki, Astaradan ölkəmizə daxil olan və İrana gedən bütün maşınlar istisnasız olaraq “Azərcənub” MMC-nin ərazisindən keçmək məcburiyyətində qalır. Azərbaycan gömrük-keçid məntəqəsinə də məhz bu ərazidən keçməklə daxil olmaq mümkündür. Beləliklə, MMC bir növ Astaradan İrana və geriyə olan yolu faktiki olaraq inhisara alıb. Zaman-zaman bu MMC-nin Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadəyə aid olması haqda məlumatlar yayılıb. “Yeni Müsavat”ın əməkdaşı məsələ ilə bağlı deputata müraciət edib.

“İrandan Astaraya gələn bütün maşınlar ”Azərcənub"un ərazisindən keçir. Təbii ki, bu maşınlarında narkotik olanda orada itlər, xüsusi yoxlama cihazları var. Belə hal olanda tuturlar. Tuta bildiklərini tuturlar, tuta bilmədikləri də ölkə ərazisinə keçir. Bu mənlik, sizlik deyil, gömrüklükdür" - deyə deputat bildirib. O, bütün yüklərin MMC ərazisindən keçməsinin təbii bir hal olduğunu söyləyib: “Təbii ki, bunlar hamısı ”Azərcənub"un yolundan keçir. Yəni Astaradan keçməklə Bakıya və ya digər regionlara, xaricə gedir. Bunun Biləsuvar postu, Naxçıvan, Gürcüstan postları da var. Azərbaycana gələnlər, daşınan yüklər bu yollarla da keçir".

“Azərcənub” MMC-nin təyinatı nədən ibarətdir?

Deputatın suala cavabı belədir: ““Azərcənub” o vaxt maşınların yüklənməsi və boşaldılması üçün tikilib. “Azərcənub”a aid orada soyuducu kameraları var. Həmin soyuducular tez xarab olan malların saxlanılmasına görə inşa olunub. Hazırda həmin soyuducuları işlətmirlər. “Azərcənub”luq orada yüklərin maşınlara vurulması və boşaldılmasında çalışan fəhlələrdir. Qalan işlər “Azərcənub”luq deyil, gömrüklükdür".

C.Paşazadədən deputat səlahiyyətindən istifadə edərək ölkə üzərindən 2 ton 790 kiloqram heroin qaçaqmalçılığına görə hökumətdən hesabat istəyib-istəməyəcəyini də soruşduq. Deputatın cavabı belə oldu: “Kim deyər ki, narkotik daşınması yaxşı şeydir. Təbii ki, hamısı deyəcək ki, bu, pisdir. Dünyada laboratoriyalar, buna qarşı mübarizə aparan minlərlə idarələr, təşkilatlar var. Azərbaycan üzərindən keçməsi məsələsini də deyim. Azərbaycan müdaxilə edirsə, başlayırlar ki, Azərbaycan gömrüyü belə edir, elə edir. Üstəlik, üstünə beşini də qoyurlar, deyirlər ki, bizi sökdülər, saxladılar, maşınımızı aldılar, yükümüzə baxdılar. Bildiyim qədər gömrüyün tranzit keçən maşınları yoxlamaq ixtiyarı yoxdur. Buna görə də təbii ki, belə hadisələr baş verir. Təbii ki, yaxşı iş deyil” .

C.Paşazadə deyir ki, “Azərcənub” MMC-nin ona deputat seçilənə qədər aidiyyəti olub: “O vaxtı oranı mən tikmişəm. Oranı özləri işlədirlər. Orada mənlik bir şey yoxdur”.

İyulun 11-də baş tutan əməliyyatdan 4 gün sonra “Yeni Müsavat” məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinə informasiya sorğusu ilə müraciət edib. Həmin sorğuda Gürcüstan DİN-dən aşağıdakı suallara aydınlıq gətirilməsi xahiş olunub:

- Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı Azərbaycan hökumətinə, hüquq-mühafizə orqanlarına müraciət edibmi?

- Narkotranziti həyata keçirənlərin vətəndaşlığı məlumdurmu?

- Yükün sahibi kimdir?

- Yük hansı adla rəsmiləşdirilib?

- Azərbaycan ərazisində yükün tranzitlə keçməsini kim təşkil edib?

- Narkotrafikin arxasında dayanan şəxs və ya şəxslər müəyyən olunubmu?

Gürcüstan DİN sorğumuzun alınmasını təsdiqləyib və müvafiq şöbənin sorğunu cavablandırılacağı qeyd olunub.

Azərbaycanın hüquq-mühafizə orqanları da bu suallara cavab verməyə tələsmir. Bütün nəzərlərin cəm olunduğu Azərbaycan Gömrük Komitəsindən də “növbətçi” açıqlama belə yoxdur. “Azadlıq” qəzeti Gürcüstandakı mənbəyə istinadla yazıb ki, 2 ton 790 kiloqram heroinin Azərbaycanda ikinci emal prosesi keçməsi ehtimalı var və məsələ araşdırılır. Qəzet bu işin araşdırılmasında regionda təhlükəsizliyə maraqlı olan bir çox dövlətlərin birgə əməliyyat-araşdırma qrupunun iştirak etdiyini də yazıb.

Ötən yazımızda diplomatik qaynaqlardan “Yeni Müsavat”a daxil olan bilgi də bu məlumatla üst-üstə düşür. Həmin məlumata görə, Gürcüstanda rekord həcmdə heroin saxlanması beynəlxalq əməliyyatdır.

Həmin yazıdan sitat: “Heroin Gürcüstan marşrutu ilə Türkiyəyə, oradan da Avropaya çıxmalı idi. Əməliyyatı Amerika həyata keçirib. Gürcüstan da təsadüfən seçilməyib: ”Gürcüstan Respublikası Saakaşvili iqtidardan gedəndən sonra beynəlxalq narkomafiyanın zəif həlqəsinə çevrilib. Hazırda bu ölkəyə ABŞ xüsusi xidmətləri tam kontrol edə bilirlər. Digər bütün ölkələrdə, o cümlədən də İran, Azərbaycan, Türkiyədə narkomafiya təminatlı əlaqələrə malikdir. Narkotik partiyalarının daşınmasına isə Azərbaycanda iş quran əslən İrandan olan iş adamı məsuldur. O, neçə illərdir ki, bu işin başındadır və ilk dəfə böyük itki verib..."

“Yeni Müsavat” həmin iş adamının adını və daşınma firmasını, gələn narkotikin Bakı yaxınlığındakı saflaşdırma məntəqəsinin yerini müəyyənləşdirib. Lakin hələlik araşdırma gedir; ən yaxın saylarımızda təfsilat və adlar olacaq.

Əlavə olaraq, onu deyə bilərik ki, əməliyyatı narkotiklərlə mübarizə üzrə beynəlxalq DEA təşkilatı həyata keçirib. Bu təşkilat terrorla dünya çapında terrorla, narkotiklərlə mübarizə, qaçaqmalçılığa qarşı miqyaslı tədbirlər aparan beynəlxalq qurumdur. Lakin bu qurum birbaşa Amerikanın nəzarətindədir - onun maşasıdır.

DEA yalnız mübarizə aparmır- həm də narkotiklərin böyük partiyadakı trafikinə, reallaşmasına və dünya üzrə narkobazara nəzarəti həyata keçirir. Bizim diplomatik qaynaqlar deyir ki, İran kökənli Azərbaycan iş adamının da yer aldığı sonuncu əməliyyat məhz DEA-dan gizli hazırlanıb və bu da amerikalıları qəzəbləndirib...

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə, gömrük və sərhəd xidməti orqanları maye halında olan, 93 ədəd 30 litrlik çəlləyə doldurulmuş heroinin sərhəddən necə keçdiyinə hələ də aydınlıq gətirməyib. Gürcüstan daxili işlər nazirinin açıqlamasından məlum olur ki, “qara bazar”da dəyəri təxminən 170 milyon dollar olan əfqan mənşəli heroinin ələ keçirilməsi üçün qurulan əməliyyat planında Azərbaycan da iştirak edib və narkotik maddə sərhəddən məhz bu əməliyyat planı çərçivəsində, yəni məqsədli və planlı şəkildə buraxılıb.(Musavat.com)

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar