"Özünəvurğunluq qələm əhlinin ən böyük düşmənidir" - Şair Heydər Oğuz

“Özümü daha çox şair kimi görürəm”

Şair-publisist Heydər Oğuzun AzPolitika.info-ya müsahibəsi

- Azərbaycan ictimaiyyəti Heydər Oğuzu həm şair-publisist, həm də Ədalət Partiyasının sədr müavini kimi tanıyır. Siz özünüzü əsasən kim kimi görürsünüz?

- Yaxşı sualdır. Düzünü desəm, Azərbaycan ictimaiyyətinin Heydər Oğuz adlı bir insanın mövcudluğundan xəbəri olduğunu düşünmürəm. Yazılarımı, şeirlərimi oxuyanlar var. Amma onlar Azərbaycan ictimaiyyətidirmi, bilmirəm. Sualı “Azərbaycan ictimaiyyətində Heydər Oğuzu tanıyanlar var” şəklində qoysaydınız, daha doğru olardı. O ki qaldı mənim özümü daha çox kim kimi tanımağıma, doğrusu, bu barədə də nəsə deməyə çətinlik çəkirəm. Hərdən ürəyim dolanda onu boşaldıram, sözlərim vərəqə şeir kimi tökülür. Əgər şairlik deyilən nəsnə budursa, şairəm. Uşaqlığımdan bəri ülvi bir missiyayla ortaya çıxan qrupların arasında olmuşam. Ölkəmin müstəqilliyini arzulamışam və bəzən arxada, bəzən ortada cərgəyə qoşulub sonunu bilmədiyim bir mübhəmə doğru getmişəm. Siyasətçilik budursa, mən siyasətçiyəm. Bəzən ətrafımda baş verən hadisələri kağıza köçürəndə publisistik yazılar yazdığımı deyiblər. Publisistika budursa, publisistəm. Onlar arasında seçim edə bilmərəm. Çünki mən hansı məqamda olmuşamsa özüm kimi olmağa çalışmışam. Bununla belə insan oğlu hansı fəaliyyətə daha tez başlayırsa özünü oraya aid edir. Mən də ilk əvvəl şeirlə həyata başlamışam. Sonra siyasi cərəyanlara qoşulmuşam. Ən nəhayət isə publisistikada qələmimi sınamışam. Bu mənada özümü daha çox şair kimi görürəm.

- Cəmiyyətdə belə fikir var ki, incəsənət və ədəbiyyat adamı siyasətə qoşulmasa yaxşıdır. Siyasət sənətkarı kiçildir. Siz bu fikirlə razısınızmı?

- Kiçilmək üçün gərək birinci növbədə böyük adam olasan. Görünür, bu fikir böyük sənətkarlar üçün deyilib. Mənsə özümü cızma-qara edən qələm əhli kimi tanıyıram. Deməli, siyasətin məni kiçiltməsi mümkün deyil. Üstəlik, bu mülahizələrin doğru olduğunu da sanmıram. Siyasi həyatın ən yüksək pilləsi ölkəyə rəhbərlik etməkdir. Dünyada, xüsusilə bizim Şərq aləmimizdə xeyli şahlar var ki, şairlik ediblər. Bu gün belə Şah İsmayıl Xətainin şeirləri onun şahlığından daha çox bu məmləkətə xeyir verir. Siyasət şairliyi kiçiltsəydi, belə olmazdı.

-Bəlkə şairlik siyasətçini kiçildir? Yəqin razılaşarsınız ki, şairlər emosional olurlar. Emosionallıq isə siyasətçinin zəif nöqtəsidir.

-Bu fikirlərlə də razı deyiləm. Bayaq dediyim kimi Şah İsmayıl Azərbaycan türkünün yetişdirdiyi ən böyük siyasətçidir. Bu gün bir sıra fikir adamları onu tənqid atəşinə tuturlar. Guya xeyli qan tökdüyünü, türk dünyasının bətninə məzhəb fərqliliyi gətirib onu parçaladığını bildirirlər. Fəqət bütün bunlar onun ciddi siyasi xadim olmasına kölgə salmır. Bir siyasətçi əgər bir millətin taleyinə pis və yaxşı istiqamətdə təsir etməyi bacarırsa, onun dini inanışını belə dəyişə bilirsə, deməli, o ciddi siyasətçidir. Eynilə hazırda Türkiyədə 11 partiyanın birləşib mübarizə apardığı və onun qarşısında məğlubiyyətə doğru sürükləndiyi Rəcəb Tayib Ərdoğan öz siyasi xarizmasını şair təbiətinə, emosional tövrlərinə borcludur. Emosionallıq bütün hallarda siyasətçi üçün neqativ xarakter deyil, o bəzən məğlubiyyətə apadığı kimi, bəzən də gözlənilməz qələbələr gətirir. Təbii ki, bu fikirlərin mənim siyasi bacarığımla heç bir əlaqəsi yoxdur. Sadəcə fikirin özü səhv idi. Mən də bunu inkar edirdim.

- Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüzmü?

- Xeyr. Heç üzvü olmaq fikrim də yoxdur. Bilirsinizmi, bəzən çox yerə üzv olmaq insana əlavə yükdən başqa heç nə gətirmir. Boş-boşuna keçirilən qurultaylar, gurultulu iclaslar, yazıçılar arasında baş verən intriqalar insanı yaradıcılıqdan ayırır. Bəzən insanı qoynuna alıb xəyallara aparan alqış səsləri yazıçı və ya şairdə özünəvurğunluq hissi yaradır. Özünəvurğunluq isə qələm əhlinin ən böyük düşmənidir. Şeirlərimin birində bu fikri belə ifadə etmişəm.

Tək qələm yazarın quludur, demə,

Həm də qələminin quludur yazar.

Bəlkə də bundandır, yazar qələmə,

Qələmsə yazara baş əyib yazar.

Yəni demək istəmişəm ki, yalnız öz qələminin önündə baş əyən yazar əsl yazar ola bilər. Təəssüf ki, AYB və s. kimi qurum və təşkilatlar qələm əhli olanları ya şöhrət, ya mənfəət müqabilində əsir alan, başqalarına baş əydirən qurumlardır. Dünyanın heç bir sivil ölkəsində bu cür dövlət nəzarətində olan yazarlar təşkilatı yoxdur. SSRİ-dən qalma bu qurumun başlıca məqsədi qələm adamlarını nüfuzdan salmaqdır. Çünki yazarsız, düşünürsüz toplumu idarə etmək daha asandır.

- Niyə elə düşünürsünüz? Axı Yazıçılar Birliyi kimi qurumlar dövlətin qələm adamlarına qayğı göstərməsi üçün yaradılıb. Həqiqətən də sovet hakimiyyəti dövründə həmin qurumlarda təmsil olunanlar bunun bəhrəsini də görürdülər. O başqa məsələdir ki, hazırda bu birlik, necə deyərlər, arabanın beşinci təkərinə çevrilib. Bəlkə siz yazarlar çalışıb onu bu lüzumsuz vəziyyətdən çıxarasınız, yenə əvvəlki hörmətə qaytarasınız?

- Təcrübələr göstərir ki, qələm adamlarına dövlət qayğı göstərdikcə onların nüfuzları aşağı düşür. İnanmırsınızsa, heç bir dövlət qayğısı görməyən Avropa yazarlarının da, bizimkilərin də durumuna özünüz nəzər salın və müqayisə edin. Avropalı yazarlar toplumun ən çox hörmət edilən, pul qazanan kəsimləridir. Bizim yazarlar isə acından ölürlər. Bir tikə çörək yiyəsi olmaq üçün yaltaqlanmağa, mədhiyyələr yazmağa məhkumdurlar. Çörək xətrinə yaltaqlıq insana xas olan xüsusiyyət deyil. Ona görə də cəmiyyət tərəfindən xoş qarşılanmırlar. Dərc etdirdikləri kitablarını yaxınlarına paylayırlar. Təsəvvür edin ki, Azərbaycanda ən məşhur yazıçı və şairlərin kitabları cəmi 500 tirajla çıxır. Onun böyük qismi isə otağının bir küncündə qalıb saralır. Halbuki o yazar öz övladına toy etsə tədbirə 500-ə qədər adam gəlir. Çıxış edənlərin əksəriyyəti ədibin şəninə mühazirələr oxuyur, onun adını gəlib-getmiş ən böyük dahilərlə bərabər anır. Amma heç kim maraq göstərib adamın kitabını almır, yaradıcılığıyla maraqlanmır. Çünki bu kitabın öz həyatlarında müsbət rol oynayacağına inanmırlar. Ədəbiyyatı dövlət qayğısından məhrum ölkələrdəki yazarlar isə bütün qazanclarını, şan-şöhrətlərini dərc etdirdikləri kitablardan əldə edirlər.

- Amma bu da bir faktdır ki, Azərbaycanda qələm adamlarının tanınmasında AYB-nin müstəsna rolu olub və bu gün də vardır.

- Bəlkə də... Sizin fikirlərinizə çox etiraz etmək istəmirəm. İnandığım həqiqət isə başqadır. AYB-nin 1600 üzvü var. Düşünə bilirsinizmi, 1600! Heç, bəlkə də bizdən10 dəfə böyük olan Türkiyədə belə bu qədər ədib yoxdur. Bir də qurumun qeydiyyatında olmayan nə qədər yazar və şairlərimiz var. Siz bir media qurumusunuz. İndiyə qədər neçə AYB üzvü olan ədibdən müsahibə almısınız?

- Bilmirəm, bəlkə də heç almamışıq.

- Amma qurumun üzvü olmayan və özünü heç düz-əməlli şair hesab etməyən Heydər Oğuz isə sizə müsahibə verir.

- Nə demək istəyirsiniz?

- Demək istəyirəm ki, AYB ədiblərin cəmiyyətə tanıdılmasında müstəsna rol oynasaydı və ictimaiyyət onlar haqqında maraqlansaydı, siz də heç olmasa media maraqları xətrinə onların fikirlərinə öz səhifənizdə yer verərdiniz.

Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar