Rəhbərləri həbsdə olan QHT-də seçki keçirilib

İyulun 24-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) ümumi yığıncağı keçirilib.

Təşkilatdan “Media forum” saytına verilən məlumata görə, yığıncaqda Anar Məmmədli yenidən SMDTM-in sədri, Bəşir Süleymanlı və Samir Kazımlı isə sədr müavinləri seçiliblər. Bundan başqa, SMDTM-in İdarə Heyətinə yeni üzvlər gəlib.

SMDTM Azərbaycanda azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi, vətəndaş cəmiyyəti və demokratiyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatıdır. Qeydiyyatı ləğv edilmiş Seçki Monitorinq Mərkəzinin (SMM) bazası əsasında, 2008-ci ilin dekabrında təsis olunub.

SMM 2001-ci ilin iyulunda təsis edilmişdi. Onun qeydiyyatını 2008-ci ilin mayında Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai Rayon Məhkəməsi ləğv edib.

SMDTM 2009-cu ildə Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etsə də, bu müraciət təmin edilməyib. Qurum məhkəməyə birləşmək hüququnun pozulması iddiası üzrə şikayət edib. Ölkədəki məhkəmələr şikayəti təmin etməyib. Təşkilat Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutub.

SMDTM-in sədri Anar Məmmədli və sədr müavini Bəşir Süleymanlı həbsdədirlər. Onlar 2014-cü ilin may ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum ediliblər. Anar Məmmədli 5 il 6 ay, Bəşir Süleymanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onlar maliyyə cinayətlərində təqsirli bilinib. Bəzi yerli və beynəlxalq hüquq müdafiəçilərinin fikrincə isə bu həbslər SMDTM-in fəaliyyəti, seçkiləri müşahidə edib rəy verməsi, xüsusilə də 2013-cü ilin oktyabrında keçirilmiş prezident seçkisində ciddi qanun pozuntularının olduğu haqda rəy verməsidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar