GÖMRÜK KOMİTƏSİNİN 2 MÜAVİNİ VƏZİFƏSİNDƏN UZAQLAŞDIRILDI - Yerlərinə təyinat oldu

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavinləri Nazim Məmmədov və Şahin Bağırov vəzifələrindən azad olunublar.

"AzPolitika.info" xəbər verir ki, prezidentin digər sərəncamları ilə İqbal Babayev və Cavad Qasımov Dövlət Gömrük Komitəsinin sədr müavinləri təyin olunub.

Qeyd edək ki, bu təyinata qədər İqbal Babayev Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi, Cavad Qasımov isə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıblar.

Dövlət Gömrük Komitəsindən APA-ya bildirilib ki, Komitənin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinə Təmkin Xəlilov, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin isə Səməd Qaralov rəis təyin ediliblər.

Qeyd edək ki, İ.Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub. 1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib. 1990-ci ildə Kiyev İM Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri alıb.

1986-1991-ci illərdə KİMMU-də elmi işçi, müəllim, 1991-1992-ci illərdə AİMU-nin Hesablama Texnikası və Avtomatlaşdırma kafedrasında dosent, 1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri, 2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində “Seçkilər” İnformasiya Mərkəzinin direktoru işləyib.

2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini, 2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Kiyev İnşaat və Memarlıq Milli Universitetinin “Fəxri professor”udur və Azərbaycan Respublikasının AAK tərəfindən professor elmi adı verilib. 7 monoqrafiyanın, 13 dərsliyin, 100-dən çox elmi-metodiki işin müəllifidir. 6 elmi işinə müəllif hüququ verilib.

Azərbaycan Prezidentinin sərəncamları ilə “Vətənə xidmətə görə” 3-cü və 2-ci dərəcəli ordenləri, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Dövlət Gömrük Komitəsinin və digər nazirliklərin bir sıra medal və döş nişanları ilə təltif olunub. 2010-cu ildə “İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə” Milli İnternet Mükafatının qalibi elan olunub.

İngilis və rus dillərini bilir. Evlidir, iki övladı var.

Dövlət Gömrük Komitəsinin digər yeni sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov 31 may 1967-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə o vaxtkı Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1991-ci ildə “Bakkondisioner” Elmi İstehsalat Birliyində başlayıb. 1994-cü ildən “Azərenerji” dövlət şirkətinin “Enerjinin İstehsalı və Ötürülməsi” Birliyinin Yüksək Gərginlikli elektrik şəbəkələri xidmətində, 1996-cı ildən Rusiya Federasiyası Yanacaq Enerjisi Nazirliyinin “ВНИПМморнефтегаз” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə çalışıb.

1986-1988-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmət keçib.

1999-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin inspektoru kimi gömrük orqanlarında fəaliyyətə başlayıb.

Sonradan 1999 – 2002-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Aksiz Gömrük Postunun Gömrük rəsmiləşdirilməsi və nəzarəti şöbəsinin rəisi, 2002-2006-cı illərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi Sərnişin şöbəsinin rəisi, 2006-cı ildə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi işləyib.

2006-2008-ci illərdə Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi rəisinin 1-ci müavini – Gömrük Rejimlərinə Nəzarət İdarəsinin rəisi vəzifəsində çalışıb.

2014-cü ilin yanvar ayından Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

2003-2006-cı illərdə Dövlət Gömrük Komitəsində xidmət göstərdiyi zaman Rusiya Gömrük Akademiyasında qiyabi təhsil alıb və həmin Akademiyanı fərqlənmə diplomu ilə bitirib.

Cavad Qasımov 2008–ci ildə Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

İşdən çıxarılan  gömrük general-leytenantı Şahin Bağırovla bağlı mətbuatda maraqlı məlumatlar yayılıb. Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə anadan olub. O, 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlamış və Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb. Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının "Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib. 2014-cü ilin yanvar ayından Aydın Əliyevin müavinidir.

Məlumatlarda bildirilir ki, Şahin Bağırov bəzi sahələri öz inhisarında saxlayıb. Məsələn, Gürcüstandan və digər xarici ölkələrdən gətirilən avtomobillər general-leytenantın icazəsi olmadan ölkəyə buraxıla bilməzdi.

İşdən çıxarılan Dövlət Gömrük Komitəsinin digər sədr müavini, gömrük xidməti general- leytenant Nazim Məmmədovun isə ilk ixtisası baytar olub. Nazim Məmmədov  1951-ci il oktyabrın 8-də Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub. 1999-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin hüquq fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildə Ordubad şəhərində baytarlıq stansiyasında başlamışdır. 1976-cı-1995-ci illərdə Ordubad şəhərində müxtəlif təşkilatlarda işləmişdir.

1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır. 2007-cı ilin dekabrından bu günə qədər  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edib.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

turan 2018-07-07 12:44:46

1951-ci ildə anadan olub,1999-cu ildə Təfəkkür unversitetindən diplom alıb. 48 yaşənda diplom alan baytar-general.Ona görə də səhiyyəmiz də,gömrüyümüz də,enerji sistemi və s.sahələr hamısı bərbad gündə...

Vekil 2018-07-07 12:44:46

bu isletdikleri insanlari yigib ayda 1 defe sifetlerine baxis kecirilse yaxsi olar.....

Boyukxanli 2018-07-07 12:44:46

İqbal Babayev Yardimlinin Fexri

BAKILI 2018-07-07 12:44:46

Bu Nazim adli wexs surucu iwleyib...

Gömrükçü 2018-07-07 12:44:46

Maraqlı tərcümeyi-hal yazılır.Əvvəla anadan harda olub-bəlli deyil,institutu 2003-cü ildə bitirən adam bir ilə necə aspiranturanı da bitirə bilər və 2004-cü ildə müdafiə edər? Bir ilə olmur!aspiranturanın əyanisi 3 il,qiyabisi 4 ildir.Bir il ərzində həm minimum imtahanlarına hazırlaşıb imtahan vermək .dissertasiya yazıb müdafiə etmək mümkün olmayan bir haldır! Tarixdə bu olmayıb. Milləti fiksiya ilə çaşdırmayın!Azərbaycanda kadr siyasəti tənəzzülə uğradığı göz önündədir.

EWDER 2018-07-07 12:44:46

molodes,gel indi belelerile inkiwaf eleme...yavawdamaq olmaz

Malik 2018-07-07 12:44:46

....Birini digəri ilə dəyişmək,Yerdəyişimi aldadıcı haldır.....

Son yazılar