ABŞ VƏ AVROPA LİDERLƏRİ İLHAM ƏLİYEVİ TƏBRİK ETMİRLƏR – Beynəlxalq təcrid?!

2 gün ərzində cəmi 4 ölkənin prezidenti seçkilərin nəticələrini qəbul edib

İlham Əliyevin üçüncü müddət prezidentliyinə beynəlxalq aləmin münasibətinin sərt olacağına dair proqnozlar, demək olar ki, özünü doğruldub. Hakimiyyət çox kobud səhvə yol verərək bu seçkiləri əvvəlkilərdən də bərbad şəkildə saxtalaşdırmaqla, öz vəziyyətini daha da çətinləşdirib. ATƏT-in Müşahidə Missiyası faktiki olaraq seçkinin nəticələrini tanımayıb. Missiyanın ilkin hesabatına görə, seçkilər beynəlxalq standartlara cavab verməyib.

ATƏT missiyasının hesabatına istinad edən ABŞ Dövlət Departamenti də seçkilərin nəticələrini şübhə altına alıb. Dövlət Departamentinin sözçüsünün müavini Marie Harf tərəfindən oktyabrın 10-da Vaşinqtonda səsləndirilən bəyanatda qeyd edilir ki, ABŞ davamlı olaraq Azərbaycan hökumətini seçkilərin azad və ədalətli keçirilməsini, ölkədə toplaşma, birləşmə, ifadə azadlıqlarını təmin etməyə çağırıb: ”Təəsüf ki, biz bu seçkinin beynəlxalq standartlara uyğun olmadığı qənaətinə gəlmişik.”

“Biz vəziyyəti dəyərləndirməyə davam edəcəyik və siyasətimizi nəzərdən keçirərək bundan sonra necə addım atacağımıza baxacağıq”,- deyə ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf bildirib.

Qeyd edək ki, seçkidən 2 gün keçməsinə baxmayaraq, ABŞ-dan İlham Əliyevə təbrik gəlməyib. Nə president Barak Obama, nə də digər ABŞ rəhbərləri İlham Əliyevlə bundan sonrakı əməkdaşlığı təsdiq edən açıqlama yaymayıblar.

Ümumiyyətlə, sivil dünya, Qərb hələ ki gözləmə mövqeyindədir. Seçkidən keçən 2 gün ərzində cəmi 4 ölkənin rəhbəri İlham Əliyevə təbrik teleqramı vurub. Bunlar Gürcüstan, İran, Rusiya və Türkiyənin rəhbərləridir.

Avropanın liderləri də ABŞ prezidenti kimi gözləmə mövqeyindədirlər. Halbuki, 2003-cü ildə İlham Əliyev ilk dəfə president seçiləndə ABŞ dövlət katibinin müavini Armitac MSK-nın ilkin nəticələrini gözləmədən İlham Əliyevi təbrik etmişdi.

İlham Əliyevin beynəlxalq hüquqa zidd olaraq 3 cü müddətə seçkilərə qatılması, üstəlik səsvermənin nəticələrinin kobud şəkildə saxtalaşdırılması Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna öldürücü zərbəni vurmaqdadır.

Bu vəziyyət Azərbaycanın Qərbdən təcridi ilə nəticələnə bilər və çox güman ki, hadisələr bu istiqamətdə inkişaf götürəcək.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar