"Azərbaycan düşmənlərinin işidir..." - Politoloq Qabil Hüseynli

"Gəncədə baş verənlər Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin işidir".

Bu fikri musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib. O, bildirib ki, çox kədərli və Azərbaycan üçün ağır nəticələrə gətirə biləcək hadisələr baş verir: "Tutalım ki, gəncəlilər dinc mitinq keçirmək istəyirdilər. Mitinqin təşkilatçısı isə yox idi. Belə təşkilatçısı olmayan tədbirin keçirilməsinin özü təhlükəlidir. Yəni camaatı küçələrə çağırmaq, ancaq bu işin təşkilatçısının olmaması sözsüz ki, xoşagəlməz nəticələrə gətirib çıxarmalı idi və çıxardı da. Biz dəfələrlə xəbərdarlıq etmişik ki, Azərbaycan ətrafında mürəkkəb oyunlar oynanılır. Azərbaycan xalqı dövlətçiliyimizə, ölkəmizə, daxili sabitliyin qorunmasına yönəlmiş hərəkətlərin iştirakçısı olmamalıdır. Bəli, xalqın çatışmazlıqları, narazılıqlar var. Ancaq bunları bildirməyin sivil yolları var. Bunu ölkənin prezidenti də bilir, bu istiqamətdə səylərini göstərir. Ancaq xəncərlə, kəsici alətlə icazəsiz mitinqlərə çıxmaq artıq digər hadisələrdən xəbər verir. Belə görünür ki, proseslərdə bizim dövlətçiliyimizin mövcudluğunu sevməyən qüvvələrin əli var ".

Politoloq bildirib ki, belə bir şəraitdə polisə əl qaldırmaq, xəsərat yetirmək böyük cinayətdir.

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.

Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla, 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

635x100

Şərhlər

TARİX 2018-07-10 23:52:23

BÖYÜK FACİƏDİR ALLAH RƏHMƏT ELƏSİN.POLİS VƏZFƏSİNİ YERİNƏ YETİRİRDİ.

Son yazılar