Həyat yaşamaq üçün mübarizədir! - Valideyn minnətdarlığı

Dünyaya gəldiyimiz zamandan həyat öz sürprizləri ilə qarşılayır bizləri.  Bəzən bu sürprizlər könlümüzcə, ürəyimizcə olur, bəzən də gözləmədiyimiz, arzulamadığımız anlarda kədər də olur. Bəli, həyat yaşamaq üçün mübarizədir, yaşamaq üçün mübariz olmalısan ki, arzuladıqlarına çata biləsən.

2010-cu ildə Rövşən Hüseynovun ömrünün sevinc payı olan ikinci övladı Daniyalın dünyaya gəlişi ailələrinə bir sevinc, xoşbəxtlik gətirdi. O, heç zaman düşünməzdi ki, bu körpə balanın özü ilə bərabər özü boyda da dərdi gəlibmiş dünyaya. Bir yaşı olduqda sətəlcəmlə stasionar şəkildə müalicə alır və səhhətində irəliləyişin olmaması həkimlərdə şübhə yaratdıgı üçün B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda qan analizləri verməsi  məsləhət görülür. Üç gün sonra cavabları ona verən tibb bacısının sözləri hələ də qulaqlarında səslənir: “Övladınız talassemiya xəstəsidir, ancaq üzülməyin, nə yaşınız var!.. Başqa övladınız da var və inşallah, yenə də övlad sahibi ola bilərsiniz”.

Bundan sonra Respublika Talassemiya Mərkəzi Rövşəngilin daima ziyarət etdikləri ünvana çevrildi. Yeni qurulmuş mərkəzdə yetərincə təcrübəli mütəxəssislər olmadığı aşkar görünürdü. Bu illər ərzində övladının sağalması ümidi ilə müalicə və müayinəsi üçün çarəsiz qalaraq azı ildə iki dəfə digər ölkəyə üz tutaraq, eyni zamanda Talassemiya Mərkəzi ilə də əlaqələrini kəsməyib övladı üçün müayinə və məsləhətlər alır. Bir müddət sonra dünyaya gələn üçüncü övladı da genetik cəhətdən valideynləri bu xəstəliyin daşıyıcısı olduğu üçün talassemiyalı doğulur. Artıq taleləri ilə barışan Hüseynovlar ailəsi əlindən gələn fədakarlığı edərək üç övladının yaşamı üçün daim axtarışdadırlar. Bu illər ərzində ona doğma ana kimi hörmət bəsləyən Mərkəzin həkimləri Zemfira xanım, Samirə xanım, Nərgiz xanım, digər həkimlər və tibb bacıları öz dəstək və köməklərini əsirgəməyiblər.

2017-ci ilin mart-aprel aylarında Daniyalın səhhəti kəskin ağırlaşdığı üçün qan ehtiyacı yaranır və Rövşən dostları, qohumları vasitəsilə, eləcə də özü qan bankında övladı üçün qan axtarır və saatlarla qan verəcək insanları gözləyir. Problem bundadır ki, Daniyalın qan qrupu mənfi 1- rezusludur və bu qan qrupu çətin tapılır. Bu üzdən Daniyalın vəziyyəti kəskin ağırlaşır. Rövşən, həmişəki kimi, qan bankında ümidlə gözlədiyi vaxt görür ki, Daniyalın müalicə həkimi, Mərkəzin şöbə müdiri Samirə xanım taksidən düşərək təngnəfəs qan bankının həkimlərinə necə təlaşla Daniyal üçün qan götürməyə gəlir. Əməkdaşlardan biri “Doktor, özünüz gəlmisinizsə, görünür, vəziyyət çox ciddidir, necə olur-olsun, ümidinizi üzməyin, bu gün qan olar, inşallah”- dedi.  Bir az keçdikdən sonra qan institutuna qan göndərilir.

Artıq Daniyal 1-ci sinfi bitirib. Ancaq o ağır günlərdə Samirə xanımın atdığı addım Rövşən Hüseynov üçün həkimin həkimlik borcundan çox insani borc kimi yaddaşına yazılıb, həkimlərə sevgisini birə-min artırıb. Demək, hər şey maddiyyatla deyil, insanlıqla ölçülür deyir. Əvvəlki illərdə bəzən Mərkəzdə müəyyən analizlərin alınması, yoxlanması üçün laborator şəraitdən asılı olaraq digər xəstəxanalara üz tutmaq məcburiyyətində qalınırdı. Müəyyən müddət Mərkəzin direktorsuz fəaliyyət göstərməsi valideynlərdə bir ümidsizlik yaratmışdı. Lakin sonradan bu ümidsizliyə son qoyuldu. Belə ki, 2017-ci ilin may ayında Heydər Əliyev Fondunun rəhbəri, Birinci vitse-prezident Mehriban xanımın dəstəyi və təşəbbüsü ilə respublikamızda yetərincə tanınmış peşəkar hematoloq Valeh Hüseynov Talassemiya Mərkəzinə direktor təyin olundu və gəlişi ilə insanlara bir ümid gətirdi. Təyin olunduğu müddətdən sonra hər dəfə Mərkəzə gedib yenilikləri gördükcə Rövşən kimi valideynlərin sevinc hissi çoxalır.

“Burada baş vermiş yeniliklər, daha yaxşı xidmət, keyfiyyətli müalicə övladlarımız üçündür. Bir il elə də çox müddət deyil nələrisə qurub-yaratmaq üçün. Lakin Valeh həkimin birillik fəaliyyətinə bir valideyn olaraq diqqət etdikcə qürur duyuram. Belə ki, gördüyüm fərqləri deməyi özümə borc bilirəm. Analizləri artıq Mərkəzdə veririk, digər xəstəxanalara üz tutmuruq. Bu, biz valideynlərin rahatlığı üçündür ki, əlavə vaxt və maddi itkinin qarşısını alır. Talassemiya olmayan xəstələrin müayinə və müalicəsinin də Mərkəzdə qəbulu bir yenilik, personalında yaxşı işləməsinə zəmin yaratması alqışa layiq addımdır. Qəbul qaydalarında yeniliklər sağlam və talassemiyalı xəstələrin müayinə və analizlərinin ayrı-ayrı mərtəbələrdə aparılması, xəstələrin növbə gözləmədən rahat şəkildə müayinə və müalicəsi diqqət çəkir.

Bütün bu yeniliklərin səbəbkarı olan Mehriban xanıma təşəkkür edirəm ki, belə gözəl bir seçim etmiş, öz işinin mahir bilicisi olan Valeh Hüseynovun bu Mərkəzə direktor təyin olunması təşəbbüsü ilə çıxış etmişdir. Biz valideynlər sanırıq ki, yeniliklər bununla bitməyəcək, daha çox yenilik, dəyişiklik görəcəyik. Yuxarıda sadaladığım dəyişikliklər üzdə olan bizlərin görə biləcəklərimiz. Mərkəzin əməkdaşlarını da bu yeniliklərin fərqinə varır və bu barədə onlarla öz təəssüratlarımızı bölüşürük. Valeh Hüseynova hər birimizin inamı böyükdür. İnanırıq ki, bu Mərkəz uğurlu işləri ilə özünü təkcə Azərbaycanda deyil, dünya səhiyyəsində yüksəksəviyyəli bir səhiyyə ocağı kimi tanıdacaq. Biz valideynlər inanırıq ki, yaxın gələcəkdə donorlarla bağlı da ölkə qanunvericiliyində əlavə dəyişikliklər olacaq ki, övladlarımız bu xəstəlikdən vaxtında xilas olsunlar. Mən öz adımdan və övladlarım Hüseyn, Daniyal, Təbrizin adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, bu Mərkəzin yaradılmasına göstərdiyi təşəbbüsə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, eləcə də Mərkəzdə baş verən dəyişikliklərə, yeniliklərə görə Mərkəzin direktoru Valeh Hüseynova, həkimlər Zemfira xanıma, Samirə xanıma, Nərgiz xanıma, Tünzalə xanıma, Zaur həkimə, adlarını çəkmədiyim bütün əməkdaşlarına sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm. Allah sizləri qorusun! Yaxşı ki, varsınız, bizlərin ümid yeri sizlərin ünvanıdır”- deyir Rövşən Əlabbas oğlu Hüseynov.

 

Cəmilə (Çiçək) İsbəndiyarova,

filologiya üzrə fəlsəfə doktoru,

Prezident təqaüdçüsü

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar