KÖNÜLLƏRİN MİLLİ QƏHRƏMANI - "O, Tanrı dərgahına gülərüzlə gedirdi"

Mən onu sağlığında tanımadım!!!

Mən onu sağlığında yazılarımın real qəhrəmanı, Vətənimin layiqli və ləyaqətli kişisi kimi təqdim edə bilmədim!!!

Ancaq hər zaman qəhrəman axtarışındaydım. Qəhrəmanımın arxasınca Çeçenistana Şamil Basayevin evinə getdim. Onu Vətənimə təqdim etdim. Şamil Basayev məndən Qarabağı soruşdu, dedi ki, o bizim Vətənimizin uğrunda da öz dəstəsi ilə vuruşub. Hakimiyyətdaxili çəkişmələr, onun dəstəsinin sona qədər vuruşmasına mane olub... Peşəmiz, şakərimiz belədir, vətəndaşlarımızın layiqli böyüməsi üçün qəhrmanları göstərməliyik ki, onlara oxşamağa çalışsınlar.

...Lakin mən nə o vaxt, nə də 2016-cı ilin aprelin 4- ü gecəsi saat 12-dən 1-ə işləmişə qədər bilmirdim ki, Azərbaycan Ordusunda 26 ildir xidmət edən, polkovnik rütbəsinə qədər yüksələn, sonra hansısa çəkişmələrin və intriqantların qisasına görə rütbəsi polkovnik-leytenanta endirilən, bununla belə əsgərlərindən pul yığmayan, əsgərlərinin cibinə pul qoyan, balalarına çatacaq halal maaşı ilə qulluq etdiyi hərbi hissələrdə əsgərlərinə bulaq çəkdirən, təmzi su içirdən, onlar üçün şərait yaradan, erməninin içərisinə gedib, onun “razvod”unu çəkib, Ali Baş komandan Heydər Əliyevə çatdıran, gözünü belə qırpmadan ermənilərin içərisinə gedib düşmən generalının oğlunu əsir gətirən Raquf Orucov adlı qəhrəman bir zabitimiz var. Boyu çox da uca olmayan, gözlərində gizli kədər, əsgərləri ilə danışanda, Vətəndən söz düşəndə bəbəklərində qığılcım, alov yanan bir igid qəhrəman var imiş... Mən onu tanımadım... Çünki o kəşfiyyatçı idi.

2016-cı il aprel ayının 4-dən 5-nə keçən gecə, Sumqayıtın dəniz kənarından gələn səsə doğru getdim... Qaranlıq küçə və dalanlardan keçib, səs-küylü yerə çatdım. Təəccüb, təlatüm, heyrət var idi içimdə. 14 mərtəbəli bunanın həyətində iynə atsan yerə düşməzdi. Gənclərin əllərində Azərbaycan bayraqları, hamısı qışqırırdı: “Xoş gəlmisən, cənab komandir!!!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”.

Onu əsgərləri çiyinlərində 13-cü mərtəbəyə qaldırdılar. Dedilər ki, “cənab komandir Raquf Orucov hər zaman bizim əziyyətimizi çəkib, bir anlığa biz də onun əziyyətini çəkmək şərəfinə nail olaq!!!”.

Onun tabutunu idmanda qəlbəbə qazanan qalibi başlarında gəzdirdikləri kimi, yerə qoymaq istəmirdilər. Elə bil ki, əllərindəki Qələbə kuboku idi!!! Raquf Orucov həqiqətən də Azərbaycanın Qarabağ müharibəsindəki Qələbə kuboku idi!!!

Mən Raquf Orucovu gecədən sonra tanımağa başladım!!! Bu günə qədər də, hər gün yenidən tanıyıram, hər gün yenidən kəşf edirəm, hər gün yenidən vurulub, sevirəm ONU!!!

Bu gün Azərbaycan xalqının könlünün, Vətənimin qəhrəmanı Raquf Orucovun 46 yaşı tamam olur. Artıq 3-cü ildir ki, onun doğum gününü az qala ölkə səviyyəsində qeyd edir vətənsevənlərimiz, qələbə istəyənlərimiz!

Bir gün bundan əvvəl komandirin əziz və sevimli qardaşı Zabil Orucovla yenə Aprel döyüşlərini və o döyüşün qəhrəmanlarını xatırladıq. İndi Zabilin həmin günlərdəki həyəcanlarını və ağrılarını dəyərli oxucularımla bölüşürəm:

“...Aprelin 3-ü komandir (onlar Raquf Orucovu ailədə də belə çağırırdılar) son dəfə həyat yoldaşı Sevinc xanıma zəng vurub söyləmişdi ki, “Aqşinə, Nihada de ki, dərslərindən yayınmasın, təhsilinə fikir versin. Uşaqlar təhsildən geri qalmasın”. (Sonradan biləcəkdik ki, heç vaxt telefonla danışanda uşaqların təhsilindən danışmayan komandir, sən demə ailəsinə son tapşırıqlarını verirmiş).

Sonra da deyib ki, “mənim daha telefonum tutmayacaq, narahat olmayın”.

Hamı kimi bizim ailə, qohumlar, dost-tanışlar Azərbaycan Ordusunun irəliləmə xəbərlərinə sevinir, tək-tək gələn şəhid xəbərlərinə isə acıyırdıq. Ancaq ürəyimizdə bir qürur, fəxarət var idi”.

Aprelin 4-dən etibarən isə erməni saytında xüsusi təyinatlıların Ağdərə - Talış kəndi istiqamətində həlak olmaları haqqında verdikləri xəbərləri eşidəndən sonra isə Zabil özünə yer tapa bilmir. Qadaşının telefonuna nə qədər zəng vursa da, telefon əhatə dairəsindən kənarda olur. Və polkovnik- leytenant Raquf Orucovla eyni xüsusi hərbi hissədə xidmət edən dostuna zəng vurub, xəbər öyrənmək istəyir. Dostu narahat halda bildirir ki, o özü xəstəxanada əməliyyatdan təzə çıxıb, bir başqa zabitin nömrəsini verir ki, həmin zabit komandirin yerini biləcək. Zabil ona verilən telefon nömrəsinə zəng vurur, zabit onun kim olduğunu soruşur. Zabil fikirləşir ki, indi durub bu zabitə desə ki, “Raqufun qardaşıyam”, yəqin ki, ona bir doğru-düzgün xəbər deməyəcək. Deyir ki, “ailənin yaxın adamıyam, komandirdən bir xəbər deyin”. Telefon xəttinin o başındakı adam “Qardaş, biz komandiri itirdik...” deyir. Zabil heyrətlə “Necə?”- deyə soruşanda, həmin adam eyni sözü təkrar edir... Zabil özünə gələndə böyük qardaşları Amil və Kamili axtarır, onlara deyir ki, komandir öz arzusuna çatıb, şəhid olub!!!

Yaxın qohumlar, qardaşlar günorta saat 13 radələrində Bakıdan Gəncəyə yola çıxırlar...

O qardaşlar ki, Raqufu bəzən aylarla görmürdülər o qardaşlar ki, komandirlə fəxr edir, onu ailədə özlərinin böyüyü sayırdılar. O dostlar, o əsgərlər ki, komandirdən hər zaman vəfa , etibar, mərdlik, səmimiyyət və qeyrət görmüşdülər, indi aldıqları qara xəbərin ardınca gedirdilər... Gəncəyə gedən yol nə uzun imiş...

Yol boyu qoyulmuş postları keçib günorta saat 15:30 radələrində Gəncədəki 3 saylı xəstəxananın həyətinə gəlib çatanda, gördükləri qələbəlikdən təccüblənmədilər. Raqufu tanıyan dostları, əsgərləri, Ağdamdan olan qohum-əqraba da burada idi. Xəstəxananın həyətinə yığılan digər insanlar döyüşdə həlak olan və ya yaralanan doğmalarını axtarırdılar. Zabil də hər kəsdən qabaqda gedirdi. Elə bilirdi ki, komandiri ancaq o tapa bilər, o axtara bilər. Xəstaxanada dayanan bir polis işçisinə yaxınlaşıb, komandirin qardaşı olduğunu dedi. Xahiş etdi ki, Raquf Orucovun nəşinin tapılmasında yardımçı olsun: “Biz komandirin arxasınca gəlmişik. Arxayın olun, qara –qışqırıq salan deyilik, sakitcə götürüb aparacağıq”.

Həmin pols işçisi də ehtiramla, onun içəri keçməsinə şərait yaratdı. Zabil ona göstərilən otağa keçdi, amma komandiri tapmayanda sevindi. Ürəyində bir ümid yarandı. Fikirləşdi ki, bəlkə də qarmaqarışıqlıqdır, məlumat səhv olub, müharibədə o qədər belə hadisələr olur ki... Otaqdan çıxdı, Raquf Orucovu orada tapmadığını deyəndə, digər bir polis zabiti, yüksək çinli zabitlərin meyitlərinin başqa otaqda olduğunu dedi. Zabili həmin otağa apardılar. Və soruşdular ki, sən onu tanıya biləcəksənmi?

Zabil Orucov: “Bu sözü eşidəndə belim bir də sındı. Diz çöküb yerə oturdum. Özülüymdə fikirləşdim ki, biz elə 1992-ci ildən şəhid basıdırırıq da... nə qədər doğmalarımı, qohumlarımı bu torpağın uğrunda şəhid olub. Anam, dayım, qohumlarım... Öyrəncəliydik. Onların tanınmaz meyitlərini də görmüşdük, başı-bədəni üstündə olmayanını da dəfn etmişdik. Öz-özümə fikirləşdim ki, əgər Raquf tanınmaz halda olsa, başı üstündə olmasa, mən onu ayaqlarından tanıyacam. Ayağının birində qəlpələr var idi. Dəfələrlə qardaşımın çəkmələrini şişmiş ayaqlarından çəkib çıxaranda, həmin qəlpələri əllərimlə oynadıb demişdim ki, “ay komandir, niyə bu qəlpələri ayağından çıxartdırmırsan ki?!”. Raquf cavab vermişdi ki, “Zabil, mən o qəlpələri ancaq torpaqlarımız düşməndən təmizlənəndən sonra çıxaracağam. İndi çıxarsam, ağrılarım azalar, o ağrılar mənə rahat yatmağa imkan vermir, o ağrılar mənə deyir ki, Vətən torpaqları hələ dardadır”.

Mən qardaşımın qollarındakı, əllərindəki, üzündəki bütün nişanələri gözüyumulu tanıyırdım. Gözübağlı da onun şəhid olmuş bədəninə əlimi vursaydım, tanıyardım. Bu fikirlərin içərisində məni Raqufun saxlandığı otağa saldılar. Gördüm ki, otağın yuxarısında uzandırıblar. Üzündə bir gülüş, təbəssüm var. Özümdən asılı olmayaraq dedim: - Bu gülür ki...

İçəridəki hərbçilər və həkimlər tez məni dövrəyə aldılar, otaqdan çıxarmaq istədilər. Elə bildilər ki, havalanmışam. Dedim ay qardaş, mane olmayın, mən görürəm axı, qardaşım həqiqətən gülür... Özümə ata, arxa-kömək bildiyim, fəxr etdiyim qardaşımın cansız uzandığı yerə yaxınlaşdım. Onu bağrıma basıb, alnından öpdüm. Xoşbəxt idim ki, döyüşdən qalib çıxan bir Azərbaycan zabitinin alnından öpürdüm. Sonra digər qardaşlarımı da çağırdım. Üç qardaş birlikdə başımızın tacını, nəsıimizin sultanını, paşasını aparıb, məsciddə yuduq. Elə bil ki, yatmışdı. Söhbət elədik, dərdləşdik. Hallaşıb, görüşdük. Ancaq doymadıq. Bizi həmin dəqiqələrdə sınmağa qoymayan, ayaqda saxlayan qardaşımın üzündəki təbəssüm idi. Onu tabuta qoyanda elə bil ki, birdən ayıldım, ətrafdakılara dedim ki, “Komandiri bükməyə bayraq gətirin!”. O sevdiyi bayrağını son dəfə Talışda dalğalanan görmüşdü, o Talışda, Ağdərədə İkinci Qarabağ döyüşünü başlamışdı. Və bu döyüşü Qələbə ilə bitirmişdi. Komandirin üzündəki təbəssümü, gülüşü Tanrı ona görə əbədi yadigar qoymuşdu ki, Qələbə qazanan, torpağı işğaldan azad edən şəhidin necə göründüyünü bizə göstərsin! Çünki 1992-ci ildən sonra biz qardaşımızı nə ailə içərisində, nə toyda-şənlikdə ürəkdən gülən görmədik”.

Raquf Orucov 1992-ci ildən sonra ürəkdən gülə bilmədi. Talış yüksəkliyində dalğalandırdıqları üçrəngli bayraqımız, qələbəmiz onun üzünü əbədiyyətə qədər güldürmüşdü. O, Tanrı dərgahına gülərüzlə gedirdi.

Gəncədən qəhrəman Raquf Orucovun təxti- tacını aparan maşın karvanı yola düzəlmişdi. Gəncədən Yevlaxa qədər böyük bir avtomobil izdihamı var idi. Avtomobil karvanı Yevlaxdan keçəndə, insanlar yola çıxıb, komandirlə vidalaşmaq istəyirlər. Ağdamdan olan həmyerliləri və ağsaqqallar təvəqqe edirlər ki, komandirin, “Murov qartalı”nın tabutunu Sumqayıta aparmasınlar. Onu Ağdamın Azərbaycan bayrağı dalğalanan hündürlüyündə dəfn etmək istəyirdilər. Ağdamın Milli Qəhrəmanlarının əksəriyyətinin qəbri, işğal altında olduğundan, Raquf Orucov orada dəfn olunarsa, elə hesab edərlər ki, 1-ci Qarabağ savaşının qəhrəmanlarını ziyarət edirlər.

...Komandiri isə Sumqayıtda gözləyirdilər. Yol boyu həyat yoldaşı Sevinc xanım zəng vurub Raqufu tapa bilmədiyindən nigaran olduğunu deyirmiş. Sonuncu dəfə zəng vuranda Zabil deyir ki, Raquf yaralıdır, onu Bakıya gətirirlər... Sevinc xanım nə illah edirsə ki barı telefonla danışıb səsini eşitsin, qaynı bəhanə edərək, komandirin təcili yardım maşınında həkimlərin nəzarəti altında olduğunu deyir. Sevinc xanım, hətta hirslənib deyir ki, niyə onu vertolyotla deyil, maşınla gətirirlər, bir vertolyot tapılmadı, o boyda zabiti gətirməyə?.. Sonra 4 oğul atası Cahangir kişi zəng edir, digər oğlanlarına da deyir ki, “siz telefonu Raqufun qulağına qoyun, o məni hiss edəcək, səsimi eşidəcək və ağrıları kecəcək”... Qardaşlar məcbur olub telefonlarını söndürürlər.

Gecə saat 12-də Raquf Orucovu gətirən karvan Sumqayıt şəhərininın girəcəyinə çatanda, komandirin qardaşları gördükləri mənzərədən iftixar və qürur hissi keçirirlər.

Raquf Orucovun karvanı yol gələndə Sevinc xanım həyat yoldaşının yaralı olduğunu zənn edib, xəstəxanaya getmək üçün hazırlıqlara başlayır. Yataq otağındakı paltar dolabından ərinin paltarlarını götürür, mətbəxdə yemək hazırlayır, qab-qacaq, döşəküzü, balışüzü çıxarır ki, xəstəxanada ərinin qulluğunda duracaq. Bir də baxır ki, qaynı arvadı ağlayır. Təəccüblə ondan niyə ağladığını soruşur. Qayınxatını deyir ki, Raqufun yaralanması ona da pis təsir edir. Sevinc xanım, əllərini yelləyib deyir: “Ehhhh, sən də qəribə adamsan e... Raqufa nə olacaq ki, o qədər elə yaralandığı olub ki, yenə sağalacaq, ağlama...”.

Qapının zəngi çalınanda, kiçik qaynı Zabili görən Sevinc xanım sevincək: “Ay Zabil, məni Bakıya hospitala sən aparacaqsan?” deyə, soruşur. Zabil içəri keçib, onun boynun qucaqlayıb deyir ki, “yox bacı, aparmıram, Raquf özü gəlib, daha sənin getməyinə ehtiyac yoxdur...”.

Bu zaman 13-cü mərtəbəyə çiyinlər üzərində qalxan Komandiri əsgərləri son dəfə 21 martda qapısını örtüb getdiyi mənzilinə gətirirlər...

...O tabutun arxasınca həmin qapıdan girənlərdən biri də mən idim...

Mən Raquf Orucovu tabutda tanıdım. Üçrəngli bayrağımıza bükülmüş tabutda...

Həmin otaqdakı doğmalar, qohumlar “Raquf... Raquf...” deyib sızıldayır, ah-nalə edirdilər. Yan otaqda bir kişi də səssizcə ağlayırdı. Bir qəhrəman oğulun atası. Bax, o gecə boynunu qucaqlayıb üzündən öpdüyüm o kişinin göz yaşları ürəyimə axmışdı. Bu gün də göynədir ürəyimi, o kişinin, Çahangir dayının göz yaşları. Həyətdən səslər gəlirdi: “Cənab komandir, biz sənin əmrinə hazırıq!!!”.

Artıq ayrılıq vaxtı idi. Raqufu əsgərləri uyuyan Şəhidlər Xiyabanındakı yeni mənzili gözləyirdi. Zabil hamını otaqdan çıxararaq tabutun üzünü açıb, Sevinc xanımı həyat yoldaşı, səngər yoldaşı ilə baş-başa qoydu. O görüşdən qulaqlarında bir səs qaldı: “Raquf, haqqını bizə halal et!”.

Hamı 5 aprel səhərini dirigözlü açdı. Hər zaman keşiyini çəkdiyi əsgərləri bu gecə onun keçiyini çəkdilər, yenə əmrinə müntəzir dayandılar!!! O gün Sumqayıt bütöv Azərbaycan idi. O gün Raquf Orucovun dəfni bütün türk dünyasında - qəhrəmana, əsil zabitə, Vətən oğluna sədaqətin və hörmətin necə olduğunun əyani göstəricisi idi. O gün aramızdan əksəriyyətimizin tanımadığı, həmin günü kəşf etdiyi, sirləri həmin günü açılan bir qəhəmanı Vətən torpağına qovuşdurmaq üçün aparırdıq. O səslər, o titrəyişlər, o təlatümlər, əsl qəhrəmana olan məhəbbət və sevgi Azərbaycanın qəhrəmanlıq və Qalibiyyət tarixinə yazıldı.

Komandir Raquf Orucovla xatirələrini danışmaqla bitirməyən Zabil maraqlı bir hadisəni də xatırlayır:

“Sumqayıtda məskunlaşmışdıq. 9-cü sinifdə oxuyurdum. Qardaşım evə gəlmişdi. Payız günləri idi. Qardaşımla görüşüb, dərsə getməyə hazırlaşırdım, gedib çəkmələrimi geyinməzdən əvvəl ayaqlarıma sellafon torba keçirdim. Təəccüblə soruşdu ki, niyə elə edirsən... Dedim ki, çəkmələrim su buraxır. Mənə dedi ki, bu gün dərsə getmə. Dərsə getmədim. Məni “Sputnik” deyilən mərkəzdəki dükana apardı. Özüm həmin yeri demişdim. Orada sarı rəngli bir gözəl ayaqqabı görmüşdüm. Hərdən gedib oğrun-oğrun o ayaqqabıya baxıb, qayıdardım. Raquf o ayaqqabını aldı mənim üçün. Elə bilirdim ki, dünyanın xoşbəxtiyəm. Aradan illər keçdi. 2014-cü ilin avqust ayında qardaşımgilin yenə uğurlu əməliyyatları olmuşdu. Döyüş başa çatandan sonra, mən də getdim onun xidmət etdiyi hərbi hissəyə. Mənə dedi ki, “çəkmələrimin bağına 4 gündür ki, əlim dəymir, ayaqlarım şişib, gör onları dartıb ayağımdan çıxara bilərsən”. Çəkmələri çıxarmaq istədim, elə bil ki, çəkmələr ayaqlarına yapışmışdı. Dedim ki, “dartsam dərisi soyulacaq ayaqlarının”, dedi ki, “narahat olma, çək çıxart...”.

Sonra həmin, 1995-ci ildəki hadisəni xatırladı. Dedi ki, “sənin üçün o bahalı ayaqqabını alanda, cibimdə hərbi hissəyə qayıtmağa pulum qalmamışdı. Sən heç vaxt bilməyəcəksən ki, mən Ağdama necə qayıtmışdım”. Onda ona demişdim ki, “mən sənə bir ayaqqabı borcluyam...”. Mən qardaşıma o ayaqqabını qaytara bilmədim...

Bir dəfə də, təsadüfən bir qohumumuzun toyuna gəlmişdi. Toy mağarına girəndə baxdım ki, onun üst-başı, ayaqqabları toz-torpaq içərisindədir. Özlüyümdə elə utandım, elə sıxıldım ki... hamının komandir, qəhrəman kimi tanıdığı bir zabit, toya tozlu paltarla gəlmişdi. Yaxınlaşıb bu iradımı ona bildirəndə, gülə-gülə mənə dedi: “Sən məgər bilmirsən ki, mən kabinet komandiri deyiləm?! Səngər komandiriyəm! Mənim çəkməmin tozlu olub-olmaması önəmli deyil, önəmlisi düşmənin 300 metirliyində keşik çəkən əsgərimin yanında olmaqdır, onların təhlükəsizliyidir...”.

... Azərbaycan xalqının könlünün Milli Qəhrəmanı, vətən qəhrəmanı polkovnik leytenant Raquf Orucov haqqında hələ çox yazacaqlar. Ömür vəfa etsə, mən də bacardığım qədər yazacağam. Çünki mən hər zaman qəhrəmanları sevdim. Vətəninin azadlığı üçün döyüşən Şeyx Şamili sevdim, Türk dünyasının təməl prinsiplərini daşlara yazan xaqan Kül Təgini, xaqan Bilgəni sevdim, Əmir Teymura aşiq oldum. Mən Qəhrəmanlar aşiqiyəm. Ona görə ki, Vətənimin adı tarixlərdə qəhrəmanlarla əbədiləşir, ona görə ki, Vətəni qəhrəman xaqanlar və döyüşçülər Vətən edirlər. Raquf Orucovu isə Vətənimin ikinci Qarabağ döyüşlərinin Qalibiyyətinin başlanğıcı kimi sevirəm! Onun qəhrəmanlıqla həlak olduğu Ağdərəyə, Talış yüksəkliyinə ziyarətə gedə bilməsəm də, özünün və döyüş yoldaşlarının qanı axan Talış yüksəkliyinin adı Lələtəpə ilə birlikdə çəkilməsə də, bilənlər bilir ki, Talış yüksəkliyində məhz onlar bayrağımızı dalğalandırdılar. Raquf Orucov Vətənimin Qəhrəmanlıq simvoludur. Mənim üçün indi bütün qəhrəmanlıq tənliklərinin həllinin bir cavabı var. O cavabı hansı rəqəmə vurub, bölsəniz də, azaldıb çoxaltsanız da, son cavabı Raquf Orucovdur!!! Azərbaycan Ordusunun şərəfli və unudulmaz zabiti Raquf Orucov Qalibiyyətimizin riyazi qanunauyğunluğudur!!!

Qəhrəman komandir, Raquf Orucov!!! 46 yaşın qutlu olsun!!! Haqqını bizə halal etmə!!!

Aida Eyvazlı. (modern.az)

635x100

Şərhlər

Fərid 2018-07-12 11:07:56

Allah rəhmət etsin.Belə Qəhrəmanımız barədə əsərlər yazılmalıdır.Adı əbədiləşdirilməlidir.

Rəsmiyyə 2018-07-12 11:07:56

Allah Raquf Orucova rəhmət eləsin. Sağ olun Aida xanım qəhrəmanımızı bizə bir daha tanıtdınız, göz yaşı içində oxudum. Qəhrəmanımızla fəxr edirəm.

Bəhram Qarabağlı 2018-07-12 11:07:56

Büтün məтbuaтa уaуılacaq Qəhrəmanlıq proloqu və Siуasi çeviklik sədasıdır! Ruhun Şad olsun Qəhrəman RAQUB ORUCOV, qalanların soşbəxт olsun! Oxusun bunu vəтənini sevən hər vəтəndaşı.

X 2018-07-12 11:07:56

Evinde oturub general olanlar oxudumu utandimi yoxsa.....

X 2018-07-12 11:07:56

Sevenlerinin milli qehremani ad gunun mubarek milletimin fexri

Mirzə AĞ 2018-07-12 11:07:56

Yubileyin mübarək, qəhrəman qardaşım!!! Sağ olun, Aida xanım! Sizə təşəkkür edirəm!

Aslan AKbey 2018-07-12 11:07:56

Bu toprağın çocukları yetim kalmasın dedik. Kendi evladımızı yetim bıraktık. Gittik. Ağıtlar türküleri susturmasın diye, kanlı katillere kan kusturduk. Gittik. Hilal ile yıldızın ışığını ölümle karartmak istedi hainler.Biz ölmeden önce öldük. Hilalin ışığı parlasın diye, millet o ışığın altında daim yaşasın diye ölümün üzerine yürüdük. Üstümüze hücum eden çakallara karşı korkup sinmedik. Ezan olup dinmedik. Bayrak olup inmedik. Şehit olduk biz. Şehit. Ölmedik! San ki bir cennet bahçesine koydular, biz de memleket derdi ile yanan başımızı adı güzel kendi güzel peygamberimizin dizlerine koyduk. Belki de şu ahir ömrümüzde ilk kez huzurlu bir uyku uyuduk.

Son yazılar