“Vəhşilik edib qan tökmək hansı dində, hansı müqəddəs kitabda yazılıb?” - Millət vəkili

“Gəncədə baş verən terror, iki polis zabitinin qətlə yetirilməsi dəhşətli cinayətdir. Bu həm dövlətə, həm də dini-mənəvi dəyərlərimizə qarşı yönəlib.”

"AzPolitika" xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, Gəncədə törədilən təxribat ölkəmizə, onun dövlətçiliyinə, müstəqilliyinə vurulan bir zərbədir: “Baş verən hadisə ictimaiyyət tərəfindən hiddətlə qarşılanıb. Bu təkcə gəncəlilərə yox, Gəncənin timsalında bütün Azərbaycana qarşı yönəlmiş ssenaridir. Din və şəriət adına ləkə gətirən bir qrup radikal ünsürün xarici havadarlarına uyaraq belə bir vəhşilik törətməsi dini-mənəvi dəyərlərimizə də, şəriətimizə də zidddir. Bunların nə Qurana, nə də digər müqəddəs kitablara aidiyyəti var. Adam öldürmək, dövlətə, xalqa, millətə, ağsaqqala, ağbirçəyə, qanun keşikçisinə qarşı çıxmaq, hələ üstəlik vəhşilik edib qan tökmək hansı dində, hansı müqəddəs kitabda yazılıb? Bu hərəkətlər heç bir əxlaq kateqoriyasına, heç bir əxlaq normasına sığmır”.

Hadisənin baş vermə səbəbləri ilə bağlı təəssüratlarını bölüşən millət vəkili hesab edir ki, Gəncədə təxribatının arxasında dövlətimizi sevməyən qüvvələr dayanır: “Bizim hörmətli din xadimlərimizin, sağlam ruhlu və düşüncəli ilahiyyatçılarımızın dini-əxlaqi dəyərlərimiz barədə tutarlı izahatlarına baxmayaraq, nə üçün bəzi nadanlar və cəhalət adamları xarici təsirlərə qarşı məzlumcasına baş əyirlər? Bəlkə sosial şəbəkələrdə, saytlar və informasiya portallarında, xarici məlumat agentliklərində canfəşanlıq göstərən, insanların həssas və kövrək duyğuları ilə oynamağı bacaran “gözəgörünməz” müəlliflərin xidmətidir bu təsirlər? Bəlkə internet şəbəkələrimizdə və saytlarımızda bu və ya digər davranış məsələlərinə qeyri-peşəkar yanaşmalar var? Hesab edirəm ki, bütün hallarda bu hərəkətlərin, qanuna zidd əməllərin arxasında Azərbaycanı istəməyən gizli qüvvələr dayanır, əsas niyyətləri də sabitliyi pozmaq, insanlar arasında xof yaratmaq, onları kütləvi itaətsizliyə yönəltməkdir. Əlbəttə, bizim hüquq-mühafizə orqanları bu işi araşdıracaq və əminəm ki, cinayət törədənləri və təşkilatçıları aşkara çıxaracaq. Heç şübhəsiz onlar qanun qarşısında cavab verəcəklər”.

Soydaşlarımızı diqqətli olmağa çağıran deputat qeyd etdi ki, bu mərkli ssenariyə qarşı mübarizə hər birimizin mənəvi borcudur: “Son dövrlər Cənab Prezident İlham Əliyevin məqsədyönlü addımlarını, qətiyyətli daxili və xarici siyasətini sevməyən, gözü götürməyən ünsürlər fəallaşıb, onlar sistemli şəkildə ideloji təxribatla məşğul olurlar. Xarici ölkələrdə “isti yerdə” oturub saytlar, portallar, dini və etnik cərəyanlar və qurumlar vasitəsilə, youtube kanalları ilə nə cür olur-olsun xalqımız arasına təfriqə salmağa, bizim uğurlarımıza kölgə salmağa çalışırlar. Hətta bəzi xarici dini saytlar üsyana, itaətsizliyə səsləyən çağırışlar da edirlər. Xarici anti-Azərbaycan qüvvələrin belə bir mənfur niyyətini anlamaq çətin deyil, amma təəssüf ki, sapı özümüzdən olan baltalar – daxilimizdəki bəzi ünsürlər və qruplar onlara dəstək verir. Biz öz içimizdəki nankorların xain hərəkətlərinə də göz yuma bilmərik. Düşünürəm ki, ictimai rəyə təsir imkanı olan bütün insanlarımız bu adamları mümkün qədər qınamalı, cinayətə bəraət qazandıran adamların utancverici hərəkətlərini pisləməlidir. Biz hamımız dövlətimiz və Prezidentimizin ətrafında sıx birləşməliyik. Vətənimizin, torpağımızın, dövlətimizin mənafeyi naminə hamı bir nöqtəyə vurmalıdır. Və tam əminliklə deyə bilərəm ki, Azərbaycan dövlətini, onun müstəqilliyini, milli maraqlarını, mənəvi-əxlaqi dəyərlərini heç bir terror və təxribat sarsıda bilməz, çünki onun arxasında müdrik xalqıyla güclü liderinin sarsılmaz birliyi dayanıb”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar