"GƏNCƏDƏKİ HADİSƏLƏRİN ARXASINDA XARİCİ QÜVVƏLƏR DURUR" - İlham Əliyev iclas keçirib + VİDEO

"Bütün cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar"

Azərbaycan prezidenti İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.Toplantıda prezident bir çox önəmli məsələlərə diqqət ayırıb.

Azərbaycan Prezidenti İlham Əliyev respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bəyan edib ki, Gəncədəki hadisələrin arxasında xarici güclər durur.

İ.Əliyev bildirib ki, iyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət aktları dövlətçiliyə qarşı törədilmiş cinayətlərdir.

Dövlət başçısı xatırladıb ki, iki polis əməkdaşı şəhid olub, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı isə yaralanıb: “Bu cinayəti törədən cinayətkar qrup Azərbaycanda sabitliyi pozmaq istəyir. Cəmiyyətimizi qorxutmaq üçün bu qanlı terror aktları törədilib. Bu terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə islam dininə qarşı ən böyük cinayətdir. İslam sülh, mərhəmət dinidir. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Keçən il Azərbaycanda islam həmrəyliyi ili elan edilib”.

Prezident qeyd edib ki, Azərbaycanda dövlət vəsaiti hesabına tarixi, dini abidələr bərpa olunub. Onun sözlərinə görə, bu cinayətkarlar müsəlman deyillər: “Bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Bütün Azərbaycan xalqı bu qanlı cinayəti birmənalı olaraq pislədi, bu cinayəti törədənlərə öz nifrətini ifadə etdi. Azərbaycan dövləti də öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib. Bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub”.

Azərbaycan Prezidenti xatırladıb ki, müstəqillik illərində bir neçə belə cinayət törədilib, amma onlar niyyətlərinə çatmayıb. Çünki Azərbaycanda xalq-iqtidar birliyi var və bu birliyə nə xarici, nə də hər hansı daxili qüvvə təsir edə bilər: “Azərbaycanın müasir tarixi bunu sübut edir. Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, qurur. Bu gün Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. İqtisadi, hərbi quruculuq, idman, sosial və digər sahələrdə Azərbaycan sürətlə inkişaf edir. Son 15 ildə Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmayıb. Əlbəttə, uğurlarımıza kölgə salmaq, bizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı yalan, iftira üzərində qurulmuş kampaniyalar aparırlar. Azərbaycan xalqı bu yalanlara, böhtanlara inanmır, öz rəhbərliyinə inanır. Bu il keçirilən prezident seçkiləri bunu əyani surətdə sübut etdi”.

Prezident qeyd edib ki, xaricdən idarə olunan media tərəfindən də qaralama kampaniyası aparılır: “Bunun da nəticəsi olmur. Özlərini QHT adlandıran bir qrupun kampaniyasının da heç bir təsiri olmadı. Bu gün NATO-nun zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu sübut etdi. Azərbaycan dünyada böyük hörmətə malikdir. Bizim iradəmizə, siyasətimizə şər qüvvələr təsir edə bilmir. Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb. Azərbaycan dövləti, məhkəmə orqanları onların haqq, məhkəmə qarşısında cavab verməsini təmin edəcək. Bunun üçün bizim kifayət qədər gücümüz var. Aparılan əməliyyat-axtarış tədbirləri göstərir ki, cinayətkarların bir hissəsi saxlanılıb. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Azərbaycan xalqı isə tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz Azərbaycan xalqının xoşbəxt inkişaf yolunu təmin edəcəyik”.

"AzPolitika.info" həmin toplantıdan AzTV-nin reportajını təqdim edir:

635x100

Şərhlər

Hidayet Isa 2018-07-13 14:53:57

Tamamilə dəstəkləyirik Prezidentimizi necəki indiyə qədər keçirilən bütün seçkilərdə dəstəkləmişik! Prezident respublikanın 2-ci şəhərinə İcra başçısı təyin edib! O da gecə-gündüz xalqın, dövlətin xeyrinə işlərlə məşğul olub! Kiçik və böyük biznesə güclü dəstək verib.Rüşvətin və soyğunçuluğun qarşısını aldığından hamının rəğbətini qazanıb.Amma bunları gözü götürməyən düşmənlərimiz killerləri hazırlayıb göndəriblər bizim kadrlarımızı öldürsünlər və beləliklə respublikada qarışıqlıq salsınlar!!

R-n 2018-07-13 14:53:57

Esas sebeb korrupsiya,gohumbazlig,memur harinligi ..........kenarda dushmen axtarmag lazim deyil....

Molodes 2018-07-13 14:53:57

Nazirlərin, bəzi deputatların etdiyi talanlar bizim-xalqın gözü qabağındadır. Hec biri də qorxub gizlətmir. Hələ bizi öldürməklə hədələyirlər. Molodes.

Vətəndaş 2018-07-13 14:53:57

Prezidentimiz düz deyir.Öz çirkin niyyətlərini həyata keçirmək üçün bu oyunu təşkil edib millətimizin belinə radikal müsəlman damğası vurub sonra da bütün düyaya hayküy salıb bəyan etmək ən azından millətə qarşı xainlik, ermənidən pis düşmənçilikdir. Və bunu edənlərin milləti,dini yəqin ki məlum deyil. Olsa kimsə belə nakişilik edib öz millətini bütün dünyada gözdən salmaz.

S.Ənvər qızı 2018-07-13 14:53:57

Hörmətli cənab Prezident,Siz yorulmadan çalışırsınız ki, xalqımız firavan yaşasın.Əfsuslar olsun ki,bəzi nazirlər və icra başçıları öz xidmətləri ilə etimadınızı doğrultmaq əvəzinə vətəndaşı dövlətdən narazı salmağa rəvac verirlər.Bundan başqa hər deputat vaxtaşırı öz seçiciləri ilə görüşsə və onların dərdlərinə şərik çıxıb,şikayətlərini aidiyyatı üzrə məlumatlandırsa cinayət xarakterli işlərin qarşısı alınar. Uzun müddətdir ki,şikayətimizə RN-i Ramin Quluzadə tərəfindən baxılmır ?...

G.M 2018-07-13 14:53:57

Cənab Prezident siz düz yoldasınız.Xarici təxribata gəldikdə isə.Bu,sizə ``üzdə dost`` deyən Qonşu Dövlətlərin və sizdən bəhrələnib öz fərdi varidatını artıran bir qurup yarıtmaz məmur maaşı alıb biznesmen həyatı yaşayanların əsil simasıdır.Yeni,gənc kadrları vəzifəyə gətirdikcə bu təyziqlər olacaq.

Son yazılar