Helsinkidə yeni xörək - «Tramputin»

Deyilənə görə, Finlandiyanın paytaxtı Helsinki şəhərində restoranlardan biri («Kaffekievari» restoranı) Vladimir Putinlə Donald Trampın gözlənilən görüşü şərəfinə yeni, çox dadlı və gözəl adlı bir xörək «ixtira» eliyib - TRAMPUTİN.

İndi Finlandiyanın bütün qəzetləri, jurnalları «Tramputin»dən yazır, televiziyalar ancaq onu göstərir... Şəhərin restoranlarında görüşməmiş növbə yaranıb. Bəs necə, hamı yeni və gözəl xörəkdən dadmağa tələsir və s.

Xörəyin xeyli orijinal və o qədər də uğurlu resepti var. Belə ki, o, rus «blin»i, soğanlı smetan vurulmuş qırmızı balıqdan və bunların böyrünə düzülmüş dondurmalı, giləmeyvəli amerika «pankeyki»ndən ibarətdir. Müəlliflərin fikrincə, görək eyni vaxtda özündə həm şərq, həm də qərb (şirin və duzlu) təamlarını birləşdirir.

Maraqlıdır, restoran nümayəndələri xüsusi olaraq qeyd edirlər ki, kəşf etdikləri yeni xörək heç bir siyasi sətiraltı məna kəsb etmir. Müştərilərin zövqünə uyğun gələrsə, prezidentlərin görüşündən sonra da menyüdə qala bilər.

Necə də qalmasın? Dadı-tamı bir yana, görün necə lirik səslənir - TRAMPUTİN! Təsəvvür edin, Bakı restoranlarının birinə gəlirsən, «meyü»yə baxırsan (əgər menyu varsa!) və gözlərinə inanmaq istəmirsən - «novizna» bölməsində axtardığını tapırsan - TRAMPUTİN, özü də qırmızı hərflərlə...

Bir saatdan sonra ofisiant «xala xətirin qalmasın», sənə yaxınlahır və soruşur: Yemək istəyirdin, qardaş?

Sevincədən, sualın axmaqlığına əhəmiyyət vermirsən və şəstlə deyirsən: Bir porsiya «Tramputin» gətir!

Ofisiant nəzərlərini kənara yönəldiərək deyir:

- Onu hələ düzəltməmişik, amma yaxşı kabablarımız var - donuz ətindən, qaban ətindən, «qaşqaldaq» ətindən, hind toyuğu ətindən, kenquru ətindən, qoyun-quzu ətindən, xüsusi bəslənmiş porsuq ətindən, hətta siçovul ətindən və s.

- Yox, mənə TRAMPUTİN gətir!

- O, yoxdur...

- Onda müdiri bura çağır! Bu, nə restorandır ki, TRAMPUTİNi yoxur?..

Müdir gəlir və ikiqat əyilmiş halda, amma uca səslə «qardaş, onun resepti hələ gəlib bizə çatmayıb, amma gələr, inşallah...» deyir...

Gözləyək...

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar