TAĞI İBRAHİMOVUN AŞKAR HƏQİQƏTİ GİZLƏTMƏK CƏHDİ - Dürüst adamsansa, sənəd göstər! (İFŞA)

Bayram Səfərov "almışam, yaxşı eləmişəm" deyir, Tağı İbrahimov hansısa "moskvalı biznesmen Tofiq"dən danışır...

Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı, ATV-nin keçmiş rəhbəri Tağı İbrahimovun Novxanıda yerləşən villasını satması ətrafında müzakirələr səngimir. Villanın 4,5 milyon manata satılması ilə yanaşı, bu məbləğdə evin kim tərəfindən alınması da maraq dairəsində idi.

Azpolitika.info saytı bu arada yazdı ki, T.İbrahimovun 4,5 milyon manata satdığı möhtəşəm villanın yeni sahibi Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov imiş. Məlumata görə, Novxanının demək olar ki, ən gözəl yerində, üzü dənizə baxan təpənin yamacında yerləşən villa böyük ərazini əhatə edir. Bu ərazidə Azərbaycanın ən qüdrətli adamlarının - nazirlərin, iş adamlarının, generalların, polis rəislərinin və digərlərinin milyonluq villaları, bağ evləri yerləşir. İçərisində çoxlu sayda qiymətli ağacların, güllərin əkildiyi bağın dizaynının yüksək zövqlə işləndiyi də yayılan məlumatlar sırasındadır.

B.Səfərov özü isə mətbuata açıqlamalarında bir-birini təkzib edən, qeyri-müəyyən açıqlamalar verməklə çaşqınlıq yaratdı. Publika.az-a açıqlamasında “lap 5 milyon yazsınlar. Hamı villa ala bilər, mən yox? Belə şeylərə fikir vermək lazım deyil” desə də, ardınca “bu, yalan və ya doğru məlumat ola bilər. Məndə o qədər pul hardandır? O qədər pulum yoxdur. Villanı alğı-satqı etməmişik, ”barter" etmişik" deyib. İcma rəhbəri “Yeni Müsavat”a açıqlamasında isə “Belə bir villa var, ya yoxdur, kimə nə dəxli var ki” deyib.

Odur ki, yenidən villanın keçmiş sahibinə müraciət edib detalları aydınlaşdırmaq istədik.

Tağı İbrahimov “Yeni Müsavat”ın bu barədə sualını öncə əsəbiliklə qarşıladı: “Satmışam, hə, nə olsun?! Kimə satmışam, bunun nə dəxli var?” Ardınca iş adamı bildirdi ki, qəzəbinin kökündə bizim “Yeni Müsavat” olaraq ona telefon açmağımız dayanmır:

- Vallah, bəlkə də siz 40-cı jurnalistsiniz ki, bu məsələ ilə bağlı zəng edibsiniz. Mənim də işim-gücüm var, nə qədər eyni sualı eşitmək olar? İnan ki, mən sizə görə əsəbiləşmirəm. Özüm də 12 il media-holdinqin başında dayanmışam. Mövqeyim belədir ki, jurnalist bir məlumat aldısa, hadisə gördüsə, onu yazmadısa, o, jurnalist deyil. Amma axı bu məsələ elə də sensasiyalı şey deyil ki, ard-arda yazıla ki, filankəs bağını satdı. Satıb, satıb da, əl çəkin. (gülür)

- Tağı müəllim, amma alqı-satqı işində Bayram Səfərovun adı hallandı. Hətta Qarabağ icması sədrinin müəmmalı cavabı da çaşqınlıq yaradıb. Gah villanı aldığını, gah da o qədər pulunun olmadığını deyir. Bunu sizdən dəqiqləşdirmək istəyirdik...

- Mən bu evlə bağlı oğluma zəng etmişdim. Özü xaricdə yaşayır. Uşaqlar çıxıb gedib, o boyda bağ qalıb başsız. Dörd mühafizəçi var, onlar oturub orda, yaşayırlar. Mən də baxdım ki, o boyda ev qalıb başlı-boşuna, xarab olur, dedim götürüb sataq da. Oğlum da dedi ki, bir dostum var, ona satıram. Dedim satırsan, sat da. Vallah, heç bilmirdim kimə satıb. Sonra bildim ki, evi alan da Moskvada yaşayan Tofiq adlı biznesmendir, yaxşı da oğlandır, oğlumla dostdur.

- Bəs Bayram Səfərovun adı niyə hallanıb?

- Mən nə bilim? Onu hardan tanıyıram? İndi birini kimsə istəmir, gözü götürmür, haqqında müxtəlif şayiələr yayır. Yəqin kimsə onu istəmir, götürüb adını yazıb.

- Bəs evi 4,5 milyona satdığınızı təsdiqləyirsiniz?

- Yox, ucuz satmışıq. Əvvəllər deyirdi satım, deyirdim qalsın. Amma indi ucuz satdıq, deyilən qiymətdən yarıbayarı aşağı. Yazıblar, mən də ciddi reaksiya vermirəm. Mən 20 ildir heç kimə müsahibə vermirəm. 12 il televiziya rəhbəri oldum, bir adam müsahibə verdiyimi, ya şəklimi görüb? Yox. Mən müsahibə verməyi xoşlamıram. Ancaq adım hallanıb, mən də qısaca deyirəm, bütün bunları yaz, məsələ bağlansın. Xahiş edirəm, yazın ki, jurnalistlər bu mövzu ilə bağlı bir də mənə müraciət etməsinlər.

- Siz hazırda Türkiyədəsiniz, yoxsa Bakıda?

- Yox, Bakıdayam. Mən həm Türkiyədə oluram, həm də burda. İşlərim o qədərdir ki, başımı qaşımağa vaxtım yoxdur. Ona görə də əvvəl əsəbiləşdim. Amma Allaha and olsun sizə görə deyildi. Neçə gündür bir bağın söhbəti gedir. Mən biznesmenəm də, işim satıb-almaqdır. Yəqin camaatın yazmağa mövzusu yoxdur.(Musavat.com)

AzPolitika.info-dan: Tağı İbrahimovun bu açıqlaması, yumşaq desək təəcüblüdür. Alan deyir almışam, satan deyir satmamışam. Bu, Roma papasından artıq katolik olmaq məsəlini xatırladır. Tağı İbrahimov öz aləmində guya Bayram Səfərovu qoruyur. Bir icra başçısının, Qarabağın azərbaycanlı icmasının rəhbərinin 4.5 milyonluq villa almasını, görünür Tağı İbrahimov da ayıb bir iş sayır ki, bunu gizlətməyə çalışır. Lakin nəzərə almır ki, Bayram Səfərovun özünün heç vecinə də deyil. Villanı aldığını təsdiqləyir, üstəlik "yaxşı eləmişəm, başqaları ala bilir, mən yox?!" deyə, Azərbaycan cəmiyyətinə, hüquq-mühafizə orqanlarına, ən başlıcası isə Azərbaycanın siyasi rəhbərliyinə meydan oxuyur.

Tağı İbrahimov isə bu adam üçün çıxıb xalqa yalan danışır. Özü də ağ yalan! 

Əgər yalan danışmırsa, dürüst adamdırsa alqı-satqı müqaviləsini mətbuata təqdim etsin! O etməsə, bunu AzPolitika.info edəcək!

Villanın 4.5 milyona yox, Tağı İbrahimovun dediyi kimi, təxminən bunun yarısına satılması da inandırıcı deyil. Necə olur ki, start qiyməti 10 milyon müəyyənləşdirilən bir əmlakı sahibkar sonda 2.2 milyona satır? Axı o ərazidə elə dəyərli bir əmlakı bu qiymətə satmaq ağılsızlıq olardı! Əgər həqiqətən villa 2.2 milyona satılıbsa, bunun 2 səbəbi ola bilər:

Birincisi, həqiqətən də Tağı İbrahimov müflis olub, ona çox təcili pul lazım olub, məcburiyyətdən əmlakını dəyər-dəyməzinə əldən çıxarıb.

İkincisi, Tağı İbrahimovun vəziyyəti o qədər yaxşıdır ki, pula pul demir. Ona görə də villanı satarkən qiymət məsələsi əhəmiyyət daşımayıb.

Sözsük ki, ikinci variant istisnadır. Tağı İbrahimov elə də böyük biznesmen deyil və ümumiyyətlə, Azərbaycan cəmiyyəti bu adamı biznesmen kimi yox, ATV-nin rəhbəri kimi tanıyıb. Və onu da bilib ki, heç ATV də bunun deyil. Sadəcə idarə edəndir. Necə ki, günlərin bir günü İbrahimov qardaşlarından ATV-ni təhvil verməyi tələb etdilər, onlar da dinməz-söyləməz təhvil verib kənara çəkildilər. Yəni hətta qəbul etsək ki, Tağı İbrahimov biznesmendir, yenə də onun çox böyük işlər gördüyü şübhə doğurur. Yəqin ki, türklər demiş, kəndi çapında bəzi işlər görür.

İstənilən halda Tağı İbrahimovun Novxanıdakı villasını satması onun işlərinin o qədər də yaxşı getmədiyindən xəbər verir. Amma bu məsələnin bizə, ümumiyyətlə cəmiyyətə dəxli yoxdur. Tağı İbrahimov iflas oldu-olmadı, bunun kimə nə isti-soyuğu var? Hətta onun da heç kimə aidiyyatı yoxdur ki, Tağı İbrahimovun guya Bakıda 200 min kvadrat metrlik ev tikdiyi haqda açıqlaması doğrudur, ya yox . Təsəvvür edirsinizmi, 200 min kvadrat metrlik! Bu 10 dənə çoxmərtəbəli yaşayış binası deməkdir, bilmirik Tağı İbrahimov necə böyük yalan danışdığının fərqindədir, ya yox. Amma hər halda bu digər qardaşın - Hacı İbrahimin yalanlarından daha böyük deyil. 

Qısası, Tağı İbrahimovun villasını satması mövzusu ona görə gündəmdədir ki, onu alan bir icra başçısıdır. Lakin həqiqətən də, Azərbaycan reallığı belədir ki, bu məsələni də şişirtməyə ehtiyac yoxdur. Bayram Səfərov çox düz deyir, məgər hamı ala bilər, o yox?! Elə həmin Novxanıda yüzlərlə irili-xırdalı məmurun - nazirin, komitə sədrinin, generalın, deputatın, icra başçısının milyonluq villası varsa, Bayram Səfərovunku niyə olmasın?! Onun nəyi əksikdir ki? Hələ onu da demirik ki, Bayram Səfərov onların çoxundan əvvəlin alverçisidir, üstəlik mal-qara da saxlayır. Noolsun ki, bu gün icra başçısıdır.

Fikrimizcə bu söz-söhbətə son qoymağın vaxtıdır.

Rasim ƏLİYEV

AzPolitika 

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar