"Seçkinin rəsmi nəticəsi təcili şəkildə ləğv olunmalıdır” - Cəmil Həsənli

Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 9-da keçirilən prezident seçkisində namizədi olmuş professor Cəmil Həsənli ATƏT-in beynəlxalq müşahidə missiyasının seçki ilə bağlı açıqladığı ilkin rəyə, ABŞ Dövlət Departamentinin bu rəyə əsaslanaraq seçkinin beynəlxalq standartlara cavab vermədiyi haqda bəyanatına və Azərbaycan rəsmilərinin sözügedən rəylə bəyanata qarşı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Oktyabrın 11-də “Media forum” saytına açıqlamasında Cəmil Həsənli deyib ki, ATƏT-in beynəlxalq müşahidə missiyasının qiymətləndirməsi tam həqiqətə söykənir: “Biz ATƏT-dən bu rəyi gözləyirdik. Ayrı cür ola bilməzdi. ATƏT Avropa məkanında seçkiləri müşahidə etmək üçün mandatı olan yeganə təşkilatdır. Avropa Şurası, Avropa Parlamenti bir növ dırnaqarası könüllülər formasında hakimiyyət orqanlarının dəvəti ilə prosesdə iştirak edib. 1400-ə yaxın müşahidəçidən 1000-nin seçkiyə aidiyyəti yoxdur. Sadəcə, hakimiyyətin nəzarətində olan qurumların dəvəti ilə xərcləri ödənib, gəliblər. Onların münasibəti seçkini dəyərləndirmək üçün əsas götürülə bilməz. Avropa Şurası nümayəndələrinin verdiyi dəyərləndirmə heç bir gerçəkliyi əks etdirmir.

2001-ci ildə Azərbaycan Avropa Şurasının üzvü olanda biz fikirləşdik ki, Avropa Azərbaycanı öz dəyərlərinə yaxınlaşdıracaq. Təəssüflər olsun ki, “kürü diplomatiyası” ilə və digər neqativ hallarla Azərbaycan Avropa Şurasını öz dırnaqarası dəyərlərinə yaxınlaşdırdı.

Biz ATƏT-in rəyindən əvvəl öz rəyimizi açıqladıq. Bildirdik ki, seçki adı altında hakimiyyət mənimsənib. Azərbaycan Konstitusiyasının 6-cı maddəsinə görə, hakimiyyətin mənimsənməsi Azərbaycan xalqına qarşı törədilmiş ən böyük cinayətdir. Oktyabrın 9-da məhz Azərbaycan xalqına qarşı ən böyük cinayət törədilib.

9 oktyabr seçkisinin rəsmi nəticələri heç bir halda Azərbaycan xalqının iradəsini ifadə edə bilməz. Seçicilərin iradəsini zorlayan şəxslər, diktatorlar Azərbaycan xalqını təmsil edə bilməzlər. ABŞ Dövlət Departamentinin, ABŞ Helsinki Komissiyasının, Avropa Birliyi rəsmilərinin və başqalarının ATƏT-in rəyini əsas götürərək Azərbaycanda seçkinin baş tutmadığı, prezident seçkisinin kütləvi şəkildə saxtalaşdırıldığı barədə bəyanatlar verməsi əslində ölkə üçün milli rüsvayçılıqdır. Biz deyəndə ki, bu hərəkətləri etmək olmaz, hakimiyyət buna qəti əhəmiyyət vermədi, seçkini saxtalaşdırmaq niyyətindən geri dönmədi. Nəticədə isə 9 oktyabr seçkisinin legitimliyi şübhə altına alındı. ATƏT missiyası öz gördüyünü, müşahidə etdiyini qeydə alıb. Əminliklə deyirəm ki, seçkidə vəziyyət onların müşahidə etdiyindən də ağır olub.

Seçkinin rəsmi nəticəsi təcili şəkildə ləğv olunmalı, yeni, normal, azad, demokratik seçki təyin edilməlidir. Əgər seçkinin nəticələri ləğv olunmasa, Azərbaycanla Avropa və Amerika arasında yaranan gərginlik indiki hakimiyyətin getməsi ilə nəticələnəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar