AZƏRBAYCANA QARŞI KƏŞFİYYAT-YOXLAMA HÜCUMU BAŞLAYIB? - Sülhəddin Əkbər son olayların mahiyyətini açdı

Sülhəddin ƏKBƏR,

Azad Demokratlar Partiyasının sədri

Günlərdir Azərbaycan cəmiyyəti ölkədə nə baş verdiyini anlamağa çalışır. Ortaya çıxan çoxsaylı suallara cavab tapmamış yeni, daha mürəkkəb suallar ortaya çıxır. Yetərli siyasi, xüsusən də coğrafi-siyasi maarifçilik işi aparılmayan, kəskin strateji düşüncə çatışmazlığı olan cəmiyyətimiz nə ölkədə, nə regionda, nə də bütövlükdə dünyada nələrin baş verdiyini anlamaqda çox çətinlik çəkir.

Təəssüf ki, Azərbaycan hakimiyyətinin baş verən hadisələr haqqında vaxtında rəsmi obyektiv, hərtərəfli, tamhəcmli, dəqiq və etibarlı informasiya verməməsi və ya verə bilməməsi, verdiyi məlumatların da natamam və ziddiyyətli olması duruma aydınlıq gətirmək yerinə, onu daha da mürəkkəbləşdirir.

03 iyul 2018-ci il tarixdə, saat 00:20-də Mingəçevirdəki “Azərbaycan” İES-də qəza baş verir… Və ölkənin bütün enerji sistemi çökür (!).

Elə həmin gün saat 18:45-də vəziyyət təkrar (!) olunur.

Axşam saat 20:30-da isə ölkənin ikinci böyük şəhəri olan Gəncənin İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə silahlı basqın olur…

Ard-arda baş verən bu hadisələr informasiya və psixoloji müharibə elementləri ilə müşayət olunur, ölkədə müxtəlif sosial sınma xətləri üzrə, xüsusən də dini-məzhəbi zəmində qarşıdurma yaratmaq və mövcud vəziyyəti qızışdırmaq üçün nifaq toxumları səpilir, başda sosial şəbəkələr olmaqla intensiv iş aparılır.

Gəncə İH başçısı Elmar Vəliyevə silahlı basqınla bağlı şübhəli qismində saxlanılan Yunis Səfərovu müdafiə məqsədilə 10 iyul 2018-ci il, saat 20:00-a (!) Gəncə şəhərində etiraz mitinqi təyin edilir və elə həmin gün şəhərin əsas meydanında yüksək rütbəli iki polis məmuru qətlə yetirilir.

12 iyul 2018-ci il tarixdə isə Yevlax və Ağsu rayonlarında eyni zamanda yüksək gərginlikli elektrik xətlərinin altında yanğın başlayır. Hətta “Azərenerji”nin rəhbəri Etibar Pirverdiyev belə, bu yanğının təsadüfi olmadığını bildirir: “Eyni zamanda Yevlaxda və Ağsuda elektrik xətlərinin altında yanğın başlayıb. Bu da çoxsaylı suallar doğurur. Nəyə görə birdən-birə iki yerdə?”

Bütün bu baş verənlər, ilk baxışda, Azərbaycana qarşı bir kəşfiyyat-yoxlama hücumunun başladıldığını andırır.

İndi isə ölkəmizdə əslində nələrin və nə üçün baş verdiyini anlamağa və anlatmağa çalışaq. Ona görə də ilk növbədə, qısaca, strateji planda bu hadisələrin başvermə zamanına və şəraitinə diqqət edək.

Birincisi, qeyd edək ki, 2014-cü ildə Rusiyanın Krımı işğal və ilhaq etməsindən sonra dünyanın böyük gücləri arasındakı geopolitik qarşıdurmanın qlobal və regional səviyyələrdə həlledici mərhələyə daxil olduğunu, bunun da bizim regionumuza, o cümlədən Azərbaycana təsirsiz ötüşməyəcəyini mətbuatda dəfələrlə səsləndirmişik, yazmışıq.

İkincisi, bundan sonra öz milli təhlükəzislik strategiyasına yenidən baxan,2015-ci ilin 6 fevralında yeni strategiyasını açıqlayan ABŞ-ın Rusiyanın qarşısını almağı özünün başlıca strateji vəzifəsi olaraq elan etdiyini, yəni, bundan sonra onun başlıca strateji hədəfinin Rusiya olacağını da  mətbuatda dəfələrlə səsləndirmişik, yazmışıq. Onu da qeyd etmişik ki, Azərbaycan da Rusiyanın hakim mövqedə olduğu postsovet məkanında yerləşdiyindən, yaranmış bu yeni strateji şərait ona da təsirsiz ötüşməyəcək.

Üçüncüsü, Rusiyanın qarşısının səmərəli və təsirli formada alına bilməsi üçün ABŞ və Qərbin, eyni zamanda AB və NATO-nun ən azı iki illik hazırlıq dövürünə ehtiyacı olduğunu, bu hazırlıq dövrünə NATO-nun 2016-cı ilin 8-9 iyulunda Varşavada keçirilən sammitində yekun vurulduğunu və bundan sonra ABŞ və Qərbin Rusiyaya qarşı aktiv hərəkətə keçəcəyini də eyni qaydada qeyd etmişdik.

Dördüncüsü, ABŞ Prezidenti Donald Trampın 2017-ci ilin may ayında Ər-Riyada səfər və döyüş rəqsi etdiyi zaman Amerikanın Səudiyyə Ərəbistanı, Misir və BƏƏ ilə birlikdə İran əleyhinə koalisiya yaratdığının bəyan edilməsinin, faktiki olaraq, İranın aktual strateji hədəf halına gətirilməsi anlamına gəldiyini də açıq-aydın qeyd etmişdik.

Beşincisi, 02 avqust 2017-ci il tarixdə ABŞ Konqresində CAATSA-nın (The Countering America’s Adversaries Through Sanctions Act) – “ABŞ-ın rəqiblərinə sanksiyalar vasitəsilə qarşılıqlı təsir haqqında” qanunun qəbul edilməsi zamanı da bildirmişdik ki, Rusiya, İran və Şimali Koreyaya qarşı yeni və daha ağır sanksiyaları nəzərdə tutan bu qanunun qəbul edilməsi, Rusiya və İran məsələlərinin faktiki olaraq gündəmə gəlməsi də Azərbaycana təsirsiz ötüşməyəcək.

Altıncısı, 08 may 2018-ci il tarixdə, gözlənildiyi kimi, Prezident Donald Trampın ABŞ-ın İranın nüvə proqramı ilə bağlı olaraq onunla “5+1” ölkələrinin 14 iyul 2015-ci ildə imzaladığı “Birgə Əhatəli Fəaliyyət Planı”ndan birtərəfli qaydada çıxdığını bəyan etməsi İran məsələsilə bağlı olaraq ABŞ-ın və onun liderliyini etdiyi antiiran koalisiyasının artıq açıq şəkildə hərəkətə keçdiyini göstərirdi.

Nəhayət, yeddincisi, xüsusi olaraq “Strateq.az” üçün yazdığım və 04 iyun 2018-ci il tarixdə həmin saytda yayılan məqalədə(http://strateq.az/manshet/257868/regionda-yeni-boyuk-oyun-basladi.html)qeyd etmişdim ki, Yeni Böyük Oyunun növbəti pərdəsi – İran pərdəsiartıq başlayıb və Azərbaycan məsələsinin beynəlxalq və regional gündəliyin ön səhifələrinə keçdiyinin işartıları da görünməkdədir: … 2001-ci ilin 11 sentyabrından sonra regionda səhnəyə qoyulan yeni böyük geopolitik oyunun növbəti pərdəsinin başlaması ilə Azərbaycan məsələsinin də beynəlxalq və regional gündəliyin ön səhifələrinə keçdiyinin işartıları, nəhayət ki, üzə çıxdı. Onun ilk açıq əlamətləri ABŞ və Fransa prezidentlərinin Respublika günü və Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə Azərbaycanlı həmkarlarına göndərdiyi məktubda “Dağlıq Qarabağ məsələsi” ilə bağlı verdiyi mesajlarda göründü.

Həmin yazıda onu da qeyd etmişdim ki, “Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın göndərdiyi təbrik məktubunda açıq şəkildə deyilir: “…Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq, bu isə ABŞ-Azərbaycan əməkdaşlığının genişləndirilməsinə daha yaxşı şərait yaradacaqdır.” Bu açıq mesajlar, eyni zamanda hər iki həmsədr dövlətin Xarici işlər nazirlərinin verdiyi tamamlayıcı bəyanatlar, gec də olsa, rəsmi Bakının, eyni zamanda hamımızın “qarşıdan gələn aylar”da nələrin baş verə biləcəyi haqqında ciddi düşünməsini tələb edir…”.

Axı onu da dəfələrlə qeyd etmişdik ki, İran məsələsi eyni zamanda Azərbaycan məsələsidir.

Ona görə də həmin məqaləmdə göstərmişdim ki, “Əslində, Azərbaycan məsələsinin gündəliyə gəlməsi, xüsusən də İran məsələsinin gündəliyə gəlməsi kontekstində, gözlənilirdi. Bu, bir daha hər iki məsələnin bir-birilə üzvi şəkildə bağlı olduğunu, Azərbaycan məsələsinin İran məsələsinin tərkib hissələrindən biri, eyni zamanda ən başlıcası olduğunu göstərir.

İran və Rusiya kimi iki böyük məsələnin eyni zamanda aktuallaşdığı bir dövrdə onların arasında – həlledici strateji mövqedə yerləşən Azərbaycanın, həmçinin Azərbaycan Respublikasının gündəliyə gəlməməsi necə gözlənilməyə bilər? Bunu yalnız tarix və coğrafiyadan bixəbər nadanlar, siyasi baxımdan anlaqsız durumda olanlar “düşünə” bilər.”

Bütün bunları nəzərə alaraq, həmin yazıda İran məsələsinin və Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun dəyiş(diril)məsi məsələsinin faktiki olaraq aktuallaşacağı halda, hadisələrin mümkün perspektiv inkişaf variantlarına və Azərbaycan Respublikasının nə etməli olduğuna baxmağı məsləhət görmüşdüm və bu barədə düşündüklərimi qələmə almışdım.

***

Heç kimə sirr deyil ki, İran məsələsinin aktuallaşdığı bir dövrdə regiondakı, eyni zamanda region ölkələrindəki, xüsusən də İrana qonşu olan ölkələrdəki mövcud geopolitik, geostrateji və geoekonomik durumun, eyni zamanda siyasi, hərbi və iqtisadi vəziyyətin, həmçinin mövcud münasibətlərin, başda ABŞ olmaqla, böyük güclər tərəfindən yenidən formatlanması gözlənilən idi. Bu gün Orta Şərqdə, Cənubi Qafqaz və Xəzər regionunda, Mərkəzi Asiyada, o cümlədən İran, Türkiyə, İraq, Suriya, Əfqanıstan, Ermənistan, Gürcüstan və Azərbaycanda, eyni zamanda onların ətrafında baş verən hadisələrə bu kontekstdə baxmalı və qiymətləndirməliyik. Nəzərə almalıyıq ki, başda ABŞ və Rusiya olmaqla, böyük güclərin hər bir ölkə uğrunda apardığı geopolitik mübarizə həlledici mərhələyə daxil olub.

Bu hadisələrin başvermə zamanına və şəraitinə strateji planda qısaca baxdıqdan sonra indi də operativ-taktiki planda baxaq.

Regionda yaranmış bu yeni strateji şəraiti, xüsusən də İran məsələsinin və Ermənistan-Azərbaycan münaqişəsində status-kvonun dəyiş(diril)məsi məsələsinin faktiki olaraq aktuallaşdığını və bu arada (23 aprel- 08 may 2018-ci il) regionda forpostu olan  Ermənistanda baş verən “məxməri inqilab”ı analiz edib qiymətləndirən Rusiya, Ermənistan Respublikası və Azərbaycan Respublikası rəhbərliyilə gizli razılıq əldə edərək:

– vəkilləri olan Ermənistan Respublikası və “DQR” vasitəsilə işğal etdiyi Azərbaycan Respublikasının 5 rayonunun geri qaytarılmasına;

– əvəzində “DQR”-ə aralıq siyasi-hüquqi status verilməsinə, onun bu statusla beynəlxalq birlik, o cümlədən Azərbaycan Respublikası tərəfindən tanınmasına;

– öz strateji uzantısına və əlavəsinə çevirdiyi Ermənistanla münasibətlərinin inkişafda olduğu Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşmağa başlamasına və sərhədlərin açılmasına;

– onun Azərbaycan Respublikasından iqtisadi yardım almasına, regional enerji, nəqliyyat və ticarət-iqtisadi layihələrə və regional inteqrasiyaya qoşulmasına, beləliklə, regionda əsasən təcrid olunmuş olan müttəfiqinin bu durumdan çıxmasına;

– regional inteqrasiyaya, Rusiya-Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərinin inkişafına ciddi stimul verilməsinə;

– ən başlıcası isə, Azərbaycan Respublikasında – İranla sərhəddə, “sülhməramlı qüvvələr” adı altında, öz legitim hərbi iştirakının təmin edilməsinə;

– beləliklə, regionda yeni strateji şəraitin yarandığı bir dövrdə öz mövqelərinin, təsir və nüfuzunun həm Ermənistanda, həm də Azərbaycanda – İranın şimalında daha da möhkəmlənməsinə;

– Azərbaycan Respublikasının da yenidən öz geopolitik təsir sferasına geri qaytarılmasına nail olmaq niyyətinə düşür.

Ermənistan Respublikasının keçmiş rəhbərliyinin (23 aprel 2018-ci ildə istefaya göndərilən Serj Sarkisyanın) Rusiyanın bu planına nə üçün razılıq verdiyi buradan da aydın görünür. Çünki bu halda o:

– “DQR”-ə aralıq siyasi-hüquqi status verilməsinə, onun bu statusla beynəlxalq birlik, o cümlədən Azərbaycan Respublikası tərəfindən tanınmasına;

– Ermənistan Respublikasının iddia etdiyi Dağlıq Qarabağı, üstəlik də əlavə iki rayonla birlikdə, əldə etməsinə;

– yaranacaq yeni təmas xəttində hərbi-siyasi müttəfiqi olan Rusiyanın “sülhməramlı qavvələri”nin yerləşdirilməsilə işğal etdiyi ərazinin və aralıq siyasi-hüquqi statusu tanınan qurumun –“DQR”-in təhlükəsizliyinin etibarlı təmin edilməsinə;

– düşmən münasibətdə olduğu Türkiyə ilə ikitərəfli münasibətlərinin normallaşmağa başlamasına və sərhədlərinin açılmasına;

– Azərbaycan Respublikasından iqtisadi yardım almasına, regional layihələrə və inteqrasiyaya qoşulmasına, nəticədə regionda əsasən təcrid olma durumundan çıxmasına;

– beləliklə, regionda yeni strateji şəraitin yarandığı bir dövrdə siyasi hakimiyyətin həm ölkə daxilində, həm də xaricində öz mövqelərini, təsir və nüfuzunu artırmasına nail ola bilərdi.

Ermənistanda “məxməri inqilab” olmamışdan öncə bu gizli plana Kremlin artan təzyiqi altında qalan Azərbaycan Respublikasının rəhbərliyinin də razılq verməsi (hələlik bu barədə etibarlı informasiya olmasa da) mümkün görünür. Çünki o halda siyasi hakimiyyət:

– ölkənin işğal altında olan 5 rayonunu geri almağa;

– eyni zamanda özü üçün böyük təhlükə mənbəyi olan müharibə təhlükəsini ortadan qaldırmağa;

– Rusiya Federasiyası ilə, xüsusən də Kremllə inkişafda olan ikitərəfli münasibətlərini daha yüksək səviyyəyə qaldırmağa;

– eyni zamanda onunla müsbətyönlü inkişafda olan münasibətlər yaratmış Türkiyə ilə mövcud ikitərəfli münasibətlərini “təhlükəsiz və maneəsiz şəraitdə” daha yüksək səviyyəyə qaldırmağa;

– ABŞ və Qərblə gərginləşməkdə və soyumaqda davam edən münasibətlərdə olan Rusiya Federasiyası və Türkiyə Cümhuriyyətilə (son dövrlərdə TC ilə ABŞ arasındakı münasibətlərdə, müəyyən kiçik müsbət inkişaf meylləri olsa da) münasibətləri daha da irəli aparmaqla, öz hakimiyyətinə qarşı birincilərdən qaynaqlanan potensial təhdidlərdən daha etibarlı müdafiə əldə etməyə;

– (21 fevral 2014-cü ildən başlayaraq) maliyyə-iqtisadi çətinliklərin yaşandığı bir dövrdə ölkənin hərbi xərclərini azaltmağa və sərbəst qalan büdcə vəsaitlərini sosial-iqtisadi inkişafa yönəltməyə;

– bu sahədə nisbi irəliləyişin əldə edilməsinə və kütləvi hal almış mövcud sosial-iqtisadi narazılığın və gərginliyin azaldılmasına, onun mümkün sosial-siyasi nəticələrinin, xüsusən də kütləvi etirazların qarşısının alınmasına;

– beləliklə, həm ölkə daxilində öz mövqeyini – siyasi hakimiyyətini möhkəmləndirməyə, həm də sülhpərvər siyasi qüvvə kimi artan xarici dəstək əldə etməklə, beynəlxalq aləmdə zədələnmiş nüfuzunu bərpa etməyə və artırmağa nail ola bilərdi.

Onu da qeyd etməliyik ki, yaranmış strateji və operativ-taktiki şəraitdə bu gizli planın həyata keçirilməsinə, müəyyən şərtlər daxilində, qardaş Türkiyə də susmaqla razılıq verə bilərdi.  Çünki o halda Türkiyə:

– regional müharibə təhlükəsinin və bu müharibəyə cəlb olunma riskinin ortadan qalxmasına;

– Rusiya ilə münasibətlərinin inkişafı üçün daha əlverişli regional şəraitin yaranmasına;

– qonşu Ermənistanla ikitərəfli münasibətlərin normallaşdırılmasına və inkişafına;

– münaqişənin həllində Ankaranın aktiv rol oynaya bilməsinə;

– Azərbaycanda, xüsusən də Naxçıvan MR-də öz maraqlarının “təhlükəsiz şəraitdə” – Rusiya ilə toqquşmadan, qarşıdurmaya girmədən inkişaf etdirilməsinə (hər halda Ankara belə düşünür);

– həyati vacib əhəmiyyətli hesab etdiyi regional enerji, nəqliyyat və ticarət yollarının inkişaf etdirilməsi üçün “əlverişli regional şərait”in (bəlkə də operativ-taktiki planda, qısa, hətta orta müddətdə bu, mümkün ola bilər, lakin strateji planda Rusiyanın geopolitik təsir sferasına keçən Azərbaycan Respublikasında bunun əksinin olacağı qaçılmazdır) yaranmasına;

– ümumiyyətlə, regionda nüfuz və təsirinin artmasına nail ola biləcəyini düşünə bilər.

Azərbaycan Respublikasını öz həyati maraq dairəsində görən qonşu İran İslam Respublikası isə:

– şimal sərhədlərində – Cənubi Qafqaz və Xəzər regionunda, xüsusən də Azərbaycan Respublikasında onsuz da güclü olan Rusiyanın daha da güclənməsində;

– Tehrana, xüsusilə Cənubi Azərbaycan məsələsinə görə (II Dünya Müharibəsinin və sonrasının acı təcrübəsi də var), təsir və təzyiq imkanlarının daha da artmasında;

– Rusiya-Türkiyə-Azərbaycan operativ-taktiki ittifaqı ilə üzbəüz qalmaqda;

– rejim dəyişikliyi və federallaşma ehtimalının artmasında, təbii ki, maraqlı ola bilməz.

Ümumiyyətlə, Kremlin bu planının baş tutacağı halda:

– Rusiya Federasiyası ilə onun regiondakı strateji uzantıları olan Ermənistan Respublikası və “DQR” həm strateji, həm də operativ-taktiki planda qazanan tərəflər;

– Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikasının mövcud siyasi hakimiyyəti operativ-taktiki planda qazanan, strateji planda isə uduzan tərəflər;

– ABŞ, AB, NATO və İsrail həm strateji, həm də operativ-taktiki planda regionda uğursuzluğa düçar olan və daha çətin, mürəkkəb regional şəraitlə üzbəüz qalan tərəflər;

– İran İslam Respublikası, Azərbaycan Respublikası dövləti və xalqı isə ümumiyyətlə uduzan tərəflər olacaqdır.

O da xüsusilə qeyd olunmalıdı ki, İranın regionda, o cümlədən Azərbaycan Respublikasında təsir və nüfuzunun azal(dıl)ması ilə bağlı olaraq ABŞ, İsrail və RF-nin strateji baxışları və regional maraqları əsasən üst-üstə düşə bilər və onlar bu məsələdə, Suriyada olduğu kimi, anlaşmaya meyl edə bilərlər.

16 iyul 2018-ci il tarixdə Helsinkidə keçirilən Putin-Tramp görüşü və onun görünən ilkin nəticələri də bu meylin inkişafda olduğunu göstərir.

Onu da nəzərə almaq lazımdır ki, bu hadisələr qarşıdakı aylarda İrana və Rusiyaya qarşı yeni, daha ciddi və ağır sanksiyaların tətbiqinin gündəlikdə olduğu, hər iki dövlətin enerji sektorunun xüsusilə hədəf alındığı və əksinə, onlardan yan keçən enerji layihələrinin, xüsusən də TANAP və TAP kimi layihələrin həyata keçirildiyi və keçirilməkdə olduğu, ümumiyyətlə, Cənubi Qafqaz kommunikasiya (enerji, nəqliyyat, rabitə və ticarət) dəhlizinin inkişaf etdirildiyi bir vaxtda baş verir.

Beləliklə, bu nəticəyə gəlmək olar ki, bu gün Cənubi Qafqaz və Xəzər regionunda, o cümlədən Azərbaycan Respublikasında baş verən hadisələrinbaşlıca strateji səbəbləri:

– yeni dünya nizamı quruculuğunun, başda ABŞ və Rusiya olmaqla, böyük güclər arasındakı geopolitik qarşıdurmanın qlobal və regional miqyasda həlledici mərhələyə daxil olması, buna uyğun olaraq dünyada və bölgəmizdə yeni strateji şəraitin yaranması;

– Rusiya və İran, eyni zamanda Azərbaycan məsələsinin beynəlxalq və regional gündəliyə gəlməsi – aktuallaşması;

– regionun, eyni zamanda region ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının strateji seçim etməsinin və geopolitik taleyinin həll edilməsinin zamanının çatmasıdır.

Onların başlıca operativ-taktiki səbəbləri isə:

– qarşı duran böyük güclər (ilk növbədə ABŞ və Rusiya) arasında hər bir region ölkəsi, xüsusən də İranla həmsərhəd olan ölkələr, o cümlədən Azərbaycan və Ermənistan uğrunda mübarizənin yeni – həlledici mərhələyə qədəm qoyması;

– Rusiya Federasiyasının hər iki ölkədə eyni vaxtda güclənməsi üçün Ermənistan-Azərbaycan münaqişəsinin “həlli” ilə bağlı, hər iki ölkə rəhbərilə razılaşdırmaqla, gizli plan qurması;

– Azərbaycanda legitim hərbi varlığını (“sülhməramlı qüvvələr” adı altında) təmin etməklə İranın şimalında güclənməyə, hakim mövqe əldə etməyə çalışması;

– məlum səbəblərə görə, qarşı tərəfin, başda ABŞ, AB və NATO olmaqla, əks həmlələr etməsi;

– Ermənistanda “məxməri inqilab” edərək, RF-nin gizli planına dəstək vermiş Serj Sarkisyanı hakimiyyətdən uzaqlaşdırıb qərbyönlü Nikol Paşinyanı hakimiyyətə gətirməsi;

– bununla Azərbaycan rəhbərliyinə ciddi mesaj verərək, onu da düşünməyə vadar etməsi;

– eyni zamanda TANAP-ın vaxtında istifadəyə verilməsini və TAP-ın həyata keçirilməsini dəstəkləməklə regionda, o cümlədən Ermənistan və Azərbaycanda öz varlığını artırmağa və maraqlarını inkişaf etdirməyə çalışması;

– yaranmış yeni operativ-taktiki durumu dəyərləndirən və öncəki razılaşmadan vaz keçməyə meyllənən Azərbaycan Respublikasının siyasi rəhbərliyinin Qərbə meyl etməyə başlaması – Brüsseldə AB ilə strateji tərəfdaşlığın öncəlikləri haqqında sənədi paraflaması, NATO sammiti (11-12 iyul 2018-ci il) çərçivəsində Azərbaycanla ABŞ-ın xarici işlər və müdafiə nazirlərinin birgə qapalı görüşünün keçirilməsi (RF kəşfiyyatına və Kremlə, hər halda, orada nələrin müzakirə edildiyi bəllidir);

– NATO sammitinin yekun sənədində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığının müdafiə edilməsinin təkrarən öz əksini tapması;

– Avropa Birliyinin Xarici Əlaqələr Şurasının 16 iyul 2018-ci il tarixli iclasından sonra AB-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerinin açıqladığı kimi, “AB-nin Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qəti mövqeyinin olmasını” üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində yenidən təsdiq etməsi;

– bunların qarşılığında Rusiya Federasiyasının Azərbaycanın əli ilə Ermənistanı, daha dəqiq desək, onun yeni rəhbərliyini “cəzalandırması” – Naxçıvanda Günnüt kəndinin, ümumiyyətlə, 11 min hektar ərazinin geri qaytarılmasına “göz yumması”, “İranın əli ilə” də (əslində özünün) Azərbaycanı, onun rəhbərliyini “cəzalandırması”dır.

Yeri gəlmişkən, Rusiya bu kəşfiyyat-yoxlama hücumunu İranla koordinasiya edərək (4 iyun 1993-cü il hərbi qiyamının təşkili zamanı olduğu kimi), onunla “əmək bölgüsü” apararaq da, özü təkbaşına reallaşdırıb onun işi kimi göstərərək, işi məqsədyönlü şəkildə onun üstünə ataraq da, həyata keçirə bilər.

Beləliklə, Rusiya məlum gizli planın reallaşdırılmasından imtina etmək və ya vaz keçmək istəyən Ermənistanın yeni “qərbyönlü”, Azərbaycanın isə “etibarsız”, “yüksək manevrqabiliyyətli” rəhbərliyini cəzalandırmaqla, özü də “Seyid Əhməd əli” ilə, onları “haqq yolu”na – “Çar yolu”na qaytarmağa cəhd edir.

***

Yəqin ki, oxucuları yaranmış bu durumda Azərbaycan Respublikasının nə etməli olduğu da çox maraqlandırır. Bu məsələyə yuxarıda qeyd etdiyim məqalədə toxunulduğuna görə, burada ondan bəhs etməyəcəm. Maraqlananlar həmin məqalə ilə yenidən tanış ola bilərlər.

Sonda əhəmiyyətli hesab etdiyim iki məsələni xüsusi olaraq qeyd etmək istəyirəm.

Birincisi, nəzərə alınmalıdı ki, Azərbaycan Respublikasının siyasi hakimiyyəti və onu, hələ ki, dəstəkləyən xarici güclər (Rusiya, ABŞ, İsrail, Böyük Britaniya və Türkiyə) hazırda ölkədə baş verən hadisələrlə bağlı yaranmış fürsətdən istifadə edərək, yaxın gələcəkdə ölkədə kütləvi etiraz hərəkatının başlayacağı halda, “kristallaşma mərkəzi” (və ya mərkəzlərindən biri) rolunu oynaya biləcək “radikal dini qrupları” və “radikal müxalifəti” öncədən sıradan çıxarmağa çalışacaqlar (bu proses artıq başlayıb).

İkincisi, Azərbaycan xalqı ölkəmizin xarici təsir və müdaxilələrə çox həssas və açıq olduğu, münaqişənin müharibəyə çevrilmə ehtimalının yüksəldiyi, hakimiyyətdə çox güclü mövqedə olan 5-ci kolonun arxadan zərbə vurmaq üçün hazır vəziyyətdə gözlədiyi bir dövrdə, Türkiyə Prezidenti Ərdoğanın təbirincə desək, “yerli və milli” olmayan heç bir layihədə iştirak etməməlidir. Çünki əks halda, sonda qazanan layihə müəllifləri, uduzan isə Azərbaycan dövləti və xalqı olacaqdır.

 

Strateq.az

635x100

Şərhlər

Bəhram Qarabağlı 2018-07-17 21:35:03

Sтraтeg S.Əkbər çox SAMBALLI тəhlil verib! Baş тəşkilaтçının imzalarını da gosтərib. Тəkrara ehтiуac varmı? Azad və Demokraт da eуni "azadlıq" məramını verir. Тəxribaтların kokü (dogrü qeуd edilib)-qəтi Siуasi seçimin olmamasıdır. Müəllif, Ə.Elçibəу və H.Əliуevlə donmüş movcud iki siуasi cəhəтin də məramlarını açıqlaуıb. Məncə, qlobal siуasəтə uуub-ugramaуan 3-cü, çox çəтin ("qeуri-siуasi") уol Azərbaуcan üçün dahа səmərəli olardı?!

Energetik 2018-07-17 21:35:03

Rusiya ölkəmizin "Şah damarı" olan enrji sistemdən başlayaraq,dövlət strukturlarına,Böyük şəhərdən(Gəncədən) başlayaraq əyalətlərə doğru hərəkətə keçməyə başlamış kimi görünür . ...1920-ci il təkrar olunma təhlükəsi var...Nəticəsi də(1937-38-ci illər)xalq düşmənləri və "Kulaqlar"ı aşkar edib kütləvi həbslər ola bilər.Çıxış yolu - Azərbaycanda Vətən üçün hakimiyyətdə olan qeyrətli,namuslu,vətənpərvər məmurların,hər bir vəzifədə oturan rəhbər işçilərin tutduğu vəzifəyə görə xalqa qarşı insani münasibət göstərməsidir..

Energetik 2018-07-17 21:35:03

Sülhəddin bəy çox düzğün açıqlama verib.1987-ci ildə( səhv etmirəmsə) Qorbacovla o vaxtkı ABŞ prezidenti dənizdə görüşərkən Dünya proseslərində hegomonluğu bölüşmək üçün öz qərarlarını verdilər. Nəticədə Azərbaycanda Qarabağ və 20 yanvar hadisələri baş verdi. SSRİ-nin dağılması Rusiya idioloqlarının (IPyoturun davamçıları)əlinə fürsət verdiki. Qarabağ məsələsi ilə Azərbaycanı tam öz tərkibinə alsın. Heydər Əliyevin hakimiyyətə gəlməsi bu işi ləngitdi....

Samir 2018-07-17 21:35:03

Mənə elə gəlir ki, bu məsələlərə daha sadə yanaşmaq lazımdır. Məqalə müəllifi Azərbaycanı elə təsvir edir ki, guya hər şey bizdən asılıdır, guya elə bir nüfuzumuz var ki, hamı bizimlə hesablaşmağa məcburdur. İH başçıları öz vəzifə borclarını layiqincə icra etsəydi ( İsmayıllı və Qubada da İH başçılarının yersiz hərəkətlərindən iğtişaşlar olmuşdu) bəlkə də bu hadisələri də baş verməzdi.

Mirzə AĞ 2018-07-17 21:35:03

Yəni ki, "çil toyuğun balta dişi...". Görün, insanları necə hərifləyirlər...

Son yazılar