Hasilatda şəffaflıq sosial mediada – Müzakirə + Fotolar

Dərc olunub: 18/07/2018 - 15:54

1rus

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hasilat Sənayesində Şəffaflığın artırılmasında sosial şəbəkələrin rolunun təşviq edilməsi” layihəsi çərçivəsində ilk ictimai müzakirəsini keçirib.

Layihə barədə məlumat verən “Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyinin sədri Ruslan Xəlilov bildirib ki, “Hasilat Sənayesində Şəffaflığın artırılmasında sosial şəbəkələrin rolunun təşviq edilməsi” layihəsi 4 ay davam edəcək. Layihə çərçivəsində hasilat sənayesi üzrə araşdırma yazılar, müsahibələr hazırlanacaq. Azərbaycan dövlətinin hasilat sənayesndə şəffaflıq sahəsində gördüyü işlər tədqiq olunacaq və ictimaiyyətə çatdırılacaq.

Hazırlanacaq yazılar bir neçə elektron informasiya resursunda dərc ediləcək və sosil şəbəkələrdə paylaşılacaq. Həmçinin Feysbuk və İnstaqram sosial şəbəkəsində HSŞ-la bağlı səhifələr yaradılacaq. Səhifələr moderator tərəfindən idarə olunacaq. Media nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın üzvlərilə görüşlər təşkil ediləcək. Mövzu ilə bağlı İnternet televiziyasında debatlar təşkil ediləcək. Layihə müddətində ictimai müzakirələr keçiriləcək. Yekunda isə təkliflər hazırlanacaq və mətbu orqanlarda nəşr olunacaqdır.

R.Xəlilov bildirib ki, “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” ideyasını ilk dəfə 2002-ci ildə Yohannesburqda keçirilən Dayanıqlı İnkişaf üzrə sammitdə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer irəli sürüb. Bu təşşəbbüsün məqsədi Mədən Sənayesindən gələn gəlirlərin dayanıqlı inkişafa və yoxsulluğun aradan qaldırılmasına yönəltməkdir. 2004- cü ilin noyabrın 24-də “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü”nün Azərbaycanda tətbiqi çərçivəsində Azərbaycan hökumətinin nümayəndələri, yerli və xarici neft şirkətlərinin, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar. Ötən dövr ərzində Azərbaycanda şəffaflığın və hesabatlılığın möhkəmləndirilməsi, bütövlükdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən davamlı strategiya çərçivəsində beynəlxalq aləmdə ümumən qəbul edilən prinsiplərə və ixtisaslaşmış beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa böyük önəm verilib.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “Dövlət Xidmətləri Mükafatı”na və “2009-cu il üzrə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Mükafatı”na layiq görülüb.

Bütün bunlara baxmayaraq, təəssüf ki, Azərbaycana qarşı qərəzli münasibət hasilat sənayesi üzrə beynəlxalq təşkilatlarda da özünü göstərib. Bütün bunlara görə, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü Koalisiyasının üzvlüyündən imtina edərək prezidentin 05 aprel 2017-ci il tarixli fərmanı əsasında özünün Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyasını təsis edib.

“Yeni Həyat – İqtisadi İnkişaf” İctimai Birliyinin sədri Ədil Ədilzadə hasilat sənayesində şəffaflığın təmin edilməsində sosial şəbəkələrin rolundan bəhs etdi. Onun sözlərinə görə, hazırda Azərbaycanda şəffaflıq, gəlirlərin ədalətli bölüşdürülməsi və onlardan səmərəli istifadə sosial medianın diqqət mərkəzindədir: “Şəffaflığın təmin edilməsi üçün ictimai nəzarət olduqca vacibdir. Bu mənada bu kimi layihələrin keçirilməsinə ehtiyac var və belə tədbirlərin sayı gələcəkdə artırılmalıdır”.

“Gündəlik Teleqraf” holdinqinin rəhbəri, “Qadın Konsensus” İctimai Birliyinin sədri Aynur Camalqızı neftlə zəngin olan ölkələrin üzləşdikləri problemlərdən nümunələr gətirərək onları həlli üçün neft gəlirlərindən düzgün istifadənin vacibliyini qeyd edib. Neft gəlirlərinin qeyri-neft sektoruna, ixracata bir sıra hallarda mənfi təsirlər göstərdiyini bildirən natiq əlavə edib ki, Azərbaycanda bu kimi halların baş verməməsi və gəlirlərdən daha səmərəli istifadə edilməsi üçün Dövlət Neft Fondu yaradılıb: “Dövlət Neft Fondu ən vacib sahilərə investisiya yatırır, maliyyələşdirir. Hesab edirəm ki, Dövlət Neft Fondunun indiki məqamda Azərbaycan iqtisadiyyatındakı mövqeyi olduqca güclü və vacibdir”.

“İctimai İştirakçılığın Dəstəklənməsi” İctimai Birliyinin təmsilçisi Rüfət Şıxıyev hasilat sənayesindəki şəffaflıq problemlərindən, şirkətlərin hesabat verməyə həvəsli olmamasından söz açıb.

“Teleqraf.com” saytının redaktoru Zahid Nurəliyev mətbuatın mədən sənayesinə aid mövzulara diqqətini önə çəkib. Onun sözlərinə görə, mətbuat daha çox neft sənayesi və gəlirləri barədə yazır, amma mədən sənayesinin digər sahələri diqqətdən kənarda qalır: “Zəngin yeraltı yataqları olan Azərbaycanda mədən sənayesi üzrə fəaliyyət göstərən şirkətlərin fəaliyyətinin yaxından araşdırılmasına, hesabatlarının saf-çürük edilməsinə ehtiyac var”.

“Publika.az” saytının redaktoru Aqil Lətifov ölkədə mədən sənayesi üzrə ekspertlərin sayının azlığını diqqətə çatdırıb: “Bu sahə üzrə barmaqla sayılacaq qədər ekspertlərimiz var. Halbuki, neftlə zəngin ölkə olaraq Azərbaycanda ən çox ekspert, mütəxəssis məhz neft-mədən sənayesi üzrə olmalıdır”.

Azərbaycan Dillər Universiteti Filalogiya və Jurnalistika fakültəsinin müəllimi Nərgiz Cavadzadə mədən sənayesində şəffaflığın təmin edilməsində sosial medianın rolunun əhəmiyyətindən söz açıb: “Sosial media bu sahəyə çox həssas yanaşır. Hesab edirəm ki, şirkətlərin ödədikləri və hökumətin şirkətlərdən aldıqları təkcə hesabat şəkilində kitab formasında nəşr edilməklə bitməməli, nəticələr sosial mediada dərc edilməli və insanlar üçün əlçatımlı olmalıdır”.

Tədbir müzakirələrlə davam etdirilib.


loading...




Fikrinizi bildirin