"Hakimiyyət nəticə çıxarmalıdır"- Eldar Namazov

Milli Şura Aparatının rəhbəri politoloq Eldar Namazov hesab edir ki, Azərbaycan hakimiyyəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ABŞ Dövlət Departamentinin, Avropa Birliyinin prezident seçkisinə verdiyi ilkin qiymətləndirməyə diqqətlə yanaşmalıdır, bundan nəticə çıxarmalıdır.

Eldar Namazov “Media forum” saytına bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun apardığı müşahidə və monitorinqin nəticələri bütün beynəlxalq təşkilatlar uçun əsas və etibarlı mənbə sayılır: “Beynəlxalq təşkilatlar arasında müəyyən iş bölgüsü var. Müxtəlif təşkilatlar seçkiyə müşahidəçilər göndərə bilərlər. Amma həm Avropada, həm də ABŞ-da hamı qəbul edir ki, seçkiləri müşahidə etmək, qiymətləndirmək üçün xüsusi mandatı olan təşkilat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Bu təşkilat seçkiləri müşahidə etmək, nöqsanları və müsbət cəhətləri qeydə almaq, tövsiyələr vermək sahəsində böyük təcrübəyə malikdir. Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ATƏT-ə üzv olan bütün ölkələrdə seçkiləri müşahidə etməyə qadirdir və bunu yüksək səviyyədə həyata keçirir.

Ona görə də həm Avropa Birliyi, həm birliyə üzv olan ölkələr, həm də ABŞ Azərbaycandakı prezident seçkisinə qiymət verərkən ayrı-ayrı şəxslərin deyil, ATƏT-in beynəlxalq müşahidə missiyasının rəyini əsas götürür. Yəni seçkilərdə müşahidə aparan Avropa Parlamentinin ayrı-ayrı üzvlərinin, ABŞ-dan gəlmiş müxtəlif təşkilatların təmsilçilərinin, sıravi vətəndaşların fikirləri deyil, məhz ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatı etibarlı mənbə sayılır. Avropa Birliyi və ABŞ bu dəfə də büronun rəyini əsas götürüb seçkiyə qiymət veriblər.

Hakimiyyət Avropada, ABŞ-da fəaliyyət göstərən müxtəlif təşkilatları, deputatları Azərbaycana dəvət edə, Mərkəzi Seçki Komissiyası onlara müşahidəçi statusu verə bilər. Eyni zamanda həmin müşahidəçilər şəxsi fikirlərini söyləyə bilərlər. Amma beynəlxalq təşkilatlar rəsmi mövqe bildirəndə fərdi müşahidəçilərin deyil, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatına istinad edir, bu təşkilata inanırlar.

ATƏT-in beynəlxalq müşahidəçilərinin ilkin rəyi Milli Şuranın rəyinə yaxındır, bir çox məsələlərə münasibətdə də üst-üstə düşür”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar