Əli Ömərovun kəskin dönüşünün sirri bəlli oldu- “Mən adam çobanıyam, adam otarıram...”

Sabiq baş prokurorun oğluna FHN-də iş veriblər 

Sabiq baş prokuror Əli Ömərovun oğlu Fövqəladə Hallar Nazirliyində işlə təmin olunub. Bu haqda dolaşan xəbərlərdə deyilir ki, Ə.Ömərovla görüşən FHN rəhbərliyi onu ictimai-siyasi fəaliyyətinə korrektələr etməyi tövsiyə edib. Görüş zamanı həmçinin sabiq baş prokurora övladlarının işlə təmin ediləcəyi vəd olunub. Artıq Ə.Ömərovun oğlanlarından biri FHN-in tabeliyində olan qurumlardan birində çalışır.

Ə.Ömərova ilk sualımız da oğlunun işlə təminatı ilə bağlı oldu:

- Mənim oğlumun işi, dərdi qalıb sizə? Neynirsən mənim oğlumun işi düzəlib-düzəlməyib?

- Əli müəllim, “Yeni Müsavat”a açıqlamalarınızda, müsahibələrinizdə dəfələrlə vurğulamısız ki, vəzifədən çıxarılandan sonra sizə və övladlarınıza iş verilmir. Övladlarınızın hüquqşünas olduqlarını da dəfələrlə dilə gətirmisiz. Bu məsələni gündəmə gətirən də siz olmusuz.

- Müsahibə vermişəm, vermişəm dəəə... Neynirsən mənim oğlumun işi düzəlib-düzəlməyib?

- Əli müəllim, məsələni gündəmə gətirən sizsiz və yayılan xəbər də sizin gündəmə gətirdiyiniz məsələ ilə bağlıdır.

- Müsahibə vermirəm.

- 3 ay əvvəl Novxanıda müxalifətin mitinqinə qatılmışdız və bundan sonra demişdiz ki, sizi açıq nömrədən hədələyiblər. Deyiblər ki, sənin müxalifətin mitinqində nə işin var. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiniz?

- Əl çək də, müsahibə vermirəm. Tutaq ki, təmin olunub. Nə dəyişir? Biz ömrü boyu işsiz qalmalıyıq?

- Siz yayılan məlumatı təsdiqləyirsiz?

- Mən indi prezidenti dəstəkləyirəm deyə bu məlumatı verirsiz?

- Əli müəllim, məsələni gündəmə gətirən siz olmusuz və oğlunuzun işlə təmin olunması oğruluq, quldurluq deyil. Niyə belə aqressivsiz?

- Yazırlar ki, Əli Ömərov El hərəkatının təsisçisidir və prezidenti dəstəkləyir. Mən El hərəkatının heç üzvü də deyiləm axı.

- El yaradılandan siz orada olmusuz.

- El yaradılanda məni Qərbi Azərbaycandan Deportasiya Mərkəzinin İdarə Heyətinin üzvü kimi ora qonaq sifətində dəvət ediblər. Gedib iştirak etmişəm. Baxın da siyahı var, kimlər təsisçi, kimlər üzvlərdir. Yalandan götürüb yazırlar ki, Əli Ömərov El-in təsisçilərindəndir.

- Əli müəllim, oğlunuzun işlə təmin olunması ilə bağlı xəbərə münasibət bildirmədiz.

- Mənim oğlum gömrükdə işləmir, yanğında işləyir, mayordur.

- Digər oğlunuzun da işlə təmin olunması realdırmı?

- Digər oğlum işsizdir, mən də işsizəm.

- Prezident seçkilərində kimə səs verəcəksiz?

- Mən müsahibə vermişəm və həmin müsahibədə heç bir namizədin əleyhinə heç bir söz deməmişəm, onların hamısına da xüsusi hörmətim var. Amma onların heç birini yaxından tanımıram, heç biri ilə təmasım olmayıb. Bilmirəm onun əqidəsi, ideyası savadı nədir? Tanıyıram e, bilirəm ki, filankəsdir. Cəmil Həsənli professordur, gözəl tarixçidir. Amma şəxsən onunla tanışlığım yoxdur. Mən tanıdığım adama dəstək verirəm, İlham Əliyevi tanıyıram, ona da dəstək verirəm. Burada nə var ki?

- Burada heç nə yoxdur. Sadəcə müxalifətin mitinqinə qatılıb hədələnəndən...

- Mən adam çobanıyam, adam otarıram, mənim müsahibəmdən sonra bu məsələ çıxdı. Siz demək istəyirsiniz ki, mən iqtidara yarınıram. Mənim müsahibəmi oxuyun da. Mən rüşvətxorluq və korrupsiya haqda müsahibə vermişdim qəzetinizə, yenə də həmin mövqedə qalıram. Bunun prezidentə nə dəxli var?

- Bir tərəfdən müxalifətin mitinqinə qatılırsız, o biri tərəfdən isə hazırda prezident olan şəxsi dəstəkləyirsiniz.

- Məni mitinqə dəvət ediblər, ora özüm qatılmamışam. Deportasiya Qurbanları Cəmiyyətinin bütün üzvlərini dəvət etmişdilər, mən də üzv kimi getmişəm. Orada çıxış etməmişəm, şüar səsləndirməmişəm. Getmişəm, 25 dəqiqə sonra geri qayıtmışam.

- Ora bir neçə partiya sədrini də dəvət etmişdilər, amma biz həmin şəxsləri orada görmədik.

- Görmədin, görmədin, görmədin dəəə... Mən gəlmişəm pis eləmişəm? Nə var ki orada? Cümhuriyyəti yaradan dahi bir insanın bayramı idi, gəlmişdim. Məmməd Əmin Rəsulzadəni mən inkar edəcəyəm? Şərqdə ilk cümhuriyyəti yaradan insan o olub. Danasıyam bunu?

- Əli müəllim, müxalifətin mitinqinə qatılıb İlham Əliyevi dəstəkləməyin adı nədir?

- Mən müxalifətin mitinqinə qatılmamışam, Cümhuriyyətin yaranması bayramına qatılmışam. Orada mitinq yox bayram idi.

- Sizə vəzifə təklif ediblər?

- Məni vitse-prezident qoyacaqlar.

- Hansı şirkətə?

- Məni prezidentə müavin qoyacaqlar. Deyirəm ki, boşam, deyirsən ki, vəzifəyə təyin edəcəklər. Məni iş təklif olunubsa, mən qorxurammı? Mənə iş versələr gedərəm. Bu sonradan bəlli olacaq, iş versələr gedəcəyəm.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar