QRU polkovniki prezidentin intim sirlərini necə ələ keçirmək istədi - (Kəşfiyyat müharibələri)

Keçmiş KQB polkovniki Vladimir Putin Kremlə qayıdandan sonra Avropaya, xüsusən də Fransaya hücuma başlayıb. Onun gizli agentləri saxta “diplomatlar”, psevdo-jurnalistlər, “qeyri-leqal” kəşfiyyatçılar və gizli xəfiyyələrdir.

Virtualaz.org saytı xəbər verir ki, bu sətirlər Fransanın “Le Nouvel Observateur” həftəliyinin Rusiya kəşfiyyatçısının bu ölkədə fəaliyyətinə həsr olunmuş məqaləsindəndir.

Həftəlik yazır ki, Rusiya kəşfiyyatçıları müəssisələrdə, parlamentdə, hətta Yelisey sarayında mühüm adamları ələ almaq cəhdləri göstərirlər.

Məqalədə prezident Fransua Olandın administrasiyasının işçisini ələ alaraq onun vasitəsilə Fransa dövlət başçısının intim sirlərini oğurlamağa çalışan rus kəşfiyyatçısından - Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı nəzdində Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovnikindən bəhs edilir.

“Adam həddən artıq abırsız olub. Onu Fransua Olandın yaxınları barədə intim xarakterli informasiyalar maraqlandırırdı. O, prezidentin şəxsi həyatı, dostları və tanışları barədə suallar verirdi” - deyə məqalədə QRU polkovniki barədə bildirilir.

Belə məlum olur ki, QRU polkovniki özünü diplomat kimi təqdim edib, Hərbi-Hava Qüvvələrinin Rusiyanın Fransa səfirliyindəki attaşesinin köməkçisi işlədiyini bildirib.

“Reallıqda isə polkovnik İlyuşin QRU-ya, Rusiya hərbi kəşfiyyatına işləyir. O, Fransa dövlətinin başçısının işçilərindən birini ələ ala bilib. İlyuşinin missiyası Fransa hakimiyyətinin düz ürəyinə “göstəbək” yerləşdirməkdir” - deyə nəşr yazır.

Polkovnik İlyuşinin deşifrə edilməsi barədə ilk dəfə məlumat yayan jurnal qeyd edir ki, Fransa əks-kəşfiyyatı onun izinə düşüb və aylarla izləyib. 30 yaşlarında olan polkovnik yorulub əldən düşmüş postsovet casusu deyil, o, alkoqolik də deyil. İlyuşin yeni nəsil kəşfiyyat zabitidir. Kremlin sahibi Putin kimi soyuq və effektivdir.

İlyuşin Parisdə durmadan işləyib. Onu səfirliyin kabinetlərində görmək mümkün deyildi, İlyuşin Hərbi Akedemiyanın kollokviumlarında, Silahlanma İnstitutunda və ya Strateji Araşdırmalar Fondunda olurdu. Bu yerlərdə o, yüksək rütbəli zabitlərin, hərbi mövzuda yazan jurnalistlərin və alimlərin diqqətini özünə cəlb etmək cəhdləri göstərirdi.

“Və bütün bu cəhdlər onda yaxşı alınırdı” - məqalədə bildirilir.

Polkovnik İlyuşin “obyekt”lə təmasa keçməzdən əvvəl onun ailəsi, zövqləri və hətta zəif yerləri barədə məlumatlar toplayıb. Hər 15 gündən bir onları nahara dəvət edib. Belə görünür ki, “obyekti” tez-tez nahara dəvət etmək Rusiya kəşfiyyatının ənənəvi metodlarından biridir. Və nahar zamanı şərab masasının arxasında İlyuşin həmsöhbətinə Rusiya ordusu, Moskva ilə Paris arasında hərbi əlaqələr barədə informasiyalar verirdi.

İlyuşin əvəzində nəsə istəməyib. Əksinə, “obyektin” diqqətini cəlb etmək üçün ona “Montblanc” firmasının qələmlərini və bahalı viski hədiyyə edib.

Bütün bunlar keçmiş KQB-nin standart hədiyyələridir. Bu hədiyyələr kompromat kimi istifadə etmək baxımından bahalıdır, lakin korrupsiyaya dair dəlilə çevrilmək üçün kifayət qədər bahalı deyil. İlyuşinə isə reaksiya maraqlı idi. Əgər “obyekt” bu kiçik hədiyyələri qəbul edirsə, deməli, “verbovka”ya keçmək olar.

Növbəti mərhələdə İlyuşin “obyektdən” əvvəlcə ziyansız, zamanla isə daha ciddi informasiyalar istəməyə başladı. O, Moskvada gizlədilmiş dezinformasiyalardan ibarət həcmcə böyük olmayan məqalələr təklif edib. Əvəzində daha sanballı hədiyyə təklif edib, məsələn, bütün ailə üzvləri ilə birlikdə dəbdəbəli kurortda istirahət.

Əgər “obyekt” bu hədiyyəni qəbul etdisə, deməli, o, casus dünyasına daxil olmağa razıdır. O zaman İlyuşin artıq “agentlə iş” mərhələsinə keçirdi...

Fransa jurnalında polkovnik İlyuşin barədə yer alan əhvalat Rusiya kəşfiyyatının bu ölkədəki işi baxımından ancaq aysberqin görünən tərəfidir. Avropa, xüsusən də Fransa Rusiya casusları ilə doludur. Onlar getdikcə artır və aqressivləşirlər. Onlar “soyuq müharibə” dövründə olduğundan iki dəfə artıq fəaldır.

Onları hər şey maraqlandırır - yüksək hakimiyyət eşelonunda əhval-ruhiyyə, siyasi partiyalardakı vəziyyət, NATO, BMT, Avropa İttifaqı...

Məqalədə deyilir: “Onlar sənaye casusluğu ilə də məşğul olurlar. Ukrayna böhranı ilə bağlı rusların fəallığı daha da artıb. Bu nədir, “soyuq müharibə” dövrünə nostalgiya? Əlbəttə, yox. Moskvada mühüm deputat və keçmiş KQB əməkdaşı həftəliyə bildirib ki, Kreml Fransa əks-kəşfiyyatından ehtiyat edir. Mənbə deyir ki, gərginlik dövründə kəşfiyyatın rolu artır. Məhz buna görə də Qərb Putinin yaxın çevrəsinə öz casuslarını yerləşdirməyə can atır.

“Ona görə də bizim kəşfiyyatçılar sizdə mühüm adamları ələ almaqla məşğuldur. Onlara yeni informasiya mənbələri lazımdır” - deyə keçmiş KQB-çi bildirib”.

Fransa əks-kəşfiyyatı ilk növbədə diplomatik korpusu xəbərdar edib. Bildirilib ki, əgər sizi Rusiya səfirliyindən kimsə nahara dəvət edirsə, bu barədə öz rəisinizi xəbərdar edin və onun razılığı olmadan növbəti görüşə razılıq verməyin. Jurnal qeyd edir ki, bu, əks-kəşfiyyatın əsas qaydalarından biridir.

“Le Nouvel Observateur” yazır ki, hazırda Fransada 50-dən çox Rusiya casusu işləyir. Onlar diplomatik pərdə altında səfirlikdə və ya Rusiya konsulluqlarında fəaliyyət göstərirlər. Agentlərdən 40-ı Xarici Kəşfiyyat Xidmətinə işləyir. Onların Parisdəki rəisi, yaxud kəşfiyyat jarqonunda rezidenti Rusiya səfirliyində 3-cü, yaxud 4-cü müşavirdir.

Qalan 10 casus isə QRU-ya işləyir. Onların əsl rəisi adədən İTAR-TASS agentliyinin “jurnalisti” , yaxud hərbi-dəniz attaşesidir. Qalanları isə Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarıdır.

Lakin bunlar hələ hamısı deyil. “Soyuq müharibə” dövründə olduğu kimi “qeyri-leqal” casuslar da çoxdur. Onlar diplomatik toxunulmazlığa malik deyillər. Belələri Xarici Kəşfiyyat Xidmətində “S” idarəsinə tabedirlər. “Qeyri-leqallar” bir qayda olaraq Moskva ali kəşfiyyat məktəbinin yetirmələridir. Onlar Fransaya üçüncü ölkələrdən daxil olurlar və həmişə saxta sənədlərdən istifadə edirlər.

“Qeyri-leqalların” gizli fəaliyyətini Fransada diplomatik immunitetə malik olan kəşfiyyatçılar kurasiya edir. Fransa əks-kəşfiyyatının məlumatına görə, hazırda ölkədə 10-20 arasında “qeyri-leqal” rus kəşfiyyatçısı var.

Rusiya kəşfiyyatı təkcə Fransada fəal deyil. Onlar Almaniya hakimiyyətinin yüksək eşelonlarına sızmağa, Böyük Britaniyada mühüm informasiya mənbələri əldə etməyə çalışırlar. Həmçinin Belçikada Rusiya kəşfiyyatı olduqca fəaldır və Brüsseldə yerləşən Avropa institutlarına sızıblar.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar