51 azərbaycanlını Almaniyadan deportasiya etdilər - Əl-ayaqlarını qandallayıblar

Almaniyadan sığınacaq istəyən 51 azərbaycanlı iyulun 18-də Azərbaycana deportasiya edilib. BakuPost xəbər verir ki, onlar "Readmissiya haqqında” sazişə əsasən çarter reysi ilə Azərbaycana göndəriliblər. Bakı hava limanında onları hüquq-mühafizə orqanlarının əməkdaşlarının qarşıladığı deyilir.

"Leqat” inteqrasiya mərkəzinin məlumatına görə, deportasiya edilmiş azərbaycanlılar Almaniyanın Bamberq, Valdvassen, Uesburq, Kürten və digər şəhərlərində yaşayıblar.

Sosial şəbəkələrdə Azərbaycana deportasiya edilənlərdən birinin fotosu yayılıb. Həmin şəxsin Sinan Bayramov olduğu dəqiqləşdirilib. Fotodan S. Bayramovun əl və ayaqlarının qandallı olduğu görünür. Azərbaycanlı mühacirlərin informasiyasına görə, o, son dörd il ərzində Almaniyada yaşayıb. İddia olunur ki, Sinan Bayramovu Bakıda DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov azərbaycanlıların deportasiyası ilə bağlı Realtv-yə açıqlama verib. Onun sözlərinə görə, Bakıya təyyarə ilə 32 nəfər yola salınıb və deportasiya edilən şəxslərin hamısı readmissiyaya qəbul ediliblər: "Deportasiya olunanları hava limanında Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qarşılayıblar. Onlarla müvafiq sənədləşmə işləri aparıldıqdan sonra hamısı ailələrinin yanına göndəriliblər”. 

Dövlət Miqrasiya Xidməti Almaniyadan Azərbaycana kütləvi şəkildə deportasiya edilən azərbaycanlılarla bağlı məlumat yayıb. Qurumdan verilən məlumata görə, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” və "Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində Almaniya Federativ Respublikasının və İsveçrə Konfederasiyasının müvafiq qurumları tərəfindən  Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri  müəyyənləşdirilmiş 32 (otuz iki) şəxs çarter reysi ilə 18 iyul 2018-ci il tarixdə ölkəmizə göndərilib.

Readmissiya edilmiş 32 şəxsdən  2-nin - Bayramzadə Sinan Ədalət oğlu və Hüseynova Dilarə Qasım qızının  etibarlı sərhədkeçmə sənədləri olduğuna görə barələrində DMX-ya readmissiya sorğusu daxil olmayıb.

DMX tərəfindən readmissiya edilən şəxslərin qarşılanması məqsədilə Səhiyyə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə  18 iyul 2018-ci il tarixdə Heydər Əliyev Beynəlxalq Aeroportunda müvafiq tədbirlər həyata keçirilib.

Bütün readmissiya edilən  şəxslər onları qarşılayan qohumlarına təhvil verilib, yalnız bir şəxs - Bayramzadə Sinan Ədalət oğlu Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar