İLHAM ƏLİYEV CƏMİL HƏSƏNLİYƏ BELƏ QALİB GƏLDİ – (Gəl-gəl deyən saxtakarlıq)

Doğulduğu kənddən 63 səs alan Qüdrət Həsənquliyev, necə oldu ki, Cəmil Həsənlinin kəndindən 67 səs aldı?

9 oktyabr prezident seçkilərinin MSK tərəfindən elan olunmuş nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirmədiyini xüsusi olaraq sübut etməyə elə bir ehtiyac qalmayıb. Necə deyərlər, görünən kəndə nə bələdçi.

Amma fikrimizcə, 9 oktyabr seçkilərinə dair rəsmi məlumatların reallıqla əlaqəsi olmadığını bir daha görmək üçün elə MSK-nın saytındakı rəqəmlərə baxmaq kifayətdir. Dairə və məntəqələr üzrə nəticələr misilsiz saxtakarlıqdan xəbər verir.

Real seçkinin müəyyən əlamətləri olur. Məsələn, əvvəlcədən bilinir ki, hansı dairədən, məntəqədən hansı səslər çıxa bilər. Götürək Türkiyədəki seçkiləri. Əsas partiyaların hansı bölgələrdə qalib gələcəkləri 90 faiz dəqiqliklə seçkidən əvvəl élan olunmuş proqnozlarla üst-üstə düşür. Tutaq ki, hamı bilir və qəbul edir ki, İzmir CHP-likdir. Diyarbakır BDP-nin, Osmaniyyə MHP-nindir və sairə.

Real seçkinin bir başqa əlaməti tanınmış, nüfuzlu siyasətçilərin öz ata yurdlarından, el-obalarından yüksək səs almalarıdır. Bu bir seçki özəlliyidir və bütün dünyada belədir. İnsanlar öz içlərindən çıxaraq bütün ölkə boyu məşhurlaşan, tanınmış adama çevrilən, siyasətdə nüfuz qazanan insanlarla fəxr edir, təbii olaraq seçkilərdə ona səs verirlər.

Adi bir misal. Əbülfəz Elçibəyin sayəsində Ordubadın Kələki kəndini Azərbaycanda tanımayan az adam tapılar. Siz təsəvvür edirsinizmi ki, real seçkidə kimsə Kələkidə Elçibəyi uda bilərdi? Nəinki Kələki kəndi, Elçibəy faktoru bütövlükdə Ordubad camaatı üçün böyük əhəmiyyət daşıyırdı və seçkidə öz sözünü deyirdi.

Yəni normalda belə olmalıdır və bütün dünyada olur ki, seçki zamanı real rəqib kimi çıxış edən siyasi liderlərin doğulduqları bölgələr daha aktiv olurlar. Əlbəttə ki, öz yetirmələrinin xeyrinə.

Amma nə işdirsə siyasətin, seçkinin bu dəyişməz qanunlarından biri Azərbaycanda tərsinə işləyir. Niyə? Çünki Azərbaycanda seçki keçirilmir, tamaşa qurulur və rəqəmlər Prezident Administrasiyasında müəyyənləşdirilərək MSK adlı qondarma quruma ötürülür.

Konkret faktlara baxaq.

9 oktyabr prezident seçkiləri kampaniyası, sözsük ki, cəmi iki namizədin mübarizəsi şəraitində keçdi – YAP-ın namizədi İlham Əliyevlə birləşmiş müxalifətin namizədi Cəmil Həsənlinin arasında. Digər 8 namizəddən 7-si (İlyas İsmayılov xaric) YAP namizədinin – İlham Əliyevin vəkili kimi çıxış edirdilər.

Yəni rəqabət var idi. Amma MSK-nın élan etdiyi nəticələrə inansaq, Cəmil Həsənli nəinki real rəqib olmayıb, guya heç öz rayonunda – Cəlilabadda belə dəstək ala bilməyib.

Belə ki, rəsmi nəticələrə görə, Cəlilabad rayonunu əhatə edən iki seçki dairəsi (67 və 68 saylı dairələr) ərazisindən Cəmil Həsənli cəmi 2174 səs alıb.

İlham Əliyevə isə bu iki dairədən təxminən 20 dəfə çox - 46292 səs yazılıb.

Lakin Cəlilabaddakı seçkilərin total şəkildə saxtalaşdırıldığını göstərən rəqəmlər heç də təkcə bunlar deyil. Cəmil Həsənlinin doğma yurdunun İlham Əliyevə məhəbbətini deyək ki, başa düşdük. Fəaliyyətdə olan prezidentdir, 500 minlik YAP-ın sədridir, dahi siyasətçinin oğludur və sairə.

Bəs bunu necə başa düşək ki, professor, dünya şöhrətli alim, ən əsası, ləyaqətli və cəsarətli insan olan Cəmil Həsənlinin el-obasında “ələkçinin qıl verənləri” – Zahid Oruc, Qüdrət Həsənquliyev, İqbal Ağazadə kimi siyasi buqələmunlar təxminən Cəmil Həsənli qədər səs alıblar?!

MSK-ya inansaq, 67 və 68 saylı dairələrdən Zahid Oruc 1561, Qüdrət Həsənquliyev 1632, İqbal Ağazadə isə 1510 səs toplayıblar. Lakin hələ bu da son deyil. Rəsmi rəqəmlərdən belə görünür ki, Cəmil Həsənli öz rayonundan cəmi 2174 səs aldığı halda, bütün debatlarda onu təhqir edən, yaramaz çıxışlarilə xalqın nifrətini qazanan Araz Əlizadə bu rayondan 936 səs alıb. A.Əlizadənin ekiz tayı olan Hafiz Hacıyevin təhqirləri isə nə az-nə çox, düz 608 cəlilabadlının “ürəyinə su səpib”.

Saxtakarlığın miqyasını daha aydın təsəvvür etmək üçün Cəlilabadı da bir kənara qoyub, Cəmil Həsənlinin doğulduğu Alar kəndi üzərində təhlillərə baxaq.

MSK-nın rəqəmlərinə görə, Cəmil Həsənliyə cəmi 261 həmkəndlisi səs verib. İlham Əliyev isə Aların 3 məntəqəsindən 2487 səs toplayıb. Bunu başa düşdük. Hesab edək ki, reallıqdır, Alarda Fərhad Əliyev faktoru var, hesab edək ki, həmkəndliləri keçmiş nazirin çağırışına əməl ediblər.

Bəs bunu necə anlayaq ki, professor Cəmil Həsənlinin həmkəndlilərindən 41 nəfər Araz Əlizadəyə, 65 nəfər Zahid Oruca, 67 nəfər Qüdrət Həsənquliyevə, 41 nəfər isə İqbal Ağazadəyə səs verib. Bunu kimin çağırışı ilə ediblər? Qüdrət Həsənquliyev doğulduğu kənddən – Əbrəqunusdan cəmi 63 səs aldığı halda necə olub ki, Cəmil Həsənlinin kəndindən 67 səs alıb? Alarlıların Araz Əlizadəyə, Zahid Oruca, Qüdrət Həsənquliyevə bu məhəbbəti haradandır?

Saxtakarlıq gəl-gəl demirmi Sizcə, Əziz “AzPolitika” Oxucuları?

MSK-nın “gül vuran” rəqəmləri üzərində təhlillərimizi davam etdirəcəyik.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar