ZƏRDÜŞT ƏLİZADƏ ATASININ ELÇİBƏYİN “ÜZÜNƏ DURMASINDAN” DANIŞDI – “İsgəndər Həmidov üstümə hücum çəkdi…”

Dərc olunub: 22/07/2018 - 10:59

777

“SSRİ hakim zümrənin xəyanəti və xalqın biganəliyi nəticəsində dağıldı. Bizdə də elədir”

Politoloq Zərdüşt Əlizadə jurnalist Əvəz Zeynallının “Qaynar Qazan” layihəsinin qonağı olub. O, maraqlı söhbət zamanı bir çox məsələlərdən danışmaqla yanaşı atasının vaxtilə məhkəmədə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin üzünə durması barədə iddiaları da cavablandırıb.  Eyni zamanda  sabiq daxili işlər naziri İsgəndər Həmidov tərəfindən döyülməsi və ondan sonra baş verən hadisələr haqda danışıb. Müsahibənin həmin hissələrini “AzPolitika.info”nun oxucularına ixtisarla təqdim edirik:

– Bəlkə, Ermənistanda baş verən hadisələrdən başlayaq? Nə baş verir Ermənistanda?

– Ermənistanda çox sadə bir hadisənin şahidiyik. Hakim zümrədə çat yaranıb. Hakim zümrənin bir hissəsi üstdə olan o biri hissənin həddən artıq və uzun müddət Ermənistanı təkbaşına qarət etməsindən narazı qalaraq, “Demokratiya” və “Ədalət” şüarları ilə kütləni ayağa qaldırıb. O cümlədən hakim zümrədəki müəyyən mövqelərindən istifadə edərək polisi, ordunu bitərəf saxlayıb və 20 ildən artıq Ermənistanda hakim olan “Qarabağ klanı”nı, zümrəsini “Yerevan zümrəsi” yavaş-yavaş kənarlaşdırmaq istəyir. Deyəsən, buna da nail olur. Çünki Nikol Paşinyan “Yerevan zümrəsi”nin nümayəndəsi sayılır. Amma bu, o demək deyil ki, “Qarabağ zümrəsi” tamam gedəcək, sadəcə bir az insafla böləcəklər o “qoğalı”. Erməni qoğalını daha insafla böləcəklər, çünki fərz etsək ki, əvvəlcə 90 faizini Qarabağ zümrəsi götürürdü, 10 faizi Yerevan zümrəsinə qalırdı, indi bölüşmə 50/50-yə olacaq.

– Elvin Aslanov soruşur: “Ermənistanda baş verən dəyişiklik xalqın iradəsi idi, yoxsa nə? Rusiya niyə müdaxilə etmədi prosesə?”

– Rusiya ona görə müdaxilə etmədi ki, Ermənistan qalın barmaqlıqları olan dəmir qəfəsin içindədir. Qapısından çox qalın bir qıfıl asılıb, bu qıfılın da açarı Rusiyadadır və Ermənistan bu qəfəsin içindədir. Rusiyanın nə vecinədir ki, qəfəsdə olan Ermənistanın başında Köçəryandır, Sərkisyandır, Paşinyandır, Mkırtıçyandır, Melkumyandır, ya da kimdir. Nə fərqi var ona? Qəfəsin içindədir də. Xarici sərhədlərini Rusiya qoruyur, ordusuna Rusiya nəzarət edir, strateji-iqtisadi sahələrə Rusiya nəzarət edir, elektrikinə, nəqliyyatına, maliyyə sisteminə Rusiya nəzarət edir, Ermənistan büdcəsinin 35-40 faizi Rusiyadan gələn transferlər hesabına formalaşır və bu qəfəsin içində olan Ermənistan Rusiya üçün heç bir başağrısı törətmir. Ona görə də onların işinə qarışmaq da istəmir. Bilir ki, Ermənistan qəfəsin içindədir.

– Bizim 1992-ci ildəki hadisələrə də bir az oxşarı varmı?

– Əlbəttə, var. Hakim zümrənin daxilində çat əmələ gəlir, zümrənin bir hissəsi ən yuxarıda oturan şəxsi və onun dəstəsini kənarlaşdırmaq üçün şüarlar qaldırırlar: “Demokratiya”, “Azadlıq”, “Müstəqillik” və s. Sonra mafiya gəlir, götürür əlinə dövləti, vurur xalqın başına, oturdur xalqı yerində. Sizə deyirəm, bir azdan siz görəcəksiniz ki, erməni xalqı o eyforiyadan çıxacaq, o qələbə nəşəsindən xilas olacaq və özünün gündəlik ağır, acınacaqlı məşəqqətlərinə qayıdacaq. Heç bir “erməni baharı”, “erməni azadlığı”- filan yoxdur, qəfəsin içində azad olmaq mümkün deyil. O qəfəs, “Qarabağ münaqişəsi qəfəsi”dir. Biz də onun içində, ikimiz də orada oturmuşuq. Açarı da Rusiyadadır. Sağa, sola addım atmaq mümkün deyil…

– Zərdüşt bəy, İranda da məsələ getdikcə gərginləşir. Onun bizə birbaşa təsiri olacaqmı?

– İranda teokratik bir sistemdir. İranın gücü əqidəsindədir. Yəni dünyada heç bir hegemon dövlət inama – Qurana qalib gələ bilmir. Quran yenilməz bir şeydir. Əksinə, Quran, İslam sürətlə genişlənir və möminlərin sayı sürətlə artır. Avropada, Rusiyada və bütün dünyada möminlərin sayı çoxalır. Yəni İslam dinamik inkişaf edən bir dindir. İranda da Qurana əsaslanan bir sistem hakimdir. Və çox uğurlu bir İslam demokratiyasını tətbiq edirlər. Yəni islam çərçivəsində sağlar var, sollar var, liberallar var və onların aralarında seçki gedir. Heç kim deyə bilməz ki, İranda istibdad var, onu deyənlər yalan deyirlər. Bizdə də çox yanlış və naşı olaraq hey qışqırırlar ki, Azərbaycan dilinə qadağanı aradan götürsünlər və s. Azərbaycan dilində radio, televiziya, kitablar, jurnallar var. Mən 8-9 dəfə olmuşam İranda. Müsahibələr vermişəm, Təbriz televiziyasında məni göstəriblər, Azərbaycan dilində danışmışam. Yəni naşılıqlar çox var.

***

– Bu günlərdə İsa bəyin qardaşı Rövşən Qəmbər maraqlı bir açıqlama verdi…

– Mən onunla 80-ci illərin sonunda tanış olmuşam. Çox ziyalı, mötədil, yaxşı adamdır. O vaxt köçüb getdi Almaniyaya. O vaxtdan da görməmişəm.

– Maraqlı bir açıqlama verdi ki, atamı Ayaz Mütəllibovun tapşırığı ilə KQB öldürüb.

– (Təəccüblənir…) İndi mənim 73 yaşım var, sabah mən yıxılıb ölsəm, kimsə durub deyəcək ki, Zərdüştü KQB öldürüb? Hər bir adam o yaşda ölə bilər…

– Mütəllibov tərəfindən mitinqlər olmasın deyə İsa Qəmbərə xəbərdarlıq olunub. 8 sentyabr 1991-ci ildə seçkilər idi axı.

– Xəbərim yoxdur. Mən onun atasını tanıyırdım. Yunus müəllim çox ziyalı, çox mülayim bir kişi idi. Bir dəfə mən Xalq Cəbhəsini təzə-təzə təşkil etdiyim zamanlarda məni dəvət elədi öz institutuna, Qaraşəhərdə, Şaumyan metrosunun yanında Kimya İnstitutunun müdir müavini idi. Kabinetində oturduq, xeyli söhbət elədik. O, etnik milliyyətçiliyi ən böyük bəla kimi görürdü və Xalq Cəbhəsinin ondan qorunmasını məsləhət gördü. Mənə bir kitabça kimi qovluq verdi. Orada yazmışdı, necə bir beynəlmiləl siyasət yürütmək olar. Bakı ermənilərini necə müdafiə etməli, iş görməli və şərait yaradılmalıdır. Yəni xalqımızda bir məsəl var: “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir.” Mən gördüm ki, bu, nər kişidir. Azərbaycanlı oğlu olan bir adam erməni millətindən olan alimlərə bu cür şərait yaradıb ki, onlar azad, asudə işləyiblər Azərbaycanda. Sonra nankor çıxıblar, o başqa məsələ. Sən öz nər işini gör, öz yaxşılığını elə. Mən ona çox minnətdar oldum, o qovluğu da özümdə saxladım – Azərbaycan nəcibliyinin və nəcabətinin nümunəsi kimi. Həmişə də ermənilərlə görüşəndə deyirəm ki, bax deməyin ki, biz sizi təqib eləmişik, sıxmışıq, elə deyil, əlimizdən gələn yaxşılığı sizə eləmişik. Keçmişdə ürəkbulandıran çox hadisə olub, amma biz özümüzdə mərdlik tapıb unutmuşuq. Və o, yenə deyirəm, savadlı, nəcib insan idi, Allah rəhmət eləsin! Vəssalam. Amma mənim xəbərim yoxdur ki, Ayaz Mütəllibov kimisə öldürsün. Ayaz Mütəllibov qətiyyətsiz, qorxaq, ağciyər bir adamdır.

– Ayaz Mütəllibovla görüşübsünüzmü, görüşürsünüzmü?

– Yox, bir dəfə Xalq Cəbhəsinin İdarə Heyəti Mərkəzi Komitənin üzvləri ilə görüşəndə görüşmüşəm onunla, görmüşəm. Bir təklif etmişəm, qəbul etməyib, ondan sonra heç görüşümüz olmayıb.

– Nə təklif vermişdiniz?

– 1989-cu ilin noyabr ayı idi. Mərkəzi Komitənin Bürosu dəvət elədi AXC İdarə Heyətini görüşə. Gəldik. 10-12 nəfər idik. Telman Orucov MK katiblərindən biri idi, dedi ki, Vəzirov Moskvadadır və oradan zəng edib ki, Qorbaçov onun sözünə baxmır, Azərbaycanın mənafelərini nəzərə almır və Qarabağ məsələsini də qanun çərçivəsində həll eləmək istəmir. Biz də bilmirik neyləyək. Sizi dəvət eləmişik ki, sizin rəyinizi soruşaq. Çox gülünc idi. İctimai təşkilat olan Xalq Cəbhəsi və hakim partiya Kommunist Partiyası. Hakim partiyanın rəhbərliyi bizi – ictimai təşkilatı çağırır ki, bizimlə məsləhətləşsin. Hamı susdu. Yəni bu acizlik etirafına qarşı heç kim heç bir söz tapa bilmədi. Mən dedim ki, mənim bir təklifim var.

– Xalq Cəbhəsinin bütün İdarə Heyəti orada idi?

– Yox, 10-12 nəfər var idi. Yadımda deyil, amma deyəsən, 3-4 nəfər yox idi. Mən dedim ki, mənim 2 təklifim olacaq. Dedilər, buyur. Dedim, əvvəla, siz mənim bir sualıma cavab verin. Siz bu komitənin rəhbərliyində olan şəxslər bir-birinizə inanırsınızmı, sadiqsinizmi, Azərbaycana sadiqsinizmi? Etinasızlıqla “əlbəttə” dedilər. Dedim, lap yaxşı, o zaman mən sizə görün nə təklif verirəm. Polyaniçko da orada idi. Dedim, bax, biz çıxıb gedirik. Siz yığışıb qərar çıxarırsınız və Mərkəzi Komitənin plenumunu çağırırsınız. Plenumu bir gün ərzində çağırmaq mümkündür. Polyaniçko deyəcək ki, siz neyləyirsiniz? Deyin ki, biz plenum çağırırıq. Plenumu nə üçün çağırırsınız? Azərbaycan Kommunist Partiyasının növbədənkənar qurultayını çağırmaq məqsədilə. O saat Moskvadan sizə zənglər gələcək, hədələyəcəklər. Siz bir-birinizi satmayın, möhkəm olun. Biz Azərbaycan Kommunist Partiyasının rəhbərliyi qərar veririk ki, biz növbədənkənar qurultay çağırırıq. Uçub gələcəklər. 37-ci il deyil, heç kimi güllələməyəcəklər. Deyin ki, MK qurultayın gündəliyinə bir məsələ salır: Sovet İttifaqı Kommunist Partiyasının və Sovet dövlətinin münasibətinə Azərbaycan Kommunist Partiyasının müvafiq mövqeyi. Azərbaycan Kommunist Partiyası Sovet İttifaqı Kommunist Partiyasından çıxır. Və bu, birinci addımdır ki, Azərbaycan SSRİ-nin tərkibindən çıxır. Əvvəl hədələyəcəklər, sonra ayağınıza düşəcəklər, yalvaracaqlar. Ondan sonra deyəcəklər nə istəyirsiniz? O zaman tələb edəcəksiniz: Qarabağdakı hərəkatı yatırdın! Əks halda, biz öz fikrimizdə qalırıq. Dedim, ondan sonra görəcəksiniz ki, bir həftə ərzində bütün Yerevanın, xaricin emissarlarını tutub salacaqlar qoduqluğa və Qarabağ hərəkatı yatışdırılacaq.

– Qətiyyətli olsaydılar, olardı.

– Sükut, sükut, bir də sükut… Hamı baxır mənə. Sonra Telman Orucov boğuq səslə deyir: “Biz belə bir iş görə bilmərik.” Dedim, o zaman mənim ikinci bir təklifim var. Dedilər, buyur. Dedim, Ayaz müəllim, siz Nazirlər Sovetinin sədrisiniz. Məxməri səsiylə dedi, həəə. Dedim, Azərbaycan milisi mərkəzi milisin tərkib hissəsidir, amma Azərbaycan milisi müəyyən dərəcədə sizə tabedir, eləmi? Dedi, bəli. Dedim, onda siz qərar verirsiniz, Bakı milisinin şəxsi heyəti bütünlüklə yığışır və ezam olunur Dağlıq Qarabağa. Başlayırlar pasport rejimini yoxlamağa. Qarabağın əhalisi olmayan bütün adamları tutursunuz, göndərirsiniz Ermənistana. “Bəs Bakıda əmin-amanlıq nə olacaq?” Dedim, Xalq Cəbhəsinin Bakıda 100.000 nəfər üzvü var. Söz veririk ki, Bakıda nizam-intizamı biz təmin edərik. Dedim, hətta oğrular da bilsə ki, Azərbaycan milisi gedib Qarabağa, onlar da cinayət etməyəcəklər. Dedi, mən bunu edə bilmərəm. Dedim, onda siz burada niyə oturmusunuz? Siz – ev sahibləri bu xalqın ağır günündə özünüzdən başqa heç kəsi fikirləşmirsinizsə, qorxursunuzsa, siz niyə bu ölkədə oturmusunuz, siz niyə bu otaqda oturmusunuz? Tez Polyaniçko durdu ki, fasilə elan olunur. Çəkdi məni pəncərə tərəfə. Dedi, bu qardaş haqqında nə fikirləşirsən? Dedi, ilanın ağına da lənət, qarasına da. Başa düşdüm ki, Araz onu nəsə acılayıb. Ondan sonra Polyaniçkoya fısıldadı-fısıldadı, başladı ki, sən anla, biz heç nə edə bilmirik. Dedim, niyə eləyə bilmirsiniz? Dedi, Stepanakertə gedə, camaatla işləyə bimirik. Dedim, mən sizə deyim necə işləmək lazımdır. Dedi, necə? Dedim, “Krunk”un bütün rəhbərliyi cinayətkar partiya-təsərrüfat rəhbərləridir. Hamısı rüşvətə bulaşmış adamlardır. Hamısını dərhal həbs edin, mən əminəm ki, hamısına qarşı Azərbaycan prokurorluğunda, Xalq Nəzarət Komitəsində materiallar var, hamısını həbs edin. Dedi ki, bəs bütün dünya haray qaldırar ki, bəs erməni xalqına qarşı repressiya başlayıb. Dedim, yox, iki erməni, bir azərbaycanlı tutun, bir erməni, iki azərbaycanlı tutun. Azərbaycanda oğruların sayı çoxdur. Deyin ki, biz korrupsiyaya qarşı mübarizə aparırıq. Bir erməni korrupsioneri, iki erməni korrupsioneri – heç kim söz tapa bilməzdi. Dedi yox, biz bunu edə bilmərik. Dedim, onda siz deyin ki, əqidə dəyişib, məslək dəyişib və dövlətdə intizam yoxdur.

Nəsə, döndüm və çıxıb getdim. Yəni Mütəllibovla görüşüm o vaxt olub. Gördüm ki, çox məzmunsuz, qətiyyətsiz adamdır. Ondan sonra həmişə yazanda yazırdım ki, mülayim adamdır, evyıxan deyil – ona görə inanmıram ki, Yunus müəllimi o öldürüb – amma qətiyyətsiz adamdır. Siyasətçi üçün əsas məziyyətlərin biri də qətiyyətdir.

***

– Sualların içərisində Araz Əlizadə ilə bağlı xeyli suallar var. İsmayıl İslamoğlu, Şakir Abışov, Ramiz Mirzəoğlu, Mətanət Bayramova, Nazim Səfəvi Həmzəyev, Mehman Muradov Əlibəyli, Emin Ramiz, Ülfət Ədalətoğlu və s. Siz prezident seçkilərinə səsverməyə getmişdiniz?

– Yox, getməmişəm. Mən 2003-cü ildən sonra seçkilərə getmirəm.

– Çünki İsmayıl İslamoğlu soruşur ki, prezident seçkilərində kimə səs verdiniz?

– 2003-cü ildən sonra heç bir seçkiyə getməmişəm.

– Araz Əlizadə ilə uzun müddətdir münasibətiniz yoxdur, yoxsa?

– 2000-ci ildən sonra.

– Nə oldu səbəb, Zərdüşt bəy?

– Siyasi yollarımız ayrıldı, baxışlarımız ayrı oldu. Onun öz həyatı var, mənim öz həyatım var. Vəssalam. Bununla da qurtardı.

– Burada soruşulur ki, Zərdüşt Əlizadə Araz Əlizadənin Məhəmməd Əmin Rəsulzadə haqqında dedikləri fikirlərlə razıdırmı?

– Heç bilmirəm nə deyib. Allah rəhmət eləsin, Məhəmməd Əmin Rəsulzadə haqqında mənim öz fikrim var, böyük siyasi xadimdir, böyük vətənpərvərdir. Başqa şey deyə bilmərəm. O, bizim nakam ADR-in liderlərindən biri olub. Nəyə görə nakam, çünki çox əlləm-qəlləm bir tarixi olub ADR-in. Heç bir zaman öz ərazilərinə tam nəzarət edə bilməyib. Öz neftinə tam nəzarət edə bilməyib. Həmişə ərazisində yadelli qoşunlar olub. Bu, işqlı, vətənsevər insanların bir cəhdi idi. Alınmadı. İndi maşallah ki, bütün təşkilatların üzvüyük – İSESKO-dan YUNESKO-ya qədər.

***

– Nazim Səfəvi Həmzəyev soruşur: “Ataları vaxtilə Əbülfəz Elçibəyin işində iştirak edib üzünə durub.” Atanızın Əbülfəz bəyin işi ilə nə əlaqəsi var?

– Deməli, Xalq Cəbhəsində mənə qarşı Əbülfəz bəy mübarizə aparanda deyirdi ki, mənim atam onu tutdurub və mən Zərdüşt Əlizadə KQB agentiyəm. 1988-ci ildə oktyabrın 27-28-də AXC-nin Ali Məclisi idi. Orada mənim 12 nəfərlik qrup – sevimli naxçıvanlı biradərlərim məni ifşa etdilər. Diqqətlə qulaq asdım onlara. İddia edirdilər ki, atam Əbülfəz bəyi tutdurub. Mən o zaman xaricdə idim. 1973-1976-cı illərdə Cənubi Yəməndə mütərcim işləyirdim.

– Əbülfəz bəy həbs olunanda?

– Bəli, mən o zaman Bakıda yox idim. Cənubi Yəməndə Sovet səfirliyinin nəzdindəki iqtisadi müşavirin tərcüməçisi idim. AXC-nin həmin məşhur sessiyası qurtaran axşam sizin bir yerliniz olan və çoxdan tanıdığım Yaşar Məsimov adlı bir adamla görüşməyə çalışdım. Bu milliyyətçi hərəkatla çox bağlı bir adam idi. Tapdım Yaşarın nömrəsini, ona zəng elədim, getdim “Xutor”da tapdım evini. Yaşarı çağırdım evindən bayıra, dedim, Yaşar, qardaşım, mənə danış Əbülfəz bəyin məhkəməsi necə olub. Dedi ki, 1-ci iclasdan sonuncu iclasa qədər mən iştirak eləmişəm. Dedim, onu mənim atamın ifadələri əsasında həbs ediblər? Dedi, yox, 3 nəfər ona qarşı ifadə vermişdi. Biri Hafiz Misgər, ərəbşünas, raykomun işçisi, ikincisi, Fəzail Ağamalı, üçüncüsü, Aydın Hacıyev – atası Mərkəzi Komitənin görkəmli işçisi olmuşdu. Hafiz Hacızadənin əmisi oğlu. O da Diplomatik Akademiyada professor idi, sonra köçüb getdi Moskvaya. Onun ifadələri əsasında yenə bir neçə nəfər DTK tərəfindən tutulmuşdu – müstəqillik illərində.

– O, harada işləyirdi ki?

– Mən bilmirəm. Fəzail Ağamalını tanıyırdım, çünki AXC-də Əbülfəzin tərəfdarlarından idi. Hafiz Misgəri tanıyırdım, çünki o da ərəbşünas idi, mən də ərəbşünasam. Dedim, çox sağ ol, atamın ifadəsi yox idi, dedi, yox, sənin atanın ifadəsinin nə işi var. Durdum səhər gəldim AXC-nin Ali Məclisinin sessiyasına. Yenə məni ifşa etdilər. “Kommunist”, “Moskvanın agenti”, “DTK-nın agenti”, “Əbülfəz bəyin düşməni” və s. və s. Axırda söz istədim. Söz vermək istəmirdilər. Demokratiyaya hazır deyildilər, birtəhər söz aldım. Dedim, Əbülfəz bəy, axı siz səhərdən deyirsiniz ki, sizi atamın ifadəsi ilə həbs ediblər. Axı sizə qarşı ifadə verən Fəzail Ağamalı burada oturub. Zal bir-birinə dəydi.

– Onu ilk dəfə siz deyibsiniz?

– Bəli. Tez ayağa durdu, əlini uzatdı Lenin kimi, dedi ki, Fəzail bəy mənim göstərişimlə onu edib, biz təşkilatımızı qorumaq istəyirdik, ona görə mən ona dedim ki, sən mənə qarşı ifadə ver, amma təşkilatımız qalsın. Dedim, təşkilatınız qalır? Bəs niyə o zaman mənim yaratdığım təşkilata gəlib onu içəridən dağıdırsınız? …Sonra Əbülfəz bəy prezident oldu. Bəndəniz ona “İstiqlal” qəzetində açıq məktub yazdı ki, bəy, mənə qarşı mübarizə aparıb mənə “DTK agenti” deyibsiniz, acizanə şəkildə xahiş edirəm, mənim dosyemi açın, xalq görsün mən necə mənfur casusam. Açın mənim dosyemi, amma öz dosyenizi də açın. Xalq Cəbhəsinin digər rəhbərlərinin də dosyesini açın. Hamının dosyesi var, açın. Bir yazdım açmadı, iki yazdım açmadı, üç yazdım açmadı, axırda dedilər ki, bəy deyir, bu məndən nə istəyir, hey yazır ki, öz dosyeni də aç, mənim dosyemi də aç. Dedi, mən dosyeləri açsam, vətəndaş müharibəsi başlayar. Yazdım ki, bəy, xalqımızdan bədgüman olma. Xalqımızda casusların sayı olsun 5 min, maksimum 10 min. 10 min adam 7 milyonluq xalqa bir şey etməz.

– Zərdüşt bəy, siz də elə hesab edirdiniz ki, arxivlər açılmalı idi?

– Əlbəttə. Açılmadı ki, bu gündəyik də. Mən sizə misal çəkərəm, nə üçün açılmadı. Litva Xalq Cəbhəsi “Soyudis” hakimiyyətə gələndən sonra parlamentin birinci qərarlarından biri qanun çıxarmaq oldu – bu qanun nə demək idi. İstənilən ictimai xadim haqqında KQB arxivinə sorğu vermək olar ki, onun dosyesində nə var. Və məlum oldu ki, “Soyudis”in Ali Seyminin 35 üzvündən 17-si KQB agentidir. O cümlədən “Soyudis”in ideoloqu və baş naziri. Nə baş verdi, vətəndaş müharibəsi oldu? Yox, təbii ki. Bunlar çəkilib ictimai-siyasi həyatdan getdilər. Qurtardı. Nəyi soruşuram, əgər Litva KQB-si “Soyudis”in hakim tərkibinə 50 faiz casus sala bilibsə, bizim ulu öndərin qayğısı ilə yetişmiş Azərbaycan KQB-si Azərbaycan Xalq Cəbhəsinə neçə faiz casus sala bilər? Mən bu sualı verirəm. Heç kəsdən cavab yoxdur.  Deyirəm ki, axı casus o adama deyilər ki, hakimiyyətin xeyrinə hərəkətlər eləsin. Mən hər zaman demişəm: zorakılıqdan qaçın, təkamüllə gedin, demokratiya bizim silahımızdır, xalqla işləyin, xalqa söykənin. Onlar nə deyiblər: vur, yıx, dağıt. Nəticədə nə olub, ordu gəlib güllələyib, gəlib KQB əzib və axırda da hakimiyyətdə KQB-dir. Kim kimdir indi, kim KQB-dir?

***

– Adının çəkilməsini istəməyən tanınmış adamlardan biri soruşur ki, İsgəndər Həmidovla bağlı məsələnin əsli nə idi?

– Əsli o idi ki, mən etnik amildən siyasətdə istifadənin qəti əleyhinəyəm. Sən ermənisən, sən türksən, sən russan, sən talışsan – bunun nə əhəmiyyəti var? Yaxşı insan var, pis insan var.

– Qəzetlə bağlı da sual var: “Məmləkətin ən reytinqli qəzetlərindən olan “İstiqlal” qəzetinin yaradıcısı Zərdüşt bəy oldu. Bunu necə bacardı?” Bəhruz Əsədbəyli soruşur.

– Reytinqli deyildi. Çünki biz 16.000-dən başladıq, gəlib 6.000-ə düşdük. Azalan xətt üzrə getdik. Çünki camaat qalmaqal qəzetləri alırdı…

– Təəssüf, çox yaxşı qəzet idi “İstiqlal” qəzeti.

– Düşünən, fərqli, azad qəzet idi. Mənim oxucularım yazı gətirirdilər. Mən də onları çap edirdim. Bir cavan oxucum gəldi, mənə bir yumoristik yazı verdi. Yazı yazılmışdı pasaj bazarının satıcıları adından. Bəs Pənah bəyə əsaslı hücumlar olur, onu naşılıqda, savadsızlıqda ittiham edirlər, biz pasaj bazarının satıcıları bu fikirlərlə əsla razı deyilik, biz onunla alverçi yoldaşıq, o, bizimlə qarpız satır və biz hesab edirik ki, o, çox gözəl saya da bilirdi, oxuya da bilirdi və s. Mən bunu çap elədim. Pənah bəy mindi cin atına, zəng elədi, mənim atam satıb, qardaşım satıb, mən satmamışam. Dedim, a kişi, ayıbdı satmaq, kənd təsərrüfatı məhsuludur da, nə olar.

– Pənah bəyin özü zəng eləmişdi?

– Bəli, özü zəng eləmişdi: “Mən satmamışam”. Arif Hacıyevlə birlikdə “Azərbaycan” nəşriyyatında görüşdük. Dedim, a kişi, burada təhqir yoxdur, halal zəhmətdir.

 – Bir az ironiya var, başqa nə var ki?

– İroniya var, nə isə. Bir başqa oxucum vardı, çox savadlı fəhlə idi. Dərin Özüllər Zavodunun oksigen hissəsinin işçisi idi, özü tərtərli idi əslən – Nadir Fəridzadə. Orta təhsilli adam idi, amma Azərbaycan ədəbiyyatını və mədəniyyətini elə bilirdi ki, heç bizim ali təhsilli mütəxəssislər o cür bilmirdilər. O mənə bir dənə “Çaynvord” gətirdi. Boş xanalar var, onları doldurmaq lazımdır. Yazılmışdı: “Azərbaycanda o hansı tanınan və məşhur iki qardaşdır ki, siyasi mübarizədə biri deyir ki, mən türk oğlu türkəm, o biri deyir ki, kürd oğlu kürdəm.” Bunu çap elədim. Mənim əqidəmə uyğun gəlirdi. Xanaları dolduranda “Həmidov” olurdu.

– Amma Zərdüşt bəy, böhtan var da burada. Siz indiki gözlə baxanda, 147, 148-ci maddələrə getmir?

– Hansı gözlə? Qulaq as, onu yazan tərtərlidir. Sərdar Həmidov icra başçısı olmaq üçün yığır ətrafına kürdləri, deyir, biz kürdlər götürməliyik rayonu. İsgəndər Həmidov da Daxili İşlər naziri idi, hər yerdə qışqırırdı ki, mən türk oğlu türkəm və s. Burada bir cinayət, təhqir yox idi ki. Pənah Hüseyn götürüb İsgəndərə zəng edir ki, Zərdüşt yazıb ki, sənin ananın iki əri olub. Necə yəni? Görürsən yazıb ki, iki qardaşdan biri deyir türk oğluyam, bir deyir kürd. Bir də gördüm İsgəndər Həmidov iki nəfər polislə kabinetimə gəldi. Gəldilər və hücum çəkdilər. Daxili İşlər naziri şəxsən gəlib. Əvvəlcə gəlirdilər, bizim sosial-demokratlara 1-2 şillə vururdular və qaçıb girirdilər dəlmə-deşiyə. Kişi kimi məni axıra qədər müdafiə edən Müşfiq Tahirov olub. Bizim gənclər təşkilatının sədri. Təbii ki, o, naziri vurmayıb, sadəcə, mənə enən zərbələri öz sifəti və bədəni ilə müdafiə edib. Amma mən vuruşdum onunla.

– Yəni İsgəndər Həmidov gəlib sizi kabinetinizdə vurdu?

– Bəli, bəli. Gəldi, əvvəl ağır bir külqabı vardı, götürüb onu atdı, sonra hücum çəkdi. Yanında bir cangüdəni vardı – 2 metr boyu 120 kq çəkisi vardı. Biri də karateist idi, yumruqları döyənəkli – düşdülər 3 nəfər üstümə. Mən də onlarla vuruşdum. Vuruşdum, pencəyinin yaxasını cırdım, üstündə mənim təpiklərimin izləri vardı, yəni dalaşırdıq. Axırı, qolumu burub apardılar. Gördüm məni maşının baqajına salmaq istəyirlər. Dedim, vurub təpiklə maşını əzəcəyəm. “Mercedes” idi, dövlət maşını – heyfim gəlirdi. Məni arxa oturacaqda oturtdular və “Banditizm”ə qədər vura-vura apardılar.

– İsgəndər Həmidovun özü də maşında idi?

– Yox, özü başqa maşında idi. İki tərəfimdə də polis oturmuşdu, sürücü də hərdən çevrilib yumruqla sifətimə vururdu. Çatdıq ora, orada da çıxdı təpik vurdu mənə, ana-bacı söyüşü söydü, sonra da saldılar məni zirzəmiyə. Qaranlıq bir otağa. Axtardım, bir dəmir parçası tapdım, gələndə vuracaqdım ona. Bir 3 saat mən orada qaldım. Qaranlıq idi, bir işıq ucu belə yox idi. Təmir olunmamışdı deyə yer də daş-kəsək, sement-filan idi. 3 saatdan sonra açıb məni çıxardılar. Bütün üstüm qan idi. Tapançasının dəstəyi ilə vurmuşdu başıma. Onun yeri hələ də qalır (Başının yaralanan hissəsinin qalan izini göstərir – Ə.Z.). Dedilər, əl-üzünü yu. Üzümün, üstümün qanını yudum. Sonra oturtdular bir “Jiquli”yə, məni gətirdilər 28 maya, Rəşid Behbudov döngəsində düşürdülər və dedilər ki, bundan sonra dilini qoy qarnına. Dedim, hə, bilirəm. Gəldim işə. 9 ərizə yazdım. Rayon, Bakı, respublika prokurorluğuna, rayon, Bakı, respublika ali məhkəməsinə, rayon, Bakı və respublika polisinə. Yazdım ki, mənə qarşı cinayət törədilib.

– Prezidentə müraciət elədiniz?

– Yox, nə müraciət edəcəm. Əbülfəz bəy onu bilmirdi ki. Ona deyəndə demişdi ki, mən də elə edərdim, çünki təhqirdir. Nəyi təhqir idi? Yazmışdı ki, hansı məşhur 2 qardaşdır ki, siyasi mübarizədə biri deyir ki, türk oğlu türkəm, biri deyir kürdəm. Təhqir yoxdur. Siyasi mübarizədə etnik amildən istifadə etməzlər, ey insanlar. Bu, milləti bölür. Ondan sonra Arzu xanım gedib Tofiq Qasımovun yanına, Tofiq Qasımov zəng edib İsgəndər Həmidova ki, ay İsgəndər… Bu, Tofiq Qasımovu söyüb, ona ağzına gələni deyib. Tez dəstəyi qoyub yerə. Zəng edib İsaya ki, Arzu xanımı qəbul elə. İsa bəy qəbul edib. Pənah da gəlib ki, görürsən, Arzu xanım, Zərdüşt dilini farağat qoymur. Arzu xanım da deyib ki, o yazıb, sən də yaz. Üstünə adam göndərib döydürmək nə demək? İsgəndər Həmidovu çağırıblar, bir az da yava-yava danışıb. Ondan sonra məcbur olub ki, məni buraxdırsın. Nə qədər ki, hakimiyyətdə idilər mənim şikayətlərimin heç bir xeyri olmadı. Heydər Əliyev gələndən sonra hər şey dəyişdi. İsgəndər Həmidov vaxtilə televizorda deyirdi ki, Heydər Əliyevi cibimə qoyacam, torbaya salacam, amma Heydər Əliyev gələndən sonra dedi ki, camaat deyir ki, mən sənin bacın oğlunam. Deməli, İsgəndər Həmidov Heydər Əliyevin bacısı oğludur, eləmi?

– Deyəsən, siz sona qədər getmədiniz?

– Yox, ondan sonra 2 maddə ilə 400 min dolların mənimsənilməsi iddiası ilə cinayət işi qaldırdılar. 2-ci maddə də mənə qarşı qatı xuliqanlıq maddəsi. Day, pionerlər, komsomollar, kommunistlər, uşaqlıq dostlarım, qonşularım – hamısı gəldilər minnətçi kimi ki, bəs sən onun yanına get. Dedim, yox. Bakı prokurorluğunda görüşdük. Dedim, İsgəndər bəy, xalqı sevirsiniz? Dedi, bəli. Dedim, bax xalqın naminə sən gərək gedib yatasan. Çünki bir görk olsun Azərbaycan tarixində ki, Daxili İşlər naziri jurnalistə əl qaldırır və cəzalandırılır buna görə. Məndən əvvəl sən 4 jurnalisti döymüsən. Hamısının ağzını yağlamısan, mumlamısan, sənin günahından keçiblər. Bəziləri də qorxub keçiblər.

-Biri Mahal İsmayıloğlu idi…

– Biri Mahal, biri Eminbəyli, biri Cahangir Hüseynoğlu. Döyürdü də… Onu döyürdü, bunu döyürdü… Televiziyaya əlində tapança, canlı yayına girirdi, onu hədələyirdi, bunu hədələyirdi. Lotu idi. Dedim, yox, sən yatmalısan. Dedim, bundan sonra bəlkə yenə jurnalistləri döyəcəklər, amma nazir döyməyəcək, sən gedib yatmalısan – millət naminə. Üzr istədi, dedim yox. Nəsə, getdi, iş verdilər ona, mən də getdim, məhkəməsində ifadə verdim. Sonra da getdim İsveçə, seçki texnologiyasını öyrənməyə, Avropada seçkilər idi. Qayıtdım. 8, ya da 9 il yatdı. Sonra Qobustan həbsxanasında təkrar məhkəməsi keçirildi. Elə bütün bu müddət ərzində Arzu xanım onu müdafiə edirdi. O, hamını müdafiə edir, o cümlədən caniləri də. Təkrar məhkəmədə məni çağırdılar. Mən dedim ki, mənə qarşı törətdiyi cinayətin cəzasını çəkib – 4 il. O biri cinayət işinə gəlincə, hansı ki, 400.000 dollar mənimsəyib, 400.000.000 milyon dollar oğurlayanlar 400.000 dollar oğurlayanı ittiham edir. Mən onun tərəfdarı idim ki, onu azad eləsinlər. Xahiş etdim və lazım olan bütün imzaları atdım. Qəfəsdən dedi ki, Zərdüşt bəy, gün olar, hətta biz bəlkə də dost olarıq. Dedim, İsgəndər bəy, gəl, barışaq da. Hakimə müraciət etdim: “Yoldaş hakim, ona yaxınlaşmaq olar?” Dedi, olar. Yaxınlaşdım, o üzündən, bu üzündən öpdüm, dedim, Allah fərəc versin sənə. Çıxdım gəldim, qurtardı. Ondan sonra bir də görməmişəm onu.

– Görüşməmisiniz… Amma barışdınız, eləmi?

– Barışdıq, barışdıq… Amma ki, Azərbaycan demokratik hərəkatına onun vurduğu ziyanı bəlkə erməni vurmadı.

***

– Zərdüşt bəy, gələcəklə bağlı suallar var. Elmidar Əliyev soruşur ki, Azərbaycan olaraq yaxın və uzaq perspektivdə bizi nə gözləyir? Rəşad Məmmədov deyir ki, əgər xalq taleyinə biganə yanaşırsa, Vətən, torpaq duyğuları get-gedə məhv olursa, Azərbaycanın gələcəkdə məhvə məhkum olacağını proqnozlaşdırmaq olarmı? Baba Allahnəzərov deyir ki, nə etməli və nəyi etməməli? Ağarəhim Əsgərov da deyir ki, Zərdüşt bəyin proqnozları doğru olur, insanların bu yaşayışlarını hansı dərmanla müalicə etmək olar?

– O dərmanları bizim möhtərəm ağsaqqallarımız deyiblər: Oxumaq, savadlanmaq, gerçəkliyi düzgün qavramaq və vicdanın səsinə qulaq asmaq. Bunları eləsə, Azərbaycan xalqı yaşayacaq, dövlətini də yaşadacaq, bunu eləməsə, heç bir möcüzə bizi xilas edə bilməz. Çünki faktiki olaraq indi bizi dövlət kimi saxlayan faktorlar nədir; neft və qaz. Neft şelfdə və Abşeronda çıxarılır, hakim zümrə tərəfindən bir hissəsi verilir onların hakimiyyətdə qalması müqabilində xaricilərə, böyük hissəsi mənimsənilir, mənasız tədbirlərə xərclənir, böyük bir hissəsi gedir ciblərə, hansısa xırda qırıntıları da xalqın qarşısına qoyurlar. Bu neft-qaz olmasa, Azərbaycan xalqını birləşdirən hansısa müqəddəs bir amal da olmaz. Vətən sevgisi – yaxşı bu, necə sevgidir ki, kasıb sevir, varlı sevmir, varlı qarət edir. Vətən sevgisi hamı üçün eyni olmalıdır, eləmi? Hansısa bir ümumi məsuliyyət yoxdur. Dövləti biz formalaşdırırıq? Yox. Prezident Aparatında bir ovuc adam deputatların siyahısını yazır, göndərir Məzahir Pənahova, Məzahir Pənahov Dairə Seçki Komissiyalarına, Dairə Seçki Komissiyaları Məntəqə Seçki Komissiyalarına, onlar da deyiləni yazırlar, hamısı da təyinatla gəlib otururlar Milli Məclisdə. Onlar da xalqın adından yox, Prezident Aparatının göstərişi ilə danışırlar. Hər bir deputat danışmaq üçün söz alanda, Oktay Əsədov ona söz versə danışar, söz verməsə, gözünü tökərlər – danışmaq hüququ yoxdur onun.

Ziyalıların mütləq əksəriyyəti ənam qarşısında “dəymə mənə dəyməyim sənə” prinsipi ilə yaşayırlar. Ziyalılığın missiyası bundan ibarət deyil. Ziyalı gərək xalqı düşünsün. Ziyalı Nizami Gəncəvi olub, ziyalı olub Mirzə Cəlil, Mirzə Fətəli, Üzeyir bəy. Bunlar ziyalı olublar. Amma bizim zəmanəmizdə ziyalı çox az tapıldı. Ziyalılar əsasən, axura bağlı insanlardır. Bu axurun da yemini hökumət tökür, təki danışma. Məmur zümrəsi yalnız və yalnız varlanmaqla məşğuldur. Azərbaycan dünya bazarına nə ilə çıxır? Hər şey xaricdən gəlir, amma dünya bazarına neft və qazla çıxırıq. Bir az da qızıl… Vəssalam. Yəni xammalla. Biz əqli işimizin məhsulunu sata bilmirik. Çünki əqli məhsul yoxdur…Ölkənin, elmin həqiqi inkişafı həqiqətin axtarışındadır. Cəmiyyət gərək həqiqəti axtarsın. Bizdə həqiqəti deyənin işi çətindir. Əgər dövlət yalan üstündə qurulubsa, deməli, onun təməli əyridir. Sov.İKP niyə dağıldı? SSRİ qüdrətli dövlət idi. Qüdrətli ordusu, elmi, mədəniyyəti, KQB-si və s. vardı. Amma təməli əyri qoyulmuşdu, demokratiya yox idi və aşdı, öldü, dağıldı. Onu heç kim dağıtmadı. Amerika dağıtmadı, SSRİ hakim zümrənin xəyanəti və xalqın biganəliyi nəticəsində dağıldı. Bizdə də elədir. Xalqın vecinə də deyil indi. Xilasımız ondadır ki, biz gərək şüurlu vətəndaş olaq. Şüurlu vətəndaş olmaq üçün biz gərək savadlanaq. Onun üçün gərək oxuyaq, təhlil edək, danışaq.








loading...


Fikrinizi bildirin