Özil Ərdoğanla görüşü haqda – “Mənim iki ürəyim var” 

Dərc olunub: 22/07/2018 - 18:58

102115Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Londonda görüşüb şəkil çəkdirdiyi üçün Almaniya ictimaiyyəti tərəfindən tənqid olunan “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil ilk dəfə bu məsələylə bağlı fikirlərini bildirib.

Qol.az-ın məlumatına görə, türk əsilli alman futbolçu şəxsi “Twitter” hesabında bunları yazıb:

“Son yarım həftədə bir neçə ay ərzində baş verən hadisələri düşünmək üçün vaxtım oldu. Beləliklə, olanlarla bağlı öz fikir və hisslərimi bölüşmək istəyirəm. Bir çox insan kimi mənim də mənşəyim bir ölkənin hüdudlarından kənara çıxır. Almaniyada böyümüşəm, amma ailəm türkdür. Ona görə də mənim iki – alman və türk mənşəli ürəyim var. Uşaq vaxtı anam mənə hardan olduğumu unutmamağı və buna hörmət etməyi öyrədib. Hansı ki, bu, bugünə qədər düşündüyüm dəyərlərdir.

Mayda Londonda xeyriyyə və təhsillə bağlı bir tədbirdə Ərdoğanla görüşdüm. İlk dəfə isə onunla 2010-cu ildə Berlində keçirilən Almaniya – Türkiyə oyunundan sonra görüşmüşdüm. Həmin vaxt Angela Merkellə birlikdə matçı izləmişdilər. Bilirəm, bizim şəklimiz alman mətbuatında böyük rezonans doğurdu. Bəzi insanlar məni yalan danışmaqda günahlandırsalar da, bizim etdiklərimiz siyasi məqsəd daşımırdı. Dediyim kimi, anam heç vaxt mənə mənşəyimizi, ailə dəyərlərimizi unutmağa imkan verməz.

Mənim üçün Ərdoğanla şəkil çəkdirmək siyasət və ya hər hansı seçim deyil. Bu, mənim ailəmin ölkəsində ən yüksək vəzifəni tutan bir insana hörmətimdir. Mən futbolçuyam, siyasətçi deyiləm və bizim görüşümüz siyasi məqsəd daşımırdı. Mənim üçün prezidentin kim olmağı önəmli deyil. Vacib olan odur ki, bu insan prezidentdir”.

Qeyd edək ki, Londonda “Mançester Siti”nin yarımmüdafiəçisi İlkay Gündoğan və “Everton”un hücumçusu Cenk Tosunla birlikdə R. T. Ərdoğanla görüşən Özil Almaniyada sərt tənqid olunmuşdu.


loading...




Fikrinizi bildirin