Nazirin müflis ortağı Londonda 50 milyonluq sövdələşməni təxirə saldı

İngiltərənin II liqada oynayan “Sheffield Wednesday” futbol klubu bu gün rəsmi press-relizlə çıxış edərək klubun səhmlərinin azərbaycanlı oliqarx, nəqliyyat naziri Ziya Məmmədovun “Hafka” ləqəbli ortağı Hafiz Məmmədova satışına dair sövdələşmənin təxirə salındığını elan edib.

Virtualaz.org saytı klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qərar Hafiz Məmmədovla “Sheffield Wednesday” klubunun prezidenti Milan Mandariç arasında ötən həftənin cümə günü, yəni iyulun 25-də Londonda baş tutmuş görüşünün nəticələrinə əsasən qəbul edilib.

“Hafka” kimi tanınan H.Məmmədov “Sheffield Wednesday” klubunun səhmlərinin 100 faizinə yaxının 50 milyon avroya alınmasına dair razılaşmanı ötən ay bağlamış və klub bu barədə rəsmi açıqlama yaymışdı.

Açıqlamada deyilirdi ki, azərbaycanlı oliqarxla sövdələşməyə əsasən Milan Mandariç klubun səhmlərinin 100 faizə yaxınını H.Məmmədova satmağa razılaşıb, özü isə prezident postunda qalacaq.

“Hafka”nın Azərbaycandakı biznesində ciddi böhran yaşandığı, ona məxsus holdinqin və bankın ödəmə qabiliyyətində olmadığı bir vaxtda oliqarxın İngiltərədə futbol klubu alması təəccüblə qarşılanmışdı. H.Məmmədov bildirirdi ki, klubu almaqda məqsədi Britaniyada Azərbaycanı təbliğ etməkdir.

H.Məmmədovun “Sheffield Wednesday” klubunu 50 milyon avroya aldığına dair xəbərlər onun ötən il Fransada aldığı “Lans” klubunun tərəfdarlarını və rəhbərliyini də müəmmalı vəziyyətlə üz-üzə qoymuşdu. Belə ki, “Hafka” Fransa klubunun büdcəsinə vəd etdiyi transferi ödəyə bilmədiyi halda İngiltərədə yeni klub alırdı.

Lakin daha sonra mətbuata məlum oldu ki, H.Məmmədovun “Sheffield Wednesday” klubun səhmlərini almasına dair sövdələşmə bağlansa da oliqarx hələ pulları verməyib. İndi isə elan edilir ki, “Hafka” bu sövdələşməni təxirə salır.

“Təəssüf ki, səhmlərin alqı-satqısına dair sövdələşmənin nəzərdə tutulan vaxtda tamamlanması Məmmədovun Azərbaycandakı digər biznes maraqlarına diqqəti artırmaq zərurətindən irəli gələn bir sıra mühüm məsələlərə görə baş tutmayacaq” - deyə ingilis klubunun press-relizində bildirilir.

Klub onu da bildirir ki, H.Məmmədov Azərbaycandakı problemlərlə bağlı Londona səfərini planlaşdırdığı vaxtda edə və müqaviləni bağlaya bilməyib. Buna baxmayaraq Məmmədovun müşavirləri klubla daimi təmasda olublar və tərəflər arasında işgüzar atmosfer yaranıb. Açıqlamada bildirilir ki, Milan Mandariçlə H.Məmmədov arasında keçirilən görüşdə “sövdələşmənin yeni mövsümün başlamasına qədər yekunlaşmasına səylər göstəriləcəyi” ifadə olunub.

“Mən bizim tərəfdarlarımızın məyusluqlarını tam anlayıram və biz bu sövdələşmənin yteni mövsümə daha yaxşı formada başlamaq üçün mümkün qədər tez yekunlaşmasını görmək istəyirik” - deyə Milan Mandariç bildirib.

Göründüyü kimi, H.Məmmədov “Sheffield Wednesday” klubunun səhmlərinin alınmasına dair sövdələşmənin şərtini yerinə yetirmək, yəni 50 milyon avronu ödəmək iqtidarında deyil. Bununla belə oliqarx klubun səhmlərindən tam imtina da etmir və onun prezidenti Milan Mandariçi inandırmağa çalışır ki, Azərbaycanda işlərini qaydaya salan kimi pulları ödəyəcək.

Lakin “Lans” klubunun təcrübəsindən məlumdur ki, H.Məmmədov sadəcə olaraq vəd verir və hazırda onun ödəmə qabiliyyəti sıfra enib.

Bəs belə vəziyyətdə “Hafka” İngiltərədə klub almaq işinə niyə girişib bu cür biabır olurdu? Bəlkə oliqarx “Azərbaycanı Avropada təbliğ etmək üçün” necə əldən-ayaqdan getdiyini göstərməklə biznesini xilas etməyə çalışırdı?!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar