Yasamalda onlarla ağacı turşu ilə yandırdılar –  Nazirlik araşdırmaya başladı + VİDEO

Dərc olunub: 23/07/2018 - 19:06

248126_res_01Bakının Yasamal rayonunda, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının qarşısında, Şərifzadə küçəsi 130A ünvanında onlarla şam ağacının dibinə kimyəvi maddəni ötən gecə töküblər. Bu faktı səhər saatlarında hər gün yaxınlıqda dayanıb müştəri gözləyən taksi sürücüləri aşkar ediblər.

Onlar əməkdaşlarımıza bildiriblər ki, ağacların dibində çoxsaylı boş plastik butulkaları görəndə şübhələniblər. Yaxınlaşanda ağacların dibinə sulfat turşusu olduğu ehtimal edilən kəskin iyli kimyəvi maddənin töküldüyünün şahidi olublar. Taksi sürücülərindən biri qablardan birinin dolu olduğunu görüb və mayeni yerə tökəndə onun kimyəvi maddə olduğunun, torpaqla reaksiyaya girdiyinin şahidi olub.

248131_src

Yaxınlıqda yaşayan sakinlər əməkdaşlarımıza deyiblər ki, bu ərazidə ayaq basmağa boş yer qalmayıb, məmurlar bütün boş yerləri, o cümlədən yaşıllıq sahələrini illərdir yaşayış binaları, kommersiya obyektləri tikintisi üçün satıblar. Ötən ildən isə 27 ədəd çoxillik şam ağaclarının olduğu bu kiçik yaşıllıq sahəsinə dikiblər. Onlar deyirlər ki, boş ərazi görən kimi hansısa adamlar oranı tullantılar atmaqla qəsdən zibilliyə, xarabalığa çevirir. Sonra isə ərazi hasarlanır və yerində hansısa kommersiya obyekti peyda olur.

Virtualaz.org xəbər verir ki, az əvvəl əraziyə Yasamal rayon İcra Hakimiyyətinin başçısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yasamal rayon Polis İdarəsinin əməkdaşları gəliblər. Ağacların dibinə atılmış butulkalardan maye nümunələri götürülüb. Məmurlar təxminən 15 dəqiqə sonra ərazini tərk ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanında yaşıllıqların dibinə kimyəvi maddə tökülməsinə reaksiya verib.

248132_src

Nazirlikdən virtualaz.org-a bildiriblər şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən yaşıllıq sahədə müxtəlif cinsli 21 ədəd ağacın qurudulması məqsədilə dibinə mənşəyi məlum olmayan maddənin tökülməsi faktı aşkar edilib. Analiz aparılması üçün ağacların dibindən nümunələr götürülüb. Analizin nəticələrinə uyğun olaraq maddənin ağacların bioloji inkişafına təsiri müəyyən ediləcək və qabaqlayıcı tədbirlər görüləcək.

Sözügedən ağaclara profilaktik xidmət göstərilməsi, dibinin maddədən təmizlənməsi, qorunub mühafizə olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Qanun pozucusunun müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirin görülməsi məqsədilə Bakı Şəhər Polis İdarəsinə müraciət olunub.








loading...


Fikrinizi bildirin