Dini-imanı yalnız pul olanın etibarı olmaz

Dərc olunub: 24/07/2018 - 16:00

eldar-sabiroglu-yeni-300x200Eldar Sabiroğlu

Gizlətməklə iş düzəlməz. Etiraf edin ki, anlaşılması çətin olan bir məmləkətdə ömür sürürük. Qanunları ucuzlaşdıra-ucuzlaşdıra son mənzilə yaxınlaşdırırıq. Niyə belə olur? Axı, dövlətin qan damarıdı, qanun. Bu qana çirkab qatıb dövləti xərçəng xəstəliyinə yoluxdurmaq olmaz! Yıxılar, sonra müalicəsinə dərman tapılmaz.
Yolun yarısından çoxunu getsəniz də, geri dönmək üçün hələ vaxt tam tükənməyib. Sözlərim anoloqu olmayan, həm də “siyasi uzaqgörənlikləri” sirkə küpəsi tək qıcqıran “idioloqlarımıza” xoş görünməyəcək.
Ən azından ermənipərəst damğası hazırdır. Bundan qurtarsaq, şükür edərdik.

Xalq ücün də, dövlətin, Prezidentin özü üçün də onlar bir bəladırlar. İşləri, peşələri yalnız “danos” yazmaqdan, “ev yıxmaq”dan, “baş kəsmək”dən və digər belə hərəkətlərdən ibarət olan bu adamların sədaqəti(!) də saxtadır. Birinci satan elə onlar olacaqlar. Çünki şəxsi maraq belələri üçün hər şeyin fövqündə durur.

Dini-imanı yalnız pul olanın etibarı olmaz. Öıkə rəhbərinin portretlərnii başlarının üstünə asıb, talançılıqla məşğul olanlar ən böyük xəyanətkarlardı. Mingəçevir İES- lə bağlı keçirilən müşavirə bizim təsəvvür edə bilmədiklərimizi də açıb göstərdi. Prezidentə yalan danışanların cəzası oradaca verilməli idi. Lakin boş buraxıldı…Başqa nümunələr də var.

Keçmiş Rabitə Nazirliyində baş verən cinayətləri yəqin ki, unutmamısınız. Buradakı ağlasığmaz talanları dilə gətirməyə adam sadəcə utanır. Bəs ləğv edilmiş MTN-dəki rüşvətxorluğu, şantaj yolu ilə insanların var- dövlətini əlindən alıb, yüzlərlə ailəni gözüyaşlı qoyan “qəhrəman çekist”lərimizin qaralmış vicdanları üzərindəki ləkələri necə təmizləyək?! Buna baxmayaraq hər iki qurumun rəhbəri azadlıqdadır.

Təsəvvür edin, RN-də yulsək vəzifəli şəxslər 30-50 min civarında “paket” alırmışlar. Burnunuzdan gəlsin. Hardan idi bu pullar? Göydənmi yağırdı? Yox. Sovrulan dövlətin vəsaiti idi.

Bir boynuyoğunun aylıq aldığı “paket” yüzlərlə müəllimin illər boyu aldığı maaşdan daha çox imiş. Nazir müavinləri də eyni məbləğdə aylıq qeyri-rəsmi maaşla təmin olunurmuşlar. Beləliklə, uzun-uzadı istintaq getdi, məhkəmə quruldu. Həbsə atılanlar oldu, hətta bir neçəsinin cəzasını yüngülləşdırdilər, bəzilərinə isə heç “gözün üstə qaşın var” deyən də olmadı. Sonra da açıb buraxdılar.

Təbriklər! Çox əla! Ölkədəki ədalətin, qanunun üstünlüyünü anladığınız tərzdə  – bu cür də qorumaqda davam edin. Xeyir Allahdan!..

Məmləkətdə birisi milyonlarla oynayır, dəyib dolaşan yoxdur. Birisini isə 3-4 min manata görə ( halbuki bu da olmayıb) xirtdəyini üzüb, nəfəsini kəsirlər. Oğlum olduğuna görə demirəm. Şərlənərək 9 il azadlıqdan məhrum edilən müstəntiq Rüfət Səfərov hansı günahın sahibi idi ki, onunla bu cür qəddarcasına davrandılar. Hökumətin yaralı yerinə toxunmuşdu, ona görəmi?

Bəli, müstəntiq günaha “batmışdı”. Ölkədəki qanunsuzluqlara, rüşvətxorluğa, korrupsiyaya etirazın cavabının nə olacağını öncədən gözardı etməliydi. Rəhmətliyin nəvəsi, sənin nəyinə qalmışdı ki, günün günorta çağı bu hökumətin qüsurlarını deyib,  özünü bəlaya salasan? Başını aşağı salıb sən də bir yandan xımır-xımır işini görəydin…








loading...


Fikrinizi bildirin