Ölümün əlindən tutanlar…

Dərc olunub: 26/07/2018 - 21:04
|
Bölmə:
1061 dəfə baxılıb

1511503592Sona Əliyeva
Millət vəkili

Son zamanlar az qala hər gün bir intihar hadisəsi haqqında xəbər oxuyuram. Təəssüf ki, intihar edənlərin əksəriyyəti gənclərdir. Bugün abutiruyentlərin sonuncu imtahanıdır və içimi təşviş bürüyüb, gənclərin hər kiçik məğlubiyyətdən sarsılıb həyatla vidlaşmaq istəməsi məni çox qorxudur...

Əslində məğlubiyyət də deməyək, məqsədlərinə çatmayanda, hər şey arzuladıqları kimi olmayanda və eqoizmləri xarakterlərinə güc gələndə… Bəs biz harada səhv etdik, harada yanıldıq və gəncliyimizi belə zəif yetişdirdik… Bəlkə, məğlubiyyətlərimizin qələbələrimizdən çox olduğu həyatımızda övladlarımıza hər istədiyini verdik, xəyallarını doğrultduq, eqoizmlərini bəslədik, inciməyə, ağrımağa qoymadıq, zəhmətə alışdırmadıq... Bəlkə, daha çox təyziq göstərdik, daha yaxşı nəticələr istədik, olmazların mümkünlüyünü tələb etdik və bütün bunların içərisində onları dinləməyi unutduq. Onların istədiklərinin yox, öz arzularımızın reallaşmasını arzuladıq, dost, bacı, qardaş olmağı unutduq, başqa qapılarda başqa çarələr axtarmasına nail olduq… Eqoistliyimiz imkan vermədi, çünki bizim yalançı zəfərlərin verdiyi eyforiyada övladlrımızı az-az necə itirdiyimizi, bizdən uzaqlaşdığını hiss etmədik…

İndiki zamanda yaşantıların dünyasında yaşamağa, arzuların qanadında xəyalları fəth etməyə dəyməzmi? İnsan olaraq sevdiklərimizi etməyə və bundan aldığımız gücdən ruhlanaraq dünyaya mərhəmət və sevgi bəxş etməyə gəlmədikmi? Təəssüf ki, onsuz da gərgin olan həyatımızı daha gərginləşdirməkdə, düşünmədən, hiss etmədən yaşamaqda davam edirik və belə yaşadıqca bütün dəyərləri və dəyərliləri itirməyə addım-addım yaxınlaşırıq. Gəlin, gənclərimizin səsini duyaq, arzularını bilək, xəyallarına ortaq olaq və övladlarımızla dostlaşaq, qoy onlar ölümün əlindən yox, bizim qolumuzdan tutsunlar, bizə sığınsınlar, bizdən güc alsınlar…. bunun düsturu çox sadədir… İcazə verin, övladlarınız arzularının arxasınca getsinlər və bu yolda yeganə dostları siz olun!!!”

Qüyd: Bu yazını yazma səbəbim, Sumqayıtda az bal yığdığına görə intihar edən və daha sonra eyni yerdə övlad sarsıntısına dözməyib intihar edən ananın faciəsindən təsirlənməyimdir… Biz cəmiyyətimizin üzvlərini çox primitiv və sadə səbələrdən itirdik, halbuki hər şey çox yaxşı ola bilərdi…”

AzPolitika.info


loading...




Fikrinizi bildirin