"Ermənilər artıq öz müqəddəratını təyin edib"

İtaliyalı jurnalist Qarabağdan yazıb

İtaliyalı jurnalist Dağlıq Qarabağdan yazıb. “l'opinione” xəbər saytında daha öncə ermənipərəst “Qarabağ üçün İtaliya təşəbbüsü” tədqiqat qrupu tərəfindən hazırlanan və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saxta faktların yer aldığı məqaləyə cavab olaraq həmin saytda italiyalı jurnalist Romulus Martelloninin “Dağlıq Qarabağ və həqiqi faktlar” sərlövhəli yazısı yerləşdirilib.

Jurnalist bildirir ki, onun əvvəllər də dərc edilən yazıları real faktlar və obyektiv məlumatlara əsaslanıb. “Mən daha əvvəllər də Dağlıq Qarabağ problemi ilə bağlı yazdığım bütün məqalələri Azərbaycan tərəfinin məlumatları əsasında deyil, beynəlxalq təşkilatların sənədləri, hamının bildiyi və qəbul etdiyi real faktlar əsasında hazırlamışam. Həmişə bu münaqişənin səbəblərini obyektiv araşdırmağa çalışmışam”.

Erməni yönümlü tədqiqat qrupunun nümayəndələrinə cavab olaraq müəllif yazır: “Diqqətinizi mühüm beynəlxalq təşkilatların müvafiq məsələ ilə bağlı bəyan etdiyi həqiqətlərə yönəltmək istərdim. Bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisi kimi göstərilir. Münaqişə nəticəsində bir milyon azərbaycanlı öz doğma yurdlarından didərgin düşüb.

BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Avropa Şurasının, Avropa Şurası Parlament Assambleyasının sənədlərini, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin birgə bəyanatlarını mən özüm əldə edərək reallığın şahidi olmuşam. Xocalı hadisələrinə gəldikdə isə bu barədə də Azərbaycan mənbələrindən istifadə etməyə ehtiyac yoxdur. Erməni qüvvələri tərəfindən Xocalı soyqırımı törədildikdən sonra “Human Rights Watch” təşkilatının hesabatında, “The Herald”, “The New York Times” və digər məşhur qəzetlərdə bu faciə ilə bağlı ətraflı məlumatlar yer alıb. Nüfuzlu “Reuters” agentliyinin fotomüxbiri tərəfindən Xocalı soyqırımına dair çəkilən şəkillər, digər mətbu orqanların məqalələri və lentə alınan videolar, saysız hesabsız məqalələr bu soyqırımı haqqında ətraflı məlumat almağa kifayət edir. Xocalı faciəsinin ABŞ-ın bir neçə ştatı, Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çex Respublikası və İordaniya parlamentləri tərəfindən artıq soyqırımı kimi tanınmasına dair sənədlər qəbul edilib”.

R.Martelloni bildirir ki, Azərbaycan ilə bağlı tənqidi məqamlar səslənən zaman bu ölkədə müstəqil medianın fəaliyyət göstərdiyini, internetdən istifadənin tam azad olduğunu, KİV-lərin sayının getdikcə artdığını unutmaq lazım deyil. “Nə üçün 1999-cu ildə Ermənistan parlamentinin sessiyası zamanı bu ölkənin baş naziri və bir sıra siyasətçilərin öldürülməsi faktı qeyd edilmir?! 2008-ci ildə isə Ermənistanda parlament seçkilərinə etiraz olaraq nümayişə çıxan 10 nəfər öldürülüb. Bütün bu hadisələr məhz Ermənistanda baş verib, Azərbaycanda deyil”, - deyə o vurğulayır.

Müəllif qeyd edir ki, ermənilər artıq öz müqəddəratını təyin edib və beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Erməni xalqının öz müqəddəratını təyin etmək məsələsinə gəldikdə isə artıq 1991-ci ildə Ermənistan dövləti yaratmaqla siz öz müqəddəratınızı təyin etmisiniz. Beynəlxalq birlik Dağlıq Qarabağı və ətraf yeddi rayonu Azərbaycan ərazisi kimi tanıyır. Beynəlxalq hüququn bu prinsipinə hörmətlə yanaşmaq peşəkar jurnalist kimi mənim borcumdur”.  /AzərTAc

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar